Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan bu gün sabitlik adasıdır, ölkəmizdə təhlükəsizlik tam şəkildə təmin olunub. Çevik və prinsipial xarici siyasət vasitəsilə xaricdən olan təhdidlərin qarşısı qətiyyətlə alınır, eyni zamanda, ölkəmizin daxili inkişafı xarici siyasətimizin müstəqilliyini və strateji manevr qabiliyyətini təmin edir. Lakin bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin işğalçı dövlət tərəfindən əngəllənməsi ölkəmizin ümumi inkişafına mənfi təsir göstərir. 
Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, Dağlıq Qarabağ bölgəsini, habelə yeddi ətraf rayonu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb. İşğalçı dövlət, həmçinin Azərbaycanda beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər törədib.
Beləliklə, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü bu gün heç nədən çəkinmədən bütün dünyaya açıq şəkildə göstərir. Halbuki Ermənistanın bir milyondan artıq yurd-yuvasından didərgin salınan soydaşımızın ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, insan hüquqlarından danışması heç bir siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır. 
Dövlətimizin başçısı hər zaman bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Cənab İlham Əliyev bu məsələ ilə bağlı bütün görüşlərdə və danışıqlarda güclü siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib, öz mövqeyini qəti və konkret surətdə ifadə edib.
Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdırır, həm də siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olur. 
Onu da xatırladım ki, digər sahələrdə olduğu kimi, ölkəmizin ərazi bütövlüyü məsələsində də Prezident İlham Əliyevin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi tamamilə aydın və birmənalıdır. Belə ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalıdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb. Ən əsası, Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl siyasət həyata keçirir.
Son 15 ildir ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, sosial proqramlar vaxtında yerinə yetirilir, ordumuz gücləndirilir. Əlbəttə, bütün bunlar torpaqlarımızın azad olunmasına xidmət edən işlərdir. İnanırıq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız da tez bir zamanda azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.

İbrahimxəlil İBRAHİMOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

18 Oktyabr 2018 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə