Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qətiyyətli liderin möhtəşəm qələbəsi

22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı Günüdür

Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa 9 oktyabr 2020-ci il tarixli müraciətindən


Aqillər deyiblər: “Yurd sevinci elə bir dəyərdir ki, o gələndə, bütün başqa hisslər ikinci dərəcəli olur”. Mən özümdə bu qiymətli kəlama əlavə etmək cəsarəti tapır və demək istəyirəm: Doğma yurdun yağı tapdağından azad edilməsinin yaratdığı sevincin tayı-bərabəri olma­yıb və olmayacaq. Ona görə də, Ədliyyə işçilərinin peşə bayramı münasibətilə qələmə aldığım bu sətirlərin Dağlıq Qarabağın və işğal edilmiş ətraf rayonlarımızın erməni əsarətindən azad edilməsi xəbərinin sevinci ilə başla­mağım tamamilə təbiidir.

Təbii olan başqa bir məqam isə ondan ibarətdir ki, həmin zəfər barədə danışarkən, mütləq ulu öndər Heydər Əliyevin “ Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olacaq. Ancaq bunun üçün zaman, vaxt lazımdır” ifadəsi yada salınmalıdır. Doğrudan da, bu qələbənin yolunu çox gözləməli olduq. Daha doğrusu, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev milli tariximizin ən şərəfli səhifələrindən olan “düşməni sülhə məcbur etmək əməliyyatları”nın nə zaman, necə reallaşdırılacağını hamıdan yaxşı bilirdi.

Cənab İlham Əliyev barədə danışarkən, xüsusilə vurğulamalıyıq ki, o, həmişə qalib gəlməyi bacarır. O, xalqın inamına, dəstəyinə güvənir, həmişə öz layihələrinin müsbət nəticələrinə sevinə bilir. Çünki özünə inanır, öz gücünü, qətiyyətini, iradəsini lazımınca qiymətləndirir. Dəfələrlə şahidi olmuşuq ki, rəqibləri onun qələbəsini etiraf etməli olublar. 2003-cü ilin payızından sonra keçirilən bütün seçkilərdə də belə olub, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçilməsi prosesində də, Qoşulmama Hərəkatının sədri vəzifəsinin son seçkilərində də, lap elə Ermənistanı sülhə məcbur etmək məqsədilə aparılan 44 günlük müharibədə də. İnsafən, həmin etiraflardan bizim üçün ən dəyərlisi işğalçı ölkənin quduz baş naziri Nikol Paşinyanın kapitulyasiya sənədini imzaladıqdan sonra öz xalqına dediyi fikirlər oldu: “Mən bu sənədi imzalamasaydım, Ermənistanın itkiləri qat-qat çox olacaqdı”.

Mən cənab İlham Əliyevin həmin 44 gün ərzində olan bütün müsahibə, müraciət, çıxış və sosial şəbəkə qeydlərini diqqətlə izləmişəm. Onun hələ Qələbədən bir ay əvvəl – oktyabrın 9-da xalqa müraciət edərkən dediyi “Biz onları şəhidlərimizin ruhu qarşısında diz çökdürmüşük. Şəhidlərimizin qanı yerdə qalmayıb” – cümlələrini isə ömrüm boyu unuda bilməyəcəyəm. Xalqımıza otuz il məhrumiyyətlər, məşəqqətlər yaşatmış quldurlar dövlətinin başçıları bizim şəhidlərimizin qarşısında diz çökdürüldü.

Hüquqşünas olduğuma, xüsusən, ədliyyə sistemində çalışdığıma görə heç zaman tam təsdiqini tapmayan məsələlərdən danışmıram. Amma Ermənistanın kapitulyasiyası və qatillər yığıncağı olan Ermənistan rəhbərlərinin dilənçi kimi qapı-qapı gəzərək, kimdənsə kömək istəməsi tam təsdiqini tapmış reallıqdır. Dövlət başçımız həmin reallığı xalqa noyabrın 10-da imzaladığı müraciətdə belə ifadə etdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.

Ədliyyə işçilərinin peşə bayramı barədə qeydlərimə keçməzdən əvvəl daha bir məqamı da xüsusilə vurğulamaq istəyirəm. Belə ki, dünya mətbuatının yazdığına görə, BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib. BMT Baş Assambleyası Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilir ki, COVID-19 üzrə Xüsusi Sessiyanın detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu Baş Assambleyada qəbul edilib: “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində keçiriləcək”. Fikrimcə, bu fakt bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Prezidenti indi həmin sessiyada qalib ölkənin dövlət başçısı kimi iştirak edəcək.

O ki qaldı, ədliyyə işçilərinin peşə bayramına, böyük məmnuniyyətlə qeyd edirəm ki, biz builki bayramı son otuz ilin heç birində olmayan xoş əhval-ruhiyyədə qeyd edəcəyik. Çünki qalib ölkənin vətəndaşları, döyüşdən qələbə ilə çıxmış dövlətin mütəxəssisləriyik.

Noyabrın 22-də bizim nazirliyin yaranmasının 102 ili tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə hər il 22 noyabr ölkəmizdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərindən olan bu dövlət qurumu xalqımızın əsrlər boyu ədalətə, obyektivliyə meyilliyinin rəsmiləşdirilməsi və Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Nazirliyimizin rəsmi sənədlərində oxuyuruq ki, həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Elə birinci müstəqilliyimizin mövcud olduğu qısa dövrdə ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib. Məsələn, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

Bu, bir həqiqətdir ki, bizim nazirliyin indiki statusla fəaliyyət göstərməsini ulu öndər Heydər Əliyev təmin etmişdir. Belə ki, ümummilli liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb. Məhz Heydər Əliyevin 2000-ci il noyabrın 11- də imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilib.

Ulu öndərin özü qədər inandığı Prezident İlham Əliyev də cəmiyyət həyatının bütün sahələri kimi, ölkə ədliyyəsinin fəaliyyətini də daim diqqət mərkəzində saxlamışdır. Onun təşəbbüsü ilə 2006-cı ildə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq -- dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli fərman imzalanıb.

2009-cu il fevralın 6-da imzalanmış “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” da cənab İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi qayğı və diqqətin təzahürüdür. Dövlət başçımızın “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli sərəncamı isə ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu.

Beynəlxalq aləmdəki həmkarlarımız Azərbaycan ədliyyəsinin normal fəaliyyət göstərməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirirlər. Məsələn, qeyd olunur ki, respublikamızda dövlət başçımızın rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır.

Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyona yaxın əməliyyat aparılıb və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşüb.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, 2017-ci ildə Azərbaycan Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində “Məhkəmənin nəbzi: İdarəetmədə inqilab” adlı layihə ilə iştirak edib və ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə "Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq bilinib. Mütərəqqi islahatlarımıza beynəlxalq marağın nəticəsidir ki, ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib.

Bir sözlə, Azərbaycanın ədliyyə işçiləri builki peşə bayramlarını möhtəşəm bir qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu sevinci bizə yaşadanları Allah qorusun! Qarabağ Azərbaycandır!

Akif EYVAZOV,
Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının sədri

20 Noyabr 2020 00:18 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə