Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə işçiləri Qarabağ zəfərini böyük sevinc hissi ilə qarşıladılar

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür

Azərbaycanda ədliyyə orqanları­nın fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ədliyyə orqanlarının işi və göstərdiyi hüquqi xidmətlər yeni tələblər səviyyəsində qurulmuş, maddi-texniki bazası gücləndirilmişdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Hər il noyabr ayının 22-də ənənəvi Ədliyyə İşçiləri Gününü qeyd edərkən, bu sistemin formalaşması və inkişafı yoluna nəzər salır, ötən dövrdə görülən işləri, əldə edilən uğurları xatırlayırıq. İlk növbədə, bu sahənin tarixinin dövlətçiliyimizin siyasi həyata qədəm qoyduğu gündən başlandığını qürur hissi ilə vurğulayırıq. Ədliyyə sisteminin təşəkkülünün hüquqi dövlətçiliyin təməlini qoyan cümhuriyyət qurucuları ilə bağlı olduğunu, onlar tərəfindən dövrün gərgin siyasi vəziyyətinə baxmaya­raq, bu sahənin formalaşdırılması istiqamətində inamlı addımlar atıldığını diqqətə çatdırırıq.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində ədliyyənin yenidən qurulması və gücləndirilməsi daim diqqətdə saxla­nılmışdır. Şübhəsiz ki, Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində 17 il ərzində sözügedən sistemin daha da inkişaf etdiyi, bu sahədə idarəçilik me­xanizminin müasirləşdirilməsi, şəffaflıq və aşkarlıq prinsiplərinə mühüm önəm verilməsi xüsusi vurğulanılmalıdır.

Bu gün də ölkəmizdə ədliyyə sisteminin dinamik inkişafı barədə ürəkdolusu danışmaq olar. Amma indiki peşə bayramı ölkəmizin həyatında silinməz iz buraxan elə bir tarixi şəraitə təsadüf edir ki, bu əlamətdar hadisə ilə əlaqədar daha ətraflı söhbət açmamaq mümkün deyil. Bu, 30 il ərzində işğal al­tında qalan torpaqlarımızın düşməndən təmizlənməsi, ərazi bütövlüyümüzün bərpası – Qarabağ savaşında böyük Qələbənin bəhrəsidir.

Əvvəlcə xatırlayaq ki, Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terroriz­mi siyasəti həyata keçirirdi. Beynəlxalq aləm isə bütün bunları, sadəcə ola­raq, soyuqqanlılıqla müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulan­sa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmirdi, həmin qətnamələr yerinə yetirilmir­di. Beynəlxalq qurumlar tərəfindən də problemin həllinə laqeydlik, biganəlik göstərilirdi. Prezident İlham Əliyev münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunması üçün əlindən gələni etsə də, düşmən tərəfi işğalçı­lıq əməlindən əl çəkməyərək, tez-tez açıq-aşkar “yeni torpaqlar uğrunda yeni müharibə” iddiasını səsləndirirdi.

Belə bir cəzasızlıq şəraitində – bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artille­riyadan yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Ordusu bu yeni hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün geniş­miqyaslı əks-hücum əməliyyatına başla­dı. Xalqımız bütünlüklə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında səfərbər oldu.

O gündən Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə qüdrətli ordumuz tərəfindən şanlı tarix yazıldı – 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tarixi­mizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Yurdsevər xalqımız öz lideri­nin– müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mü­barizliyini nümayiş etdirdi. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin illərlə qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumu­zun tətbiq etdiyi müharibə strategiyası müasir hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.

Beləliklə, otuz il işğal altında olan əzəli torpaqlarımız– Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və digər yaşayış məntəqələri, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bay­ramı kimi, böyük sevinclə qarşılandı. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardın­ca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi yazıldı.

Müharibənin davam etdiyi 44 gün ərzində Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Bu gün fəxrlə qeyd edə bilərik ki, illərlə aparılan danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olu­nan razılaşma müddəalarının ölkəmiz üçün ən sərfəli variantı belə hazırda Azərbaycanın əldə etdiyi üstünlüklə müqayisəyə gələ bilməz. Düşmən isə reallaşdırmaq istədiyinin heç biri­ni həyata keçirə bilmədi. Mənfur və yolverilməz niyyət – Dağlıq Qarabağın “dövlət” statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planları tamamilə alt-üst oldu.

Savaş günlərində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş et­dirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərdi, öz prinsipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dün­yanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücum­ları darmadağın etdi.

Bununla da Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regi­onda Azərbaycanın maraqlarına ca­vab verən yeni siyasi reallıq yarandı. Nəticədə, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Beləliklə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoyuldu. Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandı­rılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Res­publikasına qaytarılması qərara alındı. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu 5 il müddətinə Rusiya Fe­derasiyasının sülhməramlı kontingenti yerləşdirildi.

Daxili məcburi köçkünlər və qaç­qınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtmaları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisa­di və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Nax­çıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respubli­kası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunika­siyalarının inşasının reallaşdırılması qərara alındı.

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasını şərtləndirdi. Bu qələbə ilə azərbaycanlılar haqqında məğlub xalq sindromu da sındırıldı, xalqın inamı özünə qaytarıldı.

Bir məqamı da qeyd etmək istərdim. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 16-da işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonları­na, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı işğaldan azad olunan torpaqlarda düşmən tərəfindən bütün infrastrukturun dağıdıldığını, kənd və şəhərlərimizin demək olar ki, yerlə-yeksan olunduğunu, bununla da qəsbkar vəhşiliyini, rəzilliyini bütün dün­yaya nümayiş etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev həmin gün quruculuq işlərinə başlanıldığını, Qələbə günündən 8 və Ermənistanın kapitul­yasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən– Alxanlı qəsəbəsindən Füzuli– Şuşa avtomobil yolunun çəkilişinə start verildiyini, layihəyə əsasən magistralın çox rahat və geniş olacağını, bunun isə mənzilbaşına rahat gedib-gəlməyə imkan verəcəyini qeyd edib. Ali Baş Komandan düşmən tərəfindən vurulan ziyanın da hazırda dəqiq hesablanmasına başlanıldığı­nı, eyni zamanda, zərərçəkmiş bütün insanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlarını, bütün bu işlərin planlı şəkildə aparıla­cağını, ilk növbədə, ziyanın hesablan­ması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işlərinə start veriləcəyini də diqqətə çatdırıb.

Hazırda işğaldan azad edilən yaşayış məntəqələrimizdə ermənilər tərəfindən dağıdılan infrastrukturun bərpası istiqamətdə proqramlar hazır­lanır. Şuşa, Kəlbəcər, Laçın və digər rayonlarımızda dağıdılan məscidlərin, tarixi abidələrin, məktəblərin yenidən bərpa olunacağı, Şuşa şəhərinin işğal­dan öncə olduğu kimi, Azərbaycanın yenidən əsas turizm mərkəzinə çevriləcəyi, yağı tapdağından qurtulan torpaqlarda kənd təsərrüfatının inkişaf etdiriləcəyi haqqında tədbirlər planı üzərində işlənilir.

Dövlətimizin başçısı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı bu barədə deyib: “Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, dur­muşuq burada, öz doğma torpağımız­da, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Bu­rada bütün inzibati binalar, ictimai bina­lar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucal­dılacaq və həyat qayıdacaq”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan vətəndaşları yenə də öz tarixi torpaqla­rında yaşayacaq, qurub- yaradacaqlar. Amma onlar bugünkü tarixi heç vaxt unutmayacaqlar. Bu dağılmış, yan­dırılmış evləri, viran qoyulmuş kənd və şəhərləri erməni vəhşiliyinin canlı şahidləri kimi xatırlayacaqlar. Həmçinin yurd, Vətən sevgisi ilə Azərbaycanın işğaldan xilas edilən hər qarışını gü­lüstana çevirəcək, onun inkişafı üçün səylərini əsirgəməyəcəklər.

Azərbaycanın ədliyyə işçilərinin builki peşə bayramlarını belə zəfərli günlərdə qeyd etmələri onlar üçün ikiqat sevinclidir. Ölkəmizdə qanunçuluğun qorunması, ədalətin hər şeydən ucada qalması, hər bir soydaşımızın qaza­nılan tarixi Qələbəmizə layiq olması üçun biz ədliyyə işçiləri də qəhrəman əsgər və zabitlərimiz kimi ən yüksək vətənpərvərlik və fədakarlıqla çalışmağa borcluyuq.

Ramiz NURULLAYEV,
Beyləqan Rayon Məhkəməsinin sədri

19 Noyabr 2020 01:12 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə