Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına

Hörmətli sammit iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm. Vəqfin sülh və dialoqun təşviqinə, regional və qlo­bal əməkdaşlığın genişləndirilməsinə töhfələrini yüksək qiymətləndirirəm.

Avrasiya İqtisadi Zirvə toplantıla­rı Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı və xalqlar ara­sında əlaqələrin dərinləşməsi baxı­mından xüsusi əhəmiyyətə malikdir. Regional əməkdaşlığın mühüm platfor­malarından birinə çevrilmiş bu ənənəvi görüşlərdə zamanın yeni çağırışlarının və müasir inkişaf meyillərinin daim diqqət mərkəzində saxlanılması təqdirə layiq­dir. XXIII sammitin gündəliyində post­pandemiya dövrünün əsas prioritetləri və beynəlxalq miqyasda böyük təhlükə təşkil edən terrorizm problemlərinin geniş müzakirəsinin nəzərdə tutulması bunun bariz nümunəsidir.

Azərbaycan uzun illərdən bəri Avra­siyada münasibətlərin möhkəmlənməsi, ölkələrin iqtisadi potensialının və təbii ehtiyatlarının xalqların rifahına və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində re­gion dövlətləri, o cümlədən, qardaş Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərməkdədir. Türkiyənin artan gücünün təzahürü olaraq enerji təhlükəsizliyi sahəsində atdığı önəmli addımlar bizi sevindirir.

Bununla yanaşı, Avrasiya məkanında sabitliyi təhdid edən mühüm amil Ermənistan–Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinin indiyədək öz həllini tapmamasıdır. Avantürist Ermənistan rəhbərliyi dünyanın diqqətinin pandemi­ya ilə mübarizəyə yönəlməsini də fürsət bilərək ölkəmizə qarşı hərbi təxribatları gücləndirmişdir. Sentyabrın 27-də törədilmiş təxribat Ermənistanın, məhz dövlət səviyyəsində otuz ildən artıq yü­rütdüyü terrorizm və işğalçılıq siyasətinin davamıdır.

Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yal­nız ölkəmizin ərazi bütövlüyü, suveren­liyi və sərhədlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Müasir dünyada sülhün və əmin-amanlığın qo­runmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün də bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması naminə haqq işimizi dəstəkləyir. Bizə böyük mənəvi güc verən bu misil­siz dəstəyinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!

İnanıram ki, bu toplantıda aparacağınız fikir mübadiləsi və müzakirələr qarşılıq­lı əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə toplantısının işinə uğurlar arzula­yıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2020-ci il

8 Oktyabr 2020 01:32 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə