Ən son xəbərlər
Türkiyə və Yunanıstan Şərqi Aralıq dənizində gələn həftə üçün planlaşdırdıqları hərbi təlimlərdən iki ölkə arasında gərginliyi azaltmaq məqsədilə imtina ediblər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqə istinadən “Anadolu” agentliyi məlumat verib.
NATO-nun şefi Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, qarşıdakı həftə Türkiyə və Yunanıstanda milli bayramlar keçiriləcək və hərbi təlimlərin keçirilməsi ləğv edilib.
Şimali Atlantika Alyansının rəhbəri rəsmi Ankara və Afinanın bu qərarından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, bu addım təkcə Şərqi Aralıq dənizində iki ölkə hərbçilərinin toqquşma riskini azaltmayacaq, həm də regionun “əsas problemlər”inin həlli ilə bağlı konstruktiv danışıqların aparılması üçün şərait yaradacaq. Y.Stoltenberq, eyni zamanda Almaniya rəsmilərinin Türkiyə və Yunanıstan arasında ilkin danışıqların təşkili istiqamətində səylərini dəstəkləyib.
Son illər Şərqi Aralıq dənizində aşkar olunmuş bir çox böyük enerji yataqlarının işlənilməsi və istismarı ilə əlaqədar Yunanıstan ilə Türkiyə arasında gərginlik artıb. NATO rəhbərliyi alyansın üzvü olan hər iki dövlət arasında problemin yalnız danışıqlar yolu ilə həllini məqbul hesab edir və tərəfləri bu istiqamətdə səyləri artırmağa və qarşılıqlı güzəştlərə getməyə səsləyir.
Xatırladaq ki, Türkiyə və Yunanıstan NATO-ya 1952-ci ilin 18 füvralında eyni gündə qəbul ediliblər. Qurum 4 aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub.
30 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), iyirmi səkkizi isə Avropada yerləşir. İslandiyadan başqa, qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər daha 11 ölkə üzv olub.
M.HACIXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə