Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alim “Qran-Pri” mükafatına layiq görüldü

Türkiyənin Ağdəniz Universitetin Azərbaycan əsilli  professoru Tərlan Məmmədov bu dəfə yeni bir uğuru ilə gündəmə gəldi.

Bu günlərdə işini başa vuran 5-ci İstanbul Beynəlxalq İxtira Sərgisindən  (ISIF-20)  gələn xoş xəbərdə bildirilir ki, onlayn beynəlxalq ixtira müsabiqəsində Ağdəniz Univesitetinin müəllim heyəti və Ağdəniz Texnologiya Transferi Mərkəzi tərəfindən hazırlanmış 10 patent nümayiş olundu. Təqdim olunmuş patentlərə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirmə nəticəsində 1 (bir) “Qran-Pri”, 1 (bir) qızıl, 4 (dörd) gümüş və 1 (bir) bürünc medal daxil olmaqla ümumilikdə 7 mükafat verildi. 26 ölkədən 519 ixtiranın nümayiş olunduğu onlayın konfransın “Qran-Pri” mükafatına azərbaycanlı alim Tərlan Məmmədov layiq görülmüşdür.

Təbrikimizi cavablandıran Tərlan müəllim "Bitkilərdə furin ilə hədəf zülallarının in-vivo post-translyasiya işlənilməsi" adlı tədqiqat işinə görə “ISIF-20”nin “Qran-Pri” Mükafatına layiq görüldüyünü bildirib.

Qeyd edək ki, dünya şöhrətli alim AMEA-nın müxbir üzvüdür, biokimya, molekulyar biologiya və molekulyar biotexnologiya sahələrində beynəlxalq səviyyədə tanınmış simadır. AMEA-nin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuda Molekulyar biomühəndislik laboratoriyasinın qurucusudur. Dörd ildən cox Yaponiyanın Tohoku Kənd Təsərrüfatı Elmi Mərkəzində, Kiyoto Universitetində və Kənd Təsərrüfatı Elmləri üzrə Yaponiya Beynəlxalq Tədqiqatlar Mərkəzində, on dörd il isə ABŞ-ın Nebraska–Linkoln Universitetində professor kimi,  ABŞ-ın Molekulyar Biotexnologiya mərkəzində isə qrup rəhbəri kimi fəaliyyət göstərmiş, molekulyar biologiya və molekulyar biotexnologiya sahəsində tədqiqatlara imza atmışdır.

Yeni növ koronavirus (COVID-19) əleyhinə  yaşıl bitkidən vaksin alınmasında tədqiqatlarını uğurla davam etdirən azərbaycanlı alim qəzetimizə son müsahibəsində 2 vaksin nümunəsinin heyvanlar üzərində test edildiyini bildirmişdi.

Namiq Qədimoğlu,
“Xalq qəzeti”

9 Oktyabr 2020 15:03 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə