Ən son xəbərlər
Qəhrəman Azərbaycan Ordusu 44 gün böyük bir mücadilə apardı. Türkiyənin, bütün Türk dünyasının ürəyi Qarabağda idi. Şəxsən mənim ürəyim bu günlər ərzində Qarabağla döyündü. Kaş bir az gənc olaydım, Qarabağa gedib düşmənə qarşı, qardaşlarımızla çiyin-çiyinə Vətən müharibəsinə qatılardım. Bu fikirləri İpək Yolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfulla Türksoy bildirib.
Seyfulla Türksoy qeyd edib ki, hazırda tarixi günlər yaşayırıq. Şuşa azadlığına qovuşub. Şanlı Azərbaycan Ordusu Şuşanı azad edib. İşğal edildiyi gündən bəri içimizdə bir yaraya çevrilən Qarabağ əsl sahibinə qovuşub. Buna görə Allaha şükürlər olsun. İşğalda olan Zəngilan, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Hadrut, Kəlbəcər azadlığına qovuşub. Laçın da bu günlərdə bizdə olacaq.
Qarabağ tarixən Azərbaycanın, qədim türklərin torpağı olmuşdur. Hamının bildiyi kimi, Qarabağda ermənilərin məskunlaşması XIX əsrə gəlib çıxır. Çar Rusiyasının türk xalqları arasında bufer zona yaratmaq cəhdləri nəticəsində bu ölkə yaranmışdır. Osmanlı imperiyasından, həm də İrandan gətirilən ermənilər həm Qarabağa, həm də indiki Ermənistan adlanan tarixi türk torpaqları Qarabağa və digər bölgələrimizə yerləşdirilmişdir. 1917-ci il boşevik inqilabından sonra bu proses bir az da sürətləndi və uzunmüddətli bir plan hazırlandı. Bu məkanda 1828-ci ildə əhalinin 85 faizi müsəlman türklərdən ibarət olsa da, sovetlərdən sonra türk əhalinin sayı azaldıldı. Lakin buna baxmayaraq, 1920-ci illərdə indiki Ermənistan ərazisində azərbaycanlı əhali yenə də çox idi. Sonrakı illərdə həmin sistematik basqılar, köçürülmələr davam etdi. 1988-ci ildən sonra bu proses yenidən sürətlə həyata keçirilməyə başladı. Ermənistan artıq işğala əl atdı. Bundan əlavə, 1992-ci ildə ermənilər tərəfindən Xocalıda 613 nəfərin ölümü ilə nəticələnən soyqırımı həyata keçirildi. Dünyanın gözü qarşısında baş verən bu insanlıq cinayətinə, təəssüflər olsun ki, o zamankı dünya susmaqla “reaksiya verdi”. Təəssüf ki, həmin illər Türkiyədə koalisiya iqtidarı idi, güclü iqtidar yox idi. Azərbaycanın qəhrəman xalqı olsa da, iqtidarı səriştəsiz, silah təminatı, təchizatı zəif idi. Ermənilər isə lobbilərinin dəstəyindən istifadə edərək cəbhədə müvəqqəti uğurlar qazandılar və Qarabağı itirdik.
S. Türksoy onu da əlavə edib ki, Allaha şükürlər olsun ki, bu gün qarşımızda güclü Azərbaycan var, güclü Türkiyə var. Vaxt-vədə yetişdi və Azərbaycan öz torpaqlarına sahib çıxmağa qərar verdi. Türkiyə də sona qədər can Azərbaycanın yanında oldu. Hər yerdə Azərbaycanın haqq səsi oldu. Məlumdur ki, düşmənimiz birdir. Ermənilər Azərbaycanla yanaşı, Türkiyəyə də düşmənçilik edirlər. 30 illik müddətdə gördük ki, erməniərin bu torpaqlarını qaytarmaq fikirləri yoxdur. Azərbaycan səbr etdi, sülhə sadiq qaldı, Dağlıq Qarabağ həqiqətlərini dünyaya tanıtdı və nəticədə dünya Ermənistanın yalanlarına əvvəlki kimi inanmadı. Azərbaycan həm hərb sahəsində, həm də diplomatiyada ermənilərə qalib gəldi. Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev dəfələrlə müsahibələrində də bildirdi ki, biz hər zaman sülh üçün çalışdıq, onlara fürsət verdik ki, bizimlə konstruktiv davransınlar, torpaqları qaytarsınlar. Lakin Ermənistan öz aqressiv, təcavüzkar siyasətini davam etdirdi. Bu dəfə isə torpaqlarını erməni quldurlardan təmizlədi. Şuşanın işğaldan azad edilməsi ilə ermənilərə sarsıdıcı zərbə vuruldu. Bu qələbə həm Azərbaycanda, həm də Türkiyədə böyük coşqu və ruh yüksəkliyi, sevinc sədaları ilə qarşılandı.
Mərkəzin rəhbəri sonda vurğuladı ki, Azərbaycanın möhtəşəm qələbəsi ilə bağlı İpək Yolu Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İstanbulun görməli məkanlarından birində bayram tədbiri gerçəkləşdirəcəyik. Türk dünyasından tanınmış isimləri bu böyük tədbirə dəvət edəcəyik. Qoy həmin tədbir də bizim qələbəmizə kiçik də olsa bir töhfəmiz olsun.
Anar TURAN, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə