Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hüququn aliliyi başlıca məqsədimizdir

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür

Ədliyyə işçilərinin builki peşə bayramı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşında möhtəşəm qələbəsinin qeyd edildiyi tarixi günlərə təsadüf etməsi ilə əlamətdardır. Buna görə də biz bu bayramı ikiqat sevinc və fərəhlə qarşılayırıq. Digər tərəfdən, Azərbaycanın ərazi bü­tövlüyünün təmin edilməsi 1 milyona qədər vətəndaşımızın 30 ildən bəri pozulmuş konstitusion hüquqlarının bərpası, doğma yurd-yuvalarında yaşamaq haqqının özlərinə qaytarıl­ması deməkdir ki, bu da qanunun aliliyi baxımından biz ədliyyə işçilərinin ürəyindən xəbər verir.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müdrik rəhbərliyi, yüksək siyasi iradəsi və qətiyyəti, rəşadətli Silahlı Qüvvələrimizin hünəri, başlıcası isə xalqımızın monolit birliyi sayəsində əzəli torpaqlarımız düşməndən təmizlənmiş, üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı layiq olduğu zirvələrdə dalğalanmağa başlamışdır.

Azərbaycanın bu böyük qələbəsində ədliyyə işçilərinin də zəhmət payı az de­yil. Hörmətli nazirimiz Fikrət Məmmədov Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı xarici həmkarlarına müraciət etmişdir. Bu, Azərbaycan Prezidentinin informasiya cəbhəsindəki yorulmaz fəaliyyətinə zəruri bir dəstək idi. Həmin müraciətdə xarici ölkələrin ədliyyə nazirlərinə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququ kobud­casına pozması, Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı əsaslı dəlillər, tutarlı faktlar ünvanlanmışdır. Müraciətdə qeyd edilirdi ki, düşmən 30 il davam edən təcavüzü ilə ilk növbədə, BMT TŞ-nin Azərbaycanın işğal altın­dakı bütün ərazilərindən ermənilərin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarıl­masını tələb edən qətnamələrinə etina­sızlıq göstərmiş, dəfələrlə Azərbaycanın cəbhə xəttindən uzaqda olan şəhərlərini, dinc əhalini atəşə tutmaqla isə Cenevrə Konvensiyasına zidd addımlar at­maqdan çəkinməmişdir. Müraciətdə, həmçinin Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiya­sında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və təkzibolunmaz faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdığı da xatırlanıb. Sonda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxslər olan həmkarlarının bu məsələyə laqeyd qal­mayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində lazımi addım­lar atacaqlarına əminlik ifadə olunub.

Bizlərdən hər birimiz Azərbaycan Ordusunun Vətən müharibəsində, döyüş meydanında qazandığı qələbəni peşə bayramımız üçün əsl töhfə kimi dəyərləndiririk.

Düz 102 il əvvəl – 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respub­likası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə həmin gün ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur.

Ötən onilliklər ərzində Azərbaycan ədliyyəsində dəfələrlə struktur dəyişiklikləri həyata keçirilmişdir. Bu sahənin işinin əsaslı şəkildə təkmilləşdirilməsi isə məhz 1970-ci ildən – görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrdən başlanmışdır. Belə ki, həmin il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. 1991-ci ildə na­zirlik milliləşdirilmişdir. Ümummilli liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də köklü inkişafa nail olunmuşdur. Ölkəmiz hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməyə başlamış, zəruri məhkəmə-hüquq isla­hatlarına start verilmişdir. Dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər nor­mativ-hüquqi aktlar qəbul olunmuşdur.

Ədliyyə Nazirliyi dövlətimizin hüquq siyasətini reallaşdıran əsas orqanlardan biri kimi bu gün təkmil struktura çevri­lib. 1993–2003-cü illərdə ulu öndərin təşəbbüsü ilə Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Xidməti təsis edilməklə yanaşı, MDB-də ilk dəfə olaraq Azərbaycanda istintaq təcridxanaları nazirliyin tərkibinə verilmişdir. Bundan başqa, 2000-ci ildə iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq, notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyya­tı – Notariat və VVADQ orqanlarında da köklü dəyişikliklər həyata keçirilmiş, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə metodoloji yardım göstərilməsi sözügedən nazirliyin funksiyalarına aid edilmişdir. 2001-ci ildə Azərbaycanın ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması ümummilli lider tərəfindən bu sahəyə verilən dəyərin göstərici idi.

Müstəqil, demokratik Azərbaycan Respublikası son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır. Hazırda ulu öndərin dövlətçilik ideyaları uğurla həyata keçirilərək respublikamızın icti­mai-siyasi həyatının bütün sahələrində yüksək nailiyyətlər qazanılır, müasir tariximizin yeni, şanlı səhifələri yazılır.

Prezident İlham Əliyev 2003-cü ildən etibarən qanunçuluğa, hüququn aliliyinə həssaslıqla yanaşmış, ədliyyə sistemində islahatların reallaşdırılması­na mühüm önəm vermişdir. Dövlətimizin başçısının “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı ilin avqust ayında imzaladığı fərmanla Ədliyyə Nazirli­yinin strukturunda ciddi dəyişikliklər edilməsi, bir sıra qurumların funksiya­larının dəqiqləşdirilməsi bunun bariz ifadəsidir. Həmin ildə və ayda qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun ədliyyə qul­luqçularının fəaliyyət prinsiplərini, bu orqanda işə qəbulun hüquqi əsaslarını müəyyənləşdirən sənəd kimi böyük əhəmiyyət daşımışdır.

Ədliyyə orqanlarına qəbul prosesi də durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə bu sistemdə xidmətə qəbulun şəffaf müsabiqə yolu ilə apa­rılmasına, imtahan prosesinin internet üzərindən canlı yayımlanmasına başla­nılmışdır. “Açıq hökumət” prinsiplərinin ədliyyədə geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə, habelə mobil versiyalarda fəaliyyəti də sistemdə şəffaflığın artırılmasına mühüm təsir göstərmişdir.

Ötən dövrdə bölgələrdə yaşa­yan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmləri xeyli təkmilləşdirilmişdir. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanının icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür, məhkəmə icraa­tının effektivliyinin yüksəldilməsi, mediasiya institutunun təşviqi, sa­hibkarların hüquqlarının etibarlı müdafiəsi və digər məsələlər barədə geniş maarifləndirmə işləri aparılır. Lənkəran şəhərində Ədliyyə Nazir­liyi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə "Vətəndaşların və sa­hibkarların hüquqlarının müdafiəsində həmin fərmanının əhəmiyyəti” mövzu­sunda keçirilmiş ictimai müzakirələr buna misal ola bilər. Tədbirdə Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazirliyin məsul şəxsləri, ətraf rayon məhkəmələrinin sədrləri, hakimlər, vəkillər, regional və yerli ədliyyə qurumlarının rəhbərləri, çoxsaylı sahibkarlar, vətəndaş cəmiyyətinin və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Sahibkarlığın inki­şafına dövlət qayğısı vurğulanıb, dövlət başçısının fərmanının ədliyyə və məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün "yol xəritəsi" olduğu bildirilib, sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə görülən işlər qeyd edilib və ədliyyə sahəsində innovasiyalar əyani təqdimatla nümayiş etdirilib.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə edilmiş dəyişikliklərin, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının imzaladığı fərmanların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuş­dur. Dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə bölgələrdə inzibati-iq­tisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının artırıl­ması xüsusi əhəmiyyət kəsb etmişdir.

Ədliyyə Nazirliyi qanun yaradıcılığın­da da fəal iştirak edir. İndiyədək burada cəmiyyətin inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn çoxsaylı normativ hüquqi sənəd layihəsi hazırlanmış, yüzlərlə layihə hüquqi ekspertizadan keçirilmiş, mühüm sənədlər daxil edilən e-qanun.az və huquqiaktlar.gov.az elektron reyestrləri istifadəyə verilmişdir.

Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin xeyli genişləndirilməsi, hakimlərin şəffaf seçimi, Dünya Bankı ilə əməkdaşlıqda məhkəmə infrast­rukturunun müasirləşdirilməsi, müasir İKT-lərin geniş tətbiqi məhkəmələrin faydalı iş əmsalını daha da artırmışdır. Məhkəmələr üçün unikal infrastrukturun yaradılması, müasir informasiya texno­logiyalarının tətbiqi, eləcə də hakimlərin seçim proseduru ölkəmizin dünyaya uğur mesajı kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, bu sahədəki uğurları­mız Avropa Şurasının dövri nəşrlərində yüksək qiymətləndirilir.

Ədliyyə Nazirliyində vətəndaşların müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasına xüsusi önəm verilir, bununla əlaqədar bütün strukturları­mız ciddi şəkildə səfərbər olunub. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzləri çərçivəsində ədliyyə orqanlarının da səmərəli fəaliyyəti təşkil olunub. Bura­da müraciətlərə son dərəcə operativ və obyektiv şəkildə baxılır və vətəndaş məmnunluğuna nail olunur.

Həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsas məramını insan hü­quqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil edir. Bu da təbiidir, çünki “Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən ölkə rəhbəri bunu daim diqqətdə saxlayır və huma­nizm siyasətini uğurla davam etdirir.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində Azərbaycanın beynəlxalq hüququ daim qoruduğu­nu, BMT TŞ-nın məlum qətnamələrini öz gücünə icra etdiyini bir daha bəyan etmişdir: “Hər bir ölkənin özünümüdafiə hüququ var. Bu hüququ bizə BMT Nizamnaməsi verir... Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam”.

Bir daha qeyd edim ki, böyük qələbə sayəsində ərazilərimizin işğaldan azad edilməsi sərhədlərimizin başdan-ba­şa toxunulmazlığının təmin edilməsi, qaçqın və məcburi köçkün soydaşları­mızın tapdanmış hüquqlarının bərpası deməkdir. Azərbaycan ədliyyəçiləri də bu günlər daim sədaqətlə xidmət etdikləri Azərbaycan xalqı ilə birlikdə qələbə sevincini yaşayır, vətəndaşlarımızın hüquqlarını layiqincə qorumaqlarından hədsiz qürur duyurlar.

Əliəjdər ƏLƏKBƏROV,
Lənkəran Rayon Məhkəməsinin sədri

19 Noyabr 2020 01:11 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə