Ən son xəbərlər
Bu il avrozonadakı 19 ölkənin ümumi büdcə kəsiri əvvəlki ilə nisbətən 10 dəfə artaraq, 976 milyard avro, yaxud ÜDM-in 8,9 faizi qədər təşkil edəcək. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
Avropa Komissiyası rəsmisinin sözlərinə görə, buna əsas səbəb avroməkana daxil olan ölkələrdə koronavirus pandemiyası ilə bağlı həyata keçirilən təcili məhdudlaşdırıcı tədbirlərdir.
Avropa Mərkəzi Bankının məlumatına görə, buna bənzər hal 2010-cu ildə baş vermişdi. O zaman avrozonanın büdcə kəsiri ÜDM-in 6,6 faizinə çatmışdı.
“Uni Credit” şirkətinin eksperti Marko Vallinin sözlərinə görə, iqtisadiyyatı dəstəkləmək, uzunmüddətli ziyanı yumşaltmaq üçün zəruri məsrəflər çəkməkdən savayı hökumətlərin çarəsi qalmayıb.
Xatırladaq ki, daha əvvəl Avropa Komisiyasının iqtisadiyyat üzrə komissarı Paolo Centilioni pandemiyanın səbəb olduğu resessiyanın avrozonaya təhlükə yaratdığını, hazırkı tənəzzül nəticəsində avrozona ölkələri arasındakı iqtisadi inkişaf fərqlərinin daha da artdığını bildirmişdi.
Məlumat üçün bildirək ki, hazırda avrozonanın tərkibinə 325 milyon əhalisi olan 19 ölkə daxildir. Bu ölkələrin hər biri sərbəst avro və avro sentləri buraxmaq hüququna malikdirlər. 1999-cu ildə Avropa İttifaqının (Aİ) 15 üzvündən 11-i Maastrixt sazişinin tələblərinə uyğun olaraq, avrozona yaradıblar və ümumi valyuta kimi avronu buraxıblar.
Aİ ölkələri arasında avrozonaya daxil olmayanlar da var. Məsələn, Danimarka Aİ-nin üzvüdür, amma avrodan istifadə etmir. Bu ölkədə 2000-ci ilin 28 sentyabrında keçirilən referendumun nəticəsinə görə, əhalinin 53,2 faizi avroya keçməyə qarşı çıxmışdır. İsveç əhalisi də avroya keçməkdən imtina edib.
Bundan başqa, Aİ-yə daxil olan, lakin, avrodan istifadə etmək üçün müəyyən kriteriyalara hələ ki cavab verməyən ölkələr də var. Bunlar Bolqarıstan, Çexiya, Xorvatiya, Macarıstan, Polşa və Rumıniyadır.
M.HACIXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə