Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin "kəramət"inə yaxşı bələdik

Azərbaycan Xarici işlər naziri ilə Ermənistan Xarici işlər naziri 9 oktyabrda Moskvada, Rusiya Federasiyası Xarici işlər nazirinin vasitəçiliyi ilə “Humanitar atəşkəs” razılaşması imzaladı. 11 saatlıq gərgin müzakirələrin getdiyi dəyirmi masada Lavrovun qarşısında qırmızı kağız və örtülü yaşıl qovluq, Mnatskanyanın qarşısında açıq qırmızı qovluq və Bayramovun qarşısında açıq ağ qovluq görünürdü. Lavrov Mnatskanyanı solda, ürəyi tərəfdə, sağlam mövqeli Bayramovu sağda oturtmuşdu. Doğrusu, təcrübəli diplomat olan Lavrovun bu rəng və sağ-sol müəyyənliyinin təsadüf ya təvafüq olduğunu deyə bilmərəm. Əgər təvafüq kimi qəbul etsək, o zaman, bu barədə də bir-iki cümlə fikir bildirmək uyğun olardı: Lavrov sanki “proseslərin növbəti mərhələsinə çıxaracaq yoldakı işıqforun hansı (qırmızı, yoxsa, yaşıl) işığının yandırılmasının seçimi qarşısındayam” deyirdi. Lavrov yorğun idi, əsəbi idi. Lavrov ürəyi ilə dili arasındakı rabitənin əziyyətini yaşayırdı elə bil...

Mnatskanyan sanki hiyləgərcəsinə “məni başa düşün, qırmızı çizgilərdən geri dursam, məni öldürərlər” deyirmiş kimiydi. Əlbəttə, baxışı tülkü baxışı idi. Heç şübhəsiz, susması da, danışması da hiyləgərcəsinə idi... Onun öz dövlətinin ənənəsini təkrarladığına yaxud daha həyasızca davrandığına da şübhə etmirəm. Əgər keçmiş prezident Köçəryan çətinə düşəndə, guya qulaqcığının işləmədiyini bəhanə edirdisə, danışıqların qızğın vaxtı qarın ağrısına düşür və yenidən masaya dönməmək üçün “İrəvandan zəng gəldi, ailə üzvüm ölüb, getməliyəm” deyə bilirdisə, nazir Mnatskanyan da betərini edər, təbii. (Yeri gəlmişkən, sonra bilindi ki həmin ölən, Köçəryanın qaynanasının bacısının qonşusu imiş)... Mnatskanyanın qovluğunun rənginin “qırmızı çizgilər”i deyil, qanı ifadə edib-etmədiyi də izaha açıqdır. El sözü ilə desək, niyyəti öz başında çatlasın. Bizim üçün “Ermənistanın qırmızı çizgisi” deyə bir anlayış yoxdur. (Ermənistan Ermənistanlılıqdan çoxdan çıxıb; daha doğrusu, Ermənistan adlı bir dövlət özünü dünya birliyinin normal üzvü kimi apara bilmədi)...

Bayramovun qarşısındakı kağız-kuğuzun ağ rəngli olmasını mən “alnı açıq, üzü ağ” kimi yorumlamaq istərdim. Bizim nazir, doğrudan da, beynəlxalq hüquq baxımından, sülh danışıqlarına sadiqlik baxımından, hərb meydanında üstünlüyə malik ola-ola masaya əyləşməsi baxımından da alnı açıq, üzü ağdı. Bizim nazirin üz-gözündən, duruşundan haqlılıq, səmimiyyət, comərdlik yağırdı.

Açığı, mənə elə gəlir, o danışıq masasından qalib ayrılan tərəf olmadı və Bayramovun, az qala təkləndiyi o üçlü masadan uduzmadan çıxmasının özü yaxşı haldır. Danışıqların 11 saat davamlı olaraq aparılması, prosesin mürəkkəbliyini, gərgin şəraiti tam ifadə edir.

Humanitar atəşkəs birinci mərhələ olmalıydı, heç yarımmərhələ də olmadı. Əlbəttə, hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınması əvvəl-axır olacaq. Cənab Prezidentin dediyi kimi, Azərbaycan göstərdi ki, uzun illərdir “bu məsələnin hərbi həll yolu yoxdur” deyənlər yanıldı. Biz isə cənab Prezidentin timsalında “hərbi həll var və biz bunu sübut etdik” demiş olduq. Artıq yalnız siyasi-diplomatik deyil, hətta, siyasi-hərbi deyil, məhz hərbi-siyasi yolun doğruluğu sübut edilmiş oldu. Bu əsərin müəllifi Ali Baş Komandan və onun əmrlərini fədakarcasına yerinə yetirən müzəffər ordumuzdur! Hər bir əsgəri, çavuşu, giziri, zabiti, generalı vətənpərvər olan şanlı Silahlı Qüvvələrimiz milli qürurumuzdur! Məhz bu milli qürur istənilən masada da əlimizi güclü, sözümüzü ötkün edəcək. Sözümüzü ötkün, əlimizi güclü edən bir önəmli səbəbsə, əlbəttə, cənab Ali Baş Komandanın ordumuza, xalqımıza bəxş etdiyi yüksək döyüş ruhudur! Cənab İlham Əliyevin alovlu vətənpərvərliklə diplomatiya ustalığını bir arada tuta bilməsi özü bir örnəkdir!

Ümumən hər hansı diplomatik masada yalnız haqlılığımız deyil, sahəyə uyğun hərbi gücümüz bizə şərtləri diqtə edən tərəf olmaq imkanı təmin edəcək. Azərbaycan diplomatı hansı masada əyləşmək istərsə əyləşər, qarşı tərəfin şərtlərini əlinin tərsi ilə itələyib, masanın üzərinə öz şərtlərini qoya bilər. Bu, şəhidlərimizin öz qanları, canları bahasına diplomatiyamıza qazandırdığı unikal imkandır!

Biz, əlbəttə, atəşkəsin atəşi kəsməyəcəyini bilirdik. Ona görə yox ki öncəgörənik, sadəcə, düşmənimizin “kəramət”inə yaxşı bələdik. 1992-ci ildə, İran Prezidenti Rəfsəncaninin vasitəçiliyi ilə (Yaqub Məmmədovla Levon Ter-Petrosyan arasında) atəşkəs razılaşması əldə olunan saatlarda (başqa havadarının dəstəyi ilə) Şuşanı işğal edən Ermənistan, sonrakı illərdə də, dəfələrlə xainlik edib, pambıq içində dəmir gizlədib. O dövrlər keçib artıq. Moskva masasında iştiraka razılıq verməklə respublikamıza qarşı artan siyasi-diplomatik təzyiqləri qabaqlamış olduq. Nə hərbi, nə də sülhü bacarmayan Ermənistan, əlbəttə, Moskva masasında qazana bilmədiklərini Qarabağda da qazana bilməyəcək! Bu, sadəcə mümkün deyil! Nə Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil, nə də Ermənistan. Ermənistan o zaman da güclü deyildi, yalnız beynəlxalq səviyyədə hərbi-siyasi havadar dəstəyi güclü idi, bizimsə o illərdə gücümüz yox dərəcəsindəydi. 90-cı illərdə qanlı hücumlara, Ağdaban, Bağanis-Ayrım, Qardağlı, Xocalı soyqırım aktlarına məruz qalan Azərbaycanın ermənilərin beynəlxalq əlaqələrindən, onların havadarlarından necə təzyiq gördüyünü ifadə etmək üçün yalnız ABŞ qanunvericilərinin “907-ci düzəliş”ini xatırlamaq yetərlidir. O zaman necə durumla üz-üzə olmuşuq ki, erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən düzəliş qəbul edilib. Doğrudur, o bədnam düzəliş son illər öz təsirini xeyli itirib, lakin acı təcrübə olaraq yaddaşımızdadır. Demək istəyirəm ki, biz öz dövlətimizdən emosianal deyil, rasional qərarlar gözləməkdə haqlıydıq və  masadan imtina etməyin məsuliyyətini də anlayırıq. Biz onu da anlayırdıq ki, dünyanın ən hiyləgər, hüquqtanımaz düşməni ilə üz-üzə olduğumuz üçün, onunla danışıq gedə-gedə də, atəşkəs qüvvəyə minən andan sonra da daha güclü özünümüdafiəyə və əks-hücuma hazır olmalıyıq. Çünki, düşmənin “kəramət”inə çox yaxşı bələdik… Tanrı heç düşmənə də erməni kimi düşmən qismət eləməsin! Biz Azərbaycanıq, biz ermənistanlılıq edə bilmərik, ermənilik bizə yaddır. Biz hərbdə də, sülhdə də qızıl ləyaqətimizi sübut etmişik. Dövlətimizin xarakteri var. Cənab Prezidentin dediyi kimi, sözümüz imzamız qədər dəyərlidir!

Hadrut və Cəbrayıl istiqamətində əks-hücuma keçib, azadlığa qovuşdurduğumuz torpaqlarımızı yenidən qəsb etmək istəyən Ermənistan silahlı qüvvələri daha bir xeyli canlı qüvvə, hərbi texnika, silah-sursat itirərək, dərsini aldı. Bunun da düşmənə yetərli dərs olmadığını bilirik. Əlbəttə, Gəncəni, insanların sıx yaşadığı məntəqəni, gecəykən “Toçka-U” raket sistemindən istifadə edərək ağır atəşə tutması işğalçı ölkənin daha ağır dərsləri artıqlaması ilə haqq etdiyini çox dəqiq ifadə etməkdədir.

Rəsmi Bakı bildirmişdi ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra, Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdəki qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Məhz mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının planı, cədvəli tutulmalıdır. İşğalçı da, onu ərköyünləşdirənlər də, anlamalı, qəbul etməlidirlər ki artıq Azərbaycanın suveren ərazilərinin dərinliklərindəki təmas xətti yoxdur! Qəbul etməlidirlər ki, “hərbi həll yolu yoxdur” tezisi də darmadağın edilib! Nəyin var, nəyin yox olduğunu müzəffər Azərbaycan ordusu müəyynləşdirir artıq! Öz hərəkət və hərəkətsizliklərinə min cür don geyindirməyə, baş qatmağa çalışanlar, Gəncədəki yeni raket qurbanlarına, sayı artıq doqquz olmuş dinc əhali ölümünə, 34 dinc sakinin yaralanmasına, uşaqların stresinə qiymət versin. İzah etsinlər görək, öz çarpayısında yatan uşaqların günahı nə idi?! Məsələn, Ermənistanın müdafiəsi üçün dəridən-qabıqdan çıxan Makron desin görək, Xocalı soyqırımında tökülən Azərbaycan qanı, öldürülən körpələr, qadınlar, qocalar yetərli olmadımı, Ermənistan silahlı qüvvələrini daha yeni qətliamlara sövq edirlər?! Mingəçevirə, ön cəbhədən uzaq digər yaşayış məntəqələrinə, mülki obyektlərə, dinc əhaliyə, o cümlədən uşaq, qadın və qocalara atılan raketlərin izahını kim və necə verə bilər? Nə üçün, axı, nə üçün?! Ermənistanda yaşamağa qoymadılar, Qarabağdan məcburi köçkün etdilər, yetmədi? İndi də, digər şəhər və rayonlarımızda məskunlaşan qaçqınları, məcburi köçkünləri yenidən atəşə tutub, tutdurub nə ləzzət alır, bununla nə ismarıc verirlər? Hətta, başqa ölkələrə köçmüş qaçqın və məcburi köçkünlərimiz də oralarda dinc buraxılmır, daş-qalaq edilir, qana boyanır. İyulda Tovuza hücumdan sonra dünyanın dörd tərəfində müşahidə olunan aksiyalarda bunun şahidi olduq. İndi neynəyək? Yoxsa, “bu dünyada sizə yaşamağa yer yoxdur” deməkmi istəyirlər, öz ağıllarınca? “Dənizdən dənizə” sarsaq və boşbeyin xülyalarımı baş qaldrıb yenə?!. Ermənistan və onun “guya demokrat” hökumət başçısı Paşinyan, eləcə də, Ermənistanın dünənki, bugünkü mənfəət dostları qulaqlarını açıb da, eşitməlidir: Biz bu torpaqlarda vardıq, varıq, var olcağıq! Bəlkə zəfərə yürüşümüzü bir qədər ləngidə bilərlər, bir xeyli soydaşımızı öldürə, şikəst edə bilərlər, ancaq durdura bilməzlər bizi! Ustad demiş,

...Məzarlardan belə, yüksələn bir bahar vardır,

...Sakın, qədər demə, qədərin üstündə bir qədər vardır,

Nə yapsalar boş! Göylərdən gələn bir qərar vardır!    

Azərbaycan dövləti, şəxsən Ali Baş Komandanımız, onun əmrindəki şanlı ordumuz bugünlərdə yalnız, 30 il ərzində möhkəmləndirilmiş dəmir-beton sədləri, bunkerləri, tunelləri darmadağın etmədi, bununla yanaşı, torpaqlarımızın ilhaqına xidmət edən şeytanca imitasiya diplomatiyasını da sıfırladı! Burada bir dövlət var və o dövlət kukla dövlətin ərköyünlüyünə, qucaqdan qucağa atlana-atlana siyasi naz göstərməsinə müsaidə etməyəcək; Azərbaycan işğalla nəinki daha bir 30 il, heç 30 gün də barışmayacaq! Ya biz deyən olacaq, ya biz deyən olacaq! Həsənovla danışmağı bacarmayanlar, Bayramovla da adambalası kimi danışa bilmirsə, yenidən Həsənovla danışmağa məhkumdurlar – “humanitar atəşkəs”in ilk sutkası bunu göstərmiş oldu!

Gəncəni vuracağını daha öncədən elan etmiş və “humanitar atəşkəs”in ilk gecəsindəcə bir daha Gəncəni raket atəşinə tutan Ermənistan silahlı qüvvələrini cəzalandırmaq ATƏT həmsədrlərinin ağlının ucundan keçmədisə, artıq o mübarək iş, Azərbaycanın “ağıllı PUA-lar”ına düşər! Biz Ali Baş Komandanın “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik” sözlərinə inanırıq. Sentyabrın 27-dən başlayan uğurlu əks-hücum hərbi əməliyyatları dövlət başçımızın fikirlərinin tam əsaslı olduğunu təsdiq edir.

Dövlətimiz zaval görməsin! Ordumuz zəfər çalsın! Bayrağımız uca olsun!

Əkbər QOŞALI,
publisist

12 Oktyabr 2020 10:39 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə