Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan intibahı başlamışdır...

Noyabrın 11-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzə gələrək, orada müalicə alan hərbçilərimizlə görüşdü. Bu, Azərbaycan Böyük Vətən Müharibəsi zəfərlə bitdikdən sonra əsgər və zabitlərimizlə ilk görüş idi. Belə bir görüş 44 günlük savaşın ilk ikinci günündə də keçirilmişdi. O zaman Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi bir vaxtda – sentyabrın 29-da Mehriban xanımı Əliyeva ilə birlikdə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərimizlə görüşmüşdü. Budur, döyüşlər bitəndən sonra da, Ali Baş Komandan xanımı ilə birlikdə ilk qələbə təbrikini çatdırmaq üçün məhz hərbçilərin görüşünə gəldi.  Yaralı hərbçilərimizin görüşünə… Burada, əlbəttə, dərin anlam var. Cənab Prezident dəfələrlə vurğulayıb ki, nə qədər çağdaş texnika, texnologiyaya sahib olsaq da, döyüşü əsgər aparır, bayrağı əsgər qaldırır.

1 saylı Kliniki Tibbi Mərkəzdəki görüşdə də bu mövzuya xüsusi vurğu edən dövlət başçısı dedi: “Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Prezident dəfələrlə deyib ki mən xalqıma həmişə həqiqətləri demişəm, nə söz vermişəmsə, onu yerinə yetirmişəm. Və o da bəllidir ki, ölkə olaraq iki cəbhədə mübarizə aparırıq: “COVID -19”la qlobal mübarizənin ən önəmli örnəklərini yaradan ölkə olaraq, kütləvi şəkildə işğalçılıq infeksiyasına yoluxmuş düşmənlə də mübarizə aparmışıq və qalib gəlmişik! Gecə-gündüz Vətənin müdafiəsində fədakarlıqla savaşmış hərbçilərimizi müalicə edən həkimlərimiz də gecə-gündüz mübarizə içində olub. Azərbaycan həkimi iki cəbhədə fədakarlıq edib: həm əsgərlərimizin yaralarını sarıyıb, onların qulluğunda durub, onların öz sağlamlığına qovuşması üçün çalışıb, həm də qlobal pandemiyanın –yoluxmaların qarşısının tezliklə alınması işində öz töhfələri ilə çıxış edib! Bu, özünəxas qəhrəmanlıqdır, bir Azərbaycan örnəyidir.

      Azərbaycan Prezidentinin yaralı hərbçilərimizlə uzun illərin tanışı, doğması, necə deyərlər, bir ailə üzvü kimi danışması, davranması, əsgər və zabitlərimizə xüsusi münasibətin parlaq təcallasdır. Məhz orada verilən ismarıclar ibrətamizdir. Müzəffər Ali Baş Komandan öz əsgər və zabitlərini təbrik edir, hərbi və siyasi-diplomatik cəbhədə yaşanmışlar barədə onlarla dərdləşir, onlara ürək sözlərini söyləyir. Hər nə qədər hərbi, siyasi-diplomatik cəbhəyə aid söhbət getsə də, cənab Prezidentin, onun xanımının yaralı hərbçilərimizlə görüşü, əsgər qardaşlarımızla rəftarı sevinc və qürur qarışıq kövrəklikdir.

Prezidentin Vətən müharibəsində əldə edilən parlaq qələbədə hərbçilərin rolunu, fədakarlığını xüsusilə vurğulaması, onların müalicəsi və xəstəxanadan sonrakı həyatı üçün bütün gərəkən tədbirlərin görüləcəyini elan etməsi həyəcanvericidi, nəciblik örnəyidi, dərin inam aşılaycıdı.

Prezidentin hərbçilərdən tibbi maskaları çıxarmağı xahiş edərək, hamının bu qəhrəmanları üzdən tanımasını istəməsi duyğuluydu, xoşdu…

Bəli, Ali Baş Komandanın hərbçilərə olan dərin sayğısından, örnək həssaslığından aldığımız vətəndaş zövqündən danışırıq. “Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.” – Cənab İlham Əliyevin sözüdür. Yaralı hərbçilərlə görüşdə də, böyük salonlarda, böyük toplantılarda, qurultaylarda olduğu kimi, dövlət başçısı ayağa qalxaraq, görüş iştirakçıları ilə birgə şəhidlərin xatirəsini sükutla yad etdi. Təsadüfi deyil ki Ali Baş Komandan Şuşanın azad edilməsi xəbərini də məhz Şəhidlər Xiyabanından Xalqa Müraciəti ilə bildirmişdi...

Artıq Azərbaycanın həyatında yeni xoşbəxt dövr başlayır. Xəyalımız qanadlı, atımız dördnallı, topumuz uzaqmənzilli, fərəhimiz könlümüz dolu… inamımız sabit! Azərbaycanın yeni intibah tarixi başlamışdır!

Bu intibahın başlanğıc günlərində Fransadan, Kanadadan bəzi  səslərin eşidlməsi təəcüblü deyil. Məgər Ermənistanın məğlubiyyətini sinirə bilməyib-mişlər... Daha başqa yaramaz səslər də gələ bilər, amma hər kəs bir kərə anlamalı, qəbul etməlidir ki, dünya dəyişib, Azərbaycan inkişaf edib, Azərbaycan qələbə qazanıb, Azərbaycan öz Dövlət Mənini düşmən üzərində müzəffər şəkildə təsbit və təsdiq edib. İndi güclü Türkiyə qardaşlı Azərbaycanla ya hesablaşacaqlar, ya da boş yerə enerji itirəcəklər. Əgər enerjinin itməməsi qanununu xatırlasaq, o zaman, demək ki, “itirilən enerji”, başqa şəkildə təzahür edəcək. Məsələn, Ermənistanın Qarabağda itirdikləri İrəvan küçələrində, Paşinyanın boş qalan Baş nazir iqamətgahında, məzmunsuz Ermənistan Milli Məclisində təcalla edir... Haqsızlıqla irəli getmək, nə etsən də, mümkün olmayanda, geri getmək alternativi də varmış...

Bizim müzəffər Ali Baş Komandanımız, bizim müzəffər Ordumuz başımızı buludlara dəyəcək qədər uca etdi, milli qürurumuzu özümüzə qaytardı. İnanırsınız, artıq neçə ziyalıdan, yetkin insandan eşitmişəm ki, “əldə etdiyimiz zəfər möcüzəmi, gerçəklimi?” -- deyə düşüncələr hakimdir şüurlara… 8 noyabr günü – dövlət başçısı Şuşanın azad olunduğunu elan edən gün, bizim ailə də çoxları kimi şəhərə, ümumxalq yürüyüşünə çıxdı, lakin mən özüm tək qalmaq istədim, özümlə söhbət etdim, özümlə dərdləşdim… Şuşanın işğal edildiyini eşitdiyim günü xatırladım… --  o günə, o illərə kövrəldim…  bu günə, gələcək illərə sevindim… özümə süfrə açdım, təbrik ismarıcları yazdım, təbrikləri qəbul etdim, sonra duyğularımı toparlaya bildiyim qədər bir yazı yazdım… Daha sonra şəhərdən qayıdan ailə üzvlərinin şəhər təəssüratları ilə tanış oldum və gecədən xeyli keçmiş, uzun illərdən sonra ilk dəfə Şuşa xəyalı ilə deyil, möcüzə Şuşanın idraka nüfuz edən böyük fərəhi ilə yastığa baş qoydum…

“Yastığı Vətən daşı, yorğanı qar” olan igidlərə hər zaman böyük sevgilər-sayğılar!

Əkbər QOŞALI

13 Noyabr 2020 14:19 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə