Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad olunmuş rayonlarımızın bərpası dövlətimizin xüsusi diqqət mərkəzindədir

Prezident İlham Əliyev Azərbaycana rəhbərliyinin 17 ili ərzində prinsipiallığı və yenilməz iradəsi ilə Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib. Əvvəlki illərdə İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə həyata keçirilmiş iqtisadi layihələr, bir sıra Qərb və Şərq ölkələri ilə qurulmuş geniş və faydalı iqtisadi-ticari əlaqələr bu fikri təsdiq edir. İctimaiyyətimiz bunu Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan baş nazirinin 10 noyabr tarixli bəyanatından da əyani şəkildə görüb. Bəyanatda göstərildiyi kimi, Azərbaycan heç bir canlı qüvvə və hərbi texnika itkisinə yol vermədən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını azad edib. Bu barədə fikrini bildirən Milli Məclisin deputatı İqbal Məmmədov dedi:

– Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat uğurla icra edilir. Artıq cəbhədə tam sakitlik bərpa olunub, atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə Türkiyə–Rusiya birgə mərkəzi yaradılıb. Növbəti 3 ildə Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olunacaq. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də Azərbaycana qaytarılacaq. BMT-nin nəzarəti altında məcburi köçkünlər Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam edir. 
Bundan əlavə, artıq Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılacaq. Naxçıvana dəhlizin açılması məsələsinin nə qədər mühüm tarixi nailiyyət olduğunu izah etməyə ehtiyac yoxdur. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Naxçıvanla nəqliyyat əlaqəsi qurulur. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də  yeni nəqliyyat damarı yaradılır. Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvanla, eləcə də qardaş Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. 
Bütün bunlar barədə Azərbaycan Prezidenti Laçının azad edilməsi ilə əlaqədar xalqa müraciətində geniş söhbət açıb. Təbii ki, dövlət başçısı əvvəlcə işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərədən danışaraq bildirib ki, hər tərəf dağıdılıb, infrastruktur məhv edilib, binalar sökülüb, inzibati binalar yerlə-yeksan edilib. Ağdamda da, Kəlbəcərdə də, elə Laçında da vəziyyət bu cürdür. Hazırda həmin ərazilərdə yaşamaq üçün şərait yoxdur. Prezident deyib: “Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli–Şuşa avtomobil yolunun, Bərdə–Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır”.
Qeyd etməliyik ki, azad edilmiş rayonların iqtisadi potensialı, kənd təsərrüfatı, eləcə də turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev qeyd etdi ki, biz bu potensialdan məharətlə istifadə edərək, Qarabağ bölgəsini nəinki Azərbaycanın, eləcə də bütün dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik. Bunun üçün bütün addımlar atılacaq. Bu isə həmin bölgələrdə yaşayan insanlar, o cümlədən, Dağlıq Qarabağda məskunlaşmış ermənilər üçün  yeni perspektivlər açacaq. Təbii ki, təkcə azərbaycanlılar deyil, Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilər də ölkəmizin sosial-iqtisadi qüdrətindən faydalana biləcəklər. 
Eyni zamanda, Azərbaycan liderinin dediyi kimi, artıq bölgədə yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Düşmən torpaqlarımızdan qovulub. Azərbaycan 27 ildən bəri kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib: “Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik... Noyabrın 10-da imzalanmış bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”.
İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan xalqı erməni vəhşiləri tərəfindən dağıdılmış rayonlarımızın bərpasını uğurla həyata keçirəcək. Əldə olunmuş böyük qələbədən sonra, hesab edirik ki, bu prosesdə bütün xalqımız yaxından iştirak edəcək.  
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

3 Dekabr 2020 00:27 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 İyul 2022 | 10:47
Neft bahalaşıb
4 İyul 2022 | 14:05
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə