Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbə daha səmərəli fəaliyyət göstərməyimizə stimul verir

İyirmi ildir ki, ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü kimi qeyd olunur. Amma builki bayram bütün ədliyyə orqanlarında əvvəlkilərdən daha böyük ruh yüksəkliyi ilə keçirilir. Çünki bayram bayrama qarışıb. Artıq bir neçə gündür ki, xalqımız 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş doğma Qarabağımızın mənfur düşməndən təmizlənməsinin – Böyük Qələbəmizin və Böyük Qayıdışımızın sevincini yaşayır. Biz ədliyyə işçiləri də Vətən müharibəsində qazanılan qələbədən duyduğumuz fərəhi Müzəffər Ali Baş Komandanımızın və qəhrəman hərbçilərimizin peşə bayra­mımıza əvəzsiz hədiyyəsi, töhfəsi sayırıq.

Təsadüfi deyil ki, son günlər həmkarlarımın ayrı-ayrı mətbu orqanlarda dərc edilən məqalələri, müsahibələri əzəli torpaqlarımızın azadlığına qovuşmasından doğan nikbin bir ovqata köklənib. Bu da təbiidir, çünki hamılıqla illərcə həsrətini çəkdiyimiz gün gəlib, Qarabağımızın hər yerində – Şuşada, Füzulidə, Hadrutda, Cəbrayılda, Zəngilanda Qubadlıda, Ağdamda, kənd və qəsəbələrimizdə, ən uca zirvələrdə artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır. Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları və əslində təcavüzkar Ermənistan üçün sırf kapitulyasiya sənədi olan məlum bəyanatın şərtlərinə görə, qarşıdakı günlərdə Kəlbəcər və Laçın da bizim nəzarətimizə keçəcək və Qarabağ torpaqlarında dövlətimizin yurisdiksiyası tam həcmdə bərpa ediləcək. 90-cı illərin əvvəllərində erməni quldur dəstələri tərəfindən törədilən total etnik təmizləmənin qurbanı olmuş azərbaycanlılar öz dədə-baba yurdlarına, doğma evlərinə qayıdacaqlar. Hazırda sülhməramlı qüvvələrin müvəqqəti nəzarətinə verilən ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi və ərazidən çıxarılması həyata keçirilir, torpaqları zəbt edən yad ünsürlər müəyyənləşdirilir və oradan uzaqlaşdırılırlar.

Böyük Qələbə, ilk növbədə, haqqın, ədalətin zəfəri, vətəndaşlarımızın konstitusion hüquqlarının bərpası və beynəlxalq hüququn təntənəsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, ordumuzun peşəkarlığı, düşmənə qarşı qanlı döyüşlərə atılmış qeyrətli əsgər, gizir və zabitlərimizin, vətən yolunda tərəddüd etmədən canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı sayəsində biz bu böyük xoşbəxtliyə qovuşmuşuq. Elə biz ədliyyə və məhkəmə işçiləri də Vətənin əsgərləriyik: qanunçuluğun keşiyində dayanmaqla xalqımıza sədaqətlə xidmət edir, vətəndaşlarımızın hüquqlarını qoruyuruq.

Bu əlamətdar günlərdə Azərbaycan ədliyyəsinin yüksəlişi üzrə ardıcıl olaraq görülən məqsədyönlü tədbirləri, habelə bu sistemin şərəfli tarixi və inkişaf dövrlərini xatırlayır, çox nikbin qənaətlərə gəlirik. 1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq etmişdir və bir əsrdən artıqdır ki, ölkəmizin haqq-ədalət carçıları qanunun aliliyi məramını uğurla gerçəkləşdirirlər.

Əbədiyaşar liderimiz Heydər Əliyevin qayğısı ilə mükəmməl bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni nailiyyətlərə imza atır. Biz hər il peşə bayramı ərəfəsində yaddaqalan tədbirlər keçirir, sanballı işlərimizi, uğurlarımızı sərf-nəzər edirik. Ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilir, həmçinin erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar edilir. Bu dəfə isə onları qaçqın adının üstlərindən götürülməsi münasibətilə təbrik etməkdən, düşmən təcavüzündən qurtarmış ərazilərimizdə üçrəngli Azərbaycan bayraqlarının qaldırılmasından hədsiz qürur duymaqdayıq.

Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü müdrik daxili və xarici siyasət sayəsində ölkəmizin tərəqqisi davamlı səciyyə daşıyır, möhkəm sabitlik və təhlükəsizlik təmin edilib. Ədliyyə və məhkəmə sistemində aparılan islahatların uğur amili xüsusilə yüksəkdir. Azərbaycan ədliyyəsi sürətlə təkmilləşib, onun səlahiyyətləri daha da genişlənib, cəmiyyətdə yeri və rolu xeyli artıb. Qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında bu orqanların əməli fəaliyyəti danılmazdır.

Bizim bəxtimiz onda gətirib ki, ötən əsrin 90-cı illərində dünya şöhrətli siyasətçi Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini real məhvolma təhlükəsindən xilas edib, ölkədəki qeyri-sabitliyin, siyasi hərc-mərcliyin qarşısını alıb, qazandığımız müstəqilliyi əbədi, dönməz və sarsılmaz edib. Ulu öndərin əziz xatirəsinə ehtiramımız böyükdür. Möhtərəm Prezidentimiz İlham Əliyev isə ulu öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycanın qüdrətini durmadan artırıb. Vətən müharibəsinin aktiv fazasında, ayyarım ərzində doğma Qarabağımızın təcavüzkar Ermənistanın işğalından tamamilə azad edilməsi 17 illik gərgin siyasi-diplomatik səylərin, ordumuzun güclənərək dünyanın ən müasir, ən qabil və qadir ordusu kimi pərvəriş tapmasının nəticəsi, sarsılmaz dövlət-xalq birliyimizin təntənəsidir.

Ali Baş Komandanın ötən illərdə və ikinci Qarabağ müharibəsində haqq işimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və düşmənin işğalçı siyasətinin alt-üst edilməsi yönümündə apardığı uğurlu diplomatik və təbliğati fəaliyyəti dünyada ictimai fikrin düzgün formalaşmasına xidmət etdi. Azərbaycan rəhbəri özünün qətiyyətli davranışları, dərin təhlilləri, gündəlik müsahibələri ilə düşmənin kimliyi barədə əsl həqiqətləri ard-arda ortaya qoydu. Ermənistanın zora, havadar köməyinə, cəzasızlıq arxayınçılığına əsaslanan hərbi-siyasi mahiyyətini, necə deyərlər, bənd-bənd dünyanın müzakirə predmetinə çevirə bildi. Tez-tez heç bir məntiqə söykənməyən gülünc bəyanatlar verən, özündən müştəbeh, hərdəmxəyal baş nazir Nikol Paşinyan və onun üzdəniraq hakimiyyət komandasının üzvləri bütün bunlardan elə ciddi dərs aldılar ki, çətin bir də özlərinə gəlib toparlana bilsinlər. Obrazlı şəkildə desək, cənab İlham Əliyev ikinci Qarabağ savaşı ilə nikolların hiyləgər, məkrli niyyətlərinə adi nöqtə deyil, böyük bir nida işarəsi qoydu. Qalib Azərbaycanın irəli sürdüyü şərtlər məğlub Ermənistan tərəfindən sözsüz və birmənalı qəbul edildi.

Bir hüquqşünas kimi qeyd etməyi vacib sayıram ki, dövlətimizin başçısı həmin günlərdə dünyanın aparıcı telekanallarına, qəzet və saytlara verdiyi müsahibələrdə beynəlxalq hüququ çox dərindən bildiyini, təcavüzkar Ermənistandakı, eləcə də müəyyən tapşırıqlarla köntöy və naqolay suallar verən bəzi xarici jurnalistlərin təmsil etdikləri ölkələrdəki haqsızlıqlardan hərtərəfli xəbərdar olduğunu dilə gətirərək onları susdurdu. Hər kəs dünyanın ikili siyasət üzərində bərqərar olduğuna bir daha inandı. Düşmən ölkənin yalan təbliğatına uyanlar, ona qahmar çıxanlar da eşidib bildilər ki, ermənilərin nə düz-əməlli milli tarixi, nə öyünməli halal vətəni, torpağı var, nə də mədəni keçmişi olub. Qapılarda sülənib gəzə-gəzə özünə gün ağlamaq, qaşına-qaşına ocaq başına keçmək, cürbəcür imitasiya oyunları çıxarmaq, kürəklərə xəyanət bıçağı saplamaq onların mənfur xislətindən irəli gəlir.

Azərbaycanın halal haqqı olan qələbəsi qarşı tərəfin özü haqqında uydurduğu “məğlubedilməzlik” mifini birdəfəlik heçə endirdi. Bu müharibədə biabırcasına uduzan düşmənin namərd əxlaqı bir daha özünü göstərdi. Döyüş meydanlarında, səngərlərdə Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən qorxub qaçan, hərbi texnikasını və silah-sursatını atıb fərarilik edən dırnaqarası qəhrəmanlar müharibə qanunlarına zidd olaraq cəbhə xəttindən uzaq şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya topları ilə atəşə tutur, dinc əhalini hədəf seçirdilər. Acınacaqlı olsa da, dəqiq faktdır ki, sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan tərəfindən Azərbaycana 30 mindən artıq mərmi atılıb. 94 mülki şəxs qətlə yetirilib, 400-dən artıq şəxs yaralanıb. 28 abidə, 50 məktəb dağıdılıb. Amma bütün bunların düşmənə heç bir xeyri olmadı. Biabırçı məğlubiyyətdən qaça bilmədi, necə ki, törətdiyi vandalizm aktlarına, mülki obyektlərə, təbiətə vurduğu ziyana görə haqq divanından da qaça bilməyəcək.

Bu günlərdə Füzuli və Cəbrayıla səfər edən Prezident İlham Əliyev orada törədilmiş barbarlığın təfərrüatlarına da diqqəti cəlb edib. Bildirib ki, işğal edilmiş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıb, şəhərləri yerlə-yeksan edib, evləri, məktəbləri yandırıb, ağacları, elektrik xətlərini qırıb. “Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib” – deyən dövlətimizin başçısı ermənilərin 30 il ərzində ərazilərimizə vurulan ziyana, törədilən vandalizmə, vəhşiliyə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini bildirib.

Bizim qələbəmiz isə məhz mərdanə mübarizəmizin məntiqi nəticəsidir. İkinci Qarabağ müharibəsi Azərbaycanın şərəf tarixində yeni səhifələr açdı. Möhtərəm Prezidentimizin yeritdiyi düzgün strateji xətt qələbənin təmin olunmasına misilsiz töhfələrini verdi. Həm də səmərəsiz sülh danışıqlarının illərcə uzanmasına hansı dairələrin bilərəkdən göz yumduğuna, status-kvonun ermənilərlə yanaşı, daha kimlərin marağına xidmət etdiyinə aydınlıq gətirdi. Hər kəs şahidi oldu ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasının təmin edilməsində işğalçı Ermənistanla yanaşı, çoxları maraqlı deyilmiş...

Bu tarixi günlərdə xalqımıza qələbə sevinci bəxş edən Prezident İlham Əliyevə və xilaskar ordumuza bir daha minnətdarlıq edirik. Sonsuz qədirbilənlik duyğusu ilə bildiririk ki, faşist ideologiyalı Ermənistan rəhbərliyini həm döyüş meydanlarında, həm də danışıqlar masası arxasında diz çökməyə məcbur etmiş Müzəffər Ali Baş Komandanımız da, Vətən müdafiəçilərimiz də əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Düşmən ordusu darmadağın edilərək tam məğlub durumda geri çəkilməyə məcbur oldu. Beləliklə, 30 illik haqsızlığa, zülmə, məhrumiyyətlərə son qoyuldu, tarixi ədalət birdəfəlik bərpa edildi.

Peşə bayramımız, bax, belə unudulmaz günlərə təsadüf edir. Son illərdə ölkəmizdə məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı Fərmanda məhkəmələrin işinin müasir çağırışlara uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi qanuni tələb kimi rəsmiləşib. Məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması yönümündə verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Ötən dövr ərzində ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna önəmi olan dövlət sənədinin icrası çərçivəsində həyata keçirilmiş mühüm dəyişikliklərin, eləcə də yeni müstəvidə dəyişən hüquqi konfiqurasiyanın şahidi oluruq. Digər mühüm istiqamət ədalətli məhkəmə araşdırılması hüququnu tam təmin edən məhkəmə ekspertizası fəaliyyətinə aiddir. Məhkəmələrdə baxılan bütün işlərin təkmil prosedurlar əsasında aparılması keyfiyyət göstəricilərinə müsbət təsir edəcəkdir.

Qeyd etmək xoşdur ki, işğaldan azad olunmuş ərazilərimizdə tezliklə ədliyyə və məhkəmə qurumları da öz peşə fəaliyyətlərini uğurla icra edəcəklər.

Böyük inamla bildirmək istəyirəm ki, hər birimiz bundan sonra da ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalacaq, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində Prezidentimizə layiq yardımçı olacağıq.

İlqam HƏSƏNQULİYEV,
Yardımlı Rayon Məhkəməsinin sədri

 

21 Noyabr 2020 14:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə