Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli ləyaqət və aktual siyasətdə bəsit populizm

(Siyasi müqayisə iddiaları barədə politoloqun replikası)

Məlum olduğu kimi, istənilən müqayisə həmişə nisbi xarakter daşıyır, lakin məlum bir postulat var: baza kəmiyyəti ən azı bir parametrə görə müqayisə edilə bilən olmalıdır, dəyirmini yaşıl və ya turş ilə müqayisə etmək olmaz. Dəqiq elmlərdə ölçü şkalası var: müsbət və ya mənfi ədəd. Siyasət elmində isə təbii ki, hər şey ölçüyəgəlməz dərəcədə mürəkkəbdir, çünki müəyyən aksentlər, çox mürəkkəb nüanslar və ən başlıcası, dəyişən konyunktur var, populizm bu konyunktura asanlıqla uyğunlaşır. Nümunə üçün tarixi salnamələri araşdırmağa dəyməz. Bunun üçün N.Paşinyan tərəfindən Kanadanın baş naziri Castin Trüdoya təqdim edilmiş rəmzi hədiyyəyə - öz ölkəsinin dövlət bayrağının rənglərində olan corablara baxmaq kifayətdir. Dövlət bayrağının hər bir detalı milli rəmz xarakteri daşıyır. Trüdo şok təsiri bağışlayan corabları ilə məşhurdur, lakin bir var həmin corabların üzərində Trüdonun sayını artırmağa çalışdığı maral təsvir edilsin, bir də var Paşinyanla bərabər Frankofoniyanın iclasına Ermənistanın milli bayrağının rəngində corab geyinmiş halda gəlmək. Bu, tamam başqa məsələdir! Bu, bəsit populizmdir, yoxsa “baş nazirlər kef edirlər?”
Bir məsələ aydındır – Ermənistanın ­layiq olduğu milli brend məhz milli bayrağın simvolları ilə bəzədilmiş nadir kişi corablarıdır. 
Bizə belə gəlir ki, ləyaqət və populizm kateqoriyaları siyasətdə imperativ müqayisə indikatoru ola bilər. Vladimir Dalın lüğətində verilən tərifə görə, ləyaqət “insanın şərəfi və daxili mənəvi keyfiyyəti, namusluluq, qəlbin nəcibliyi və təmiz vicdan” deməkdir, populizm isə geniş kütlələrə yaltaqlanma, onların rəğbətini qazanmaq məqsədilə əsassız vədlər paylaşmağı nəzərdə tutur. 
Bu gün siyasi praktikada çox populyar olan bu halın xüsusi növü primitivlik dərəcəsinə çatdırılmış populizmdir, çünki onun əsasını “xalqın səsi”nə istinad etməklə qanuna məhəl qoyulmaması təşkil edir. Dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə bu cür həyasızcasına etinasızlığı Ermənistanın sabiq baş naziri A.Akopyanın arvadının bir qrup rusiyalı qadınla birlikdə Dağlıq Qarabağa təxribatçı səfərində görməli idi. Ölkəmizin Xarici İşlər Nazirliyinin bəyanatında bu hüquqazidd aksiyaya rəsmi qiymət verilib. Mən isə belə adlandırılan “sülh nümayəndə heyəti”nin üzvlərinə xatırlatmaq istərdim ki, onlar Ermənistan vətəndaşı tərəfindən Azərbaycanın əzəli ərazisinə dəvət edilmiş çağırılmamış qonaqlar qismində çıxış etməklə həyasız populizm alətlərinə çevriliblər. Axı, Dağlıq Qarabağ istər Rusiya, istərsə də Ermənistan tərəfindən dövlət kimi tanınmayıb. 
Əlamətdar haldır ki, bu səfərdən bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva NATO-nun baş katibinin birinci müavini Rouz Gettemüllerin başçılıq etdiyi rəsmi nümayəndə heyətini qəbul edib. Mehriban Əliyeva həmin nümayəndə heyətinə məlumat verib ki, Azərbaycan uzun illərdir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınmış Dağlıq Qarabağ və ona bitişik 7 rayon erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin gedişində yüzlərlə azərbaycanlı qadın qətlə yetirilib və girov götürülüb, Xocalı faciəsi zamanı 600-dən çox insan, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib. Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü qoruyaraq beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir, beynəlxalq-hüquqi təcavüz ilə əlaqədar zəruri normaları implementasiya edir və əks tədbirlər görür. 
Qrant fəallığı bekqraunduna malik olan A.Akopyan onun başladığı “qadınlar sülh naminə” kampaniyasında qazandığı təcrübəni tətbiq etməyə çalışır, Qarabağ münaqişəsinin hərbi yolla həllindən imtina olunmasını təklif edir. Onun fikrincə, kişilər “silah ilə deyil, fikrin gücü ilə mübarizə aparmalıdırlar”. Münaqişənin telepatik-distansion həlli barədə bu absurd ifadə son dərəcə primitiv populizmi nümayiş etdirir və hələ də köhnəlməyən “erməni radiosu cavab verir...” lətifəsini xatırladır. Lakin A.Akopyanın sionizminin apofeozu bu sözlər olub: “Mən Mehriban Əliyevanın reaksiyasının necə olacağını bilmirəm”.
Təbii ki, onun bu sözlərinə nə cavab veriləcək, nə də reaksiya bildiriləcək. Mehriban Əliyeva dövlətimizdə ikinci rəsmi şəxsdir, onun fəaliyyəti Azərbaycan Respublikasının ərazisi üzərində nəzarətin bərpa edilməsinin qanuni və birinci dərəcəli zərurət olması ilə müəyyən edilir. 
Əvvəla, dövlətin beynəlxalq hüquqa zidd olan hər bir əməli beynəlxalq məsuliyyət doğurur. Azərbaycan təcavüzə məruz qalmış dövlət kimi hüququ pozan dövləti BMT-nin Nizamnaməsindən irəli gələn güc tətbiq etməmək barədə öhdəliyini yerinə yetirməyə məcbur etmək məqsədilə əks tədbirlər görmək hüququna malikdir. 
İkincisi, Azərbaycan dövlətinin öz milli maraqlarını müdafiə etmək, beynəlxalq hüququn prinsip və normalarını dəstəkləmək baxımından qətiyyətli mövqeyi həm Dağlıq Qarabağ münaqişəsinin daha da militaristləşdirilməsi riskini azaldır, həm də bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyini dəstəkləyir. Prezident İlham Əliyev vurğulayır: “Biz münaqişə barədə öz prinsipial mövqeyimizdən bircə addım da geri çəkilməyəcəyik və gələcəkdə onu dəyişməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Beynəlxalq hüquq da Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır”. 
Üçüncüsü, Azərbaycanın öz suverenliyini, dövlət ərazisinin birliyini və bütövlüyünü qorumaq üzrə məqsədyönlü mübarizəsi həm mənəvi-siyasi mövqelərdən, həm də və ilk növbədə, dövlətin özünü müdafiə etməsi kimi beynəlxalq hüquq normaları baxımından haqlı mövqedir. 
Mehriban Əliyeva çoxşaxəli fəaliyyətinə görə çoxsaylı beynəlxalq mükafatlara və bir sıra nüfuzlu beynəlxalq təşkilatların fəxri adlarına layiq görülüb. Mehriban Əliyeva dünyanın 30 aparıcı ölkəsindən olan 60 ən uğurlu, hörmətli və məşhur qadının siyahısına düşüb. Mehriban Əliyeva Beynəlxalq Siyasət və İctimaiyyət İnstitutunun direktoru K.Plevenin “Qadın liderliyi qadınların gücüdür. Dünyanın ən uğurlu qadınlarından öyrənməli” adlı kitabına daxil edilmiş müsahibəsində Azərbaycanda qadınların fəallığı ənənələrinin varisliyini qeyd edərək Heydər Əliyev Fondunun mühüm layihələri, ölkənin mədəni və sosial inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələləri barədə fikirlərini açıqlayıb. Amerikanın nüfuzlu “CNN World News  International” telekanalının Azərbaycan xalqının sevimlisi adlandırdığı Mehriban Əliyevanın bütün dünyada tanış obrazı bütövlükdə ölkəyə proyeksiya edilir. Amerikalı jurnalistlər qeyd ediblər ki, “Azərbaycanın birinci xanımı alim, ictimai xadim, deputat, ana, dəyişkən dəyərləri müsbət məcraya yönəldən insandır. Daim ictimaiyyət arasında olan Azərbaycanın birinci xanımı insanlara kömək göstərir, qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasına rəhbərlik edir, idmanı və sağlam həyat tərzini təbliğ edir. O, UNESCO-nun xoşməramlı səfiri kimi mədəni əlaqələri inkişaf etdirir. Mehriban xanım Əliyeva öz fəaliyyəti sayəsində təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük rəğbət qazanıb”. 
Mən Amerika mənbəyindən bilərəkdən sitat gətirirəm ki, Mehriban xanım Əliyevanın dünyada necə qəbul edildiyini göstərim. 
Mehriban xanım Əliyeva milli ləyaqətin təcəssümüdür, o, həmişə ölkənin şərəfini qətiyyətlə qoruyur, milli irsimizi həm qiymətli milli sərvət kimi, həm də özünəməxsus milli brend kimi təbliğ edir. 
Dağlıq Qarabağa səfər etmiş rusiyalı qadınları isə sadəcə xəbərdar etmək istəyirəm: diqqətli olun, çünki ermənilərin “dənizdən dənizə böyük Ermənistan” yaratmaq kimi cəfəng ideyası var. Onlar Aralıq dənizinə çata bilməsələr də, sizin Qara dəniz sahillərinizi artıq uğurla mənimsəyiblər. Axı jurnalist M.Simonyan deyir: “Soçi erməni şəhəridir, burada hətta qağayılar da erməni dilində qışqırışır!”. Biz isə öz torpaqlarımızı qaytaracağıq, ədaləti bərpa edəcəyik və Bakı bulvarındakı qağayılar hər hansı başqa dənizin sahilində olduğu kimi qışqırışmaqda davam edəcəklər.

Aqiyə Naxçıvanlı,
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor

18 Oktyabr 2018 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə