Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənimizi qələbəyə aparan Azərbaycan Ordusu ilə qürur duyuruq!

Artıq 30 ilə yaxındır ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində danışıqlar aparılır. Bu illər ərzində Azərbaycan hökuməti ərazidə sülhün bərqərar olması və torpaqların canlı qüvvə itkisi olmadan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində dəfələrlə öz mövqeyini bildirib.

Lakin Azərbaycanın sülh yolu ilə torpaqlarının geri qaytarılması təkliflərini Ermənistan rəhbərliyi qəbul etməyərək, cəbhədə atəşkəsi pozmağı, mülki əhaliyə və ordumuza qarşı təxribat törətməyi üstün tutub. Atəşkəs rejiminin Ermənistan tərəfindən yenidən pozulması nəticəsində sentyabrın 27-də düşmən tərəfindən bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artille­riyadan istifadə edilərək təmas xəttində yerləşən yaşayış məntəqələrimiz, eyni zamanda, hərbi mövqelərimiz atəşə tutu­lub. Bu təxribata cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən genişmiqyaslı əks-hücum əməliyyatları icra edilir.

Artıq Azərbaycanın bir neçə kəndi, strateji əhəmiyyətli yüksəkliklər işğalçılar­dan azad edilib. Qüdrətli Azərbaycan Or­dusu düşmənin hərbi mövqelərinə zərbələr endirməkdə davam edir. Bu şanlı günlərdə bütün Azərbaycan xalqının diqqət cəbhə bölgəsinə yönəlib. Cəmiyyətin bütün təbəqələri, vətəndaşlarımız Vətən naminə, Azərbaycan torpaqlarının təcavüzdən birdəfəlik azad edilməsi yolunda öz Prezidenti ilə birlikdədir və onun bu haqq yolundakı bütün təşəbbüs və çağırışlarını dəstəkləyir. Vətəndaşlarımız sarsılmaz xalq-ordu birliyi, həmrəylik nümayiş etdirərək cəsur oğullarını Azərbaycan Ordusu sıralarına təntənə ilə yola salmaq­dadır. Ordumuzun bu parlaq qələbələri, ən mükəmməl səviyyədə təcəssüm etdirilən xalq və dövlət vəhdətinin ərsəyə gəlməsinin əsas səbəbi, cənab Prezident İlham Əliyevin uzun illər ərzində yürütdüyü ordu quruculuğu, daxili və xarici siyasətdə atılan uğurlu addımları təşkil edir. AMEA Yüksək Texnologiyalar Parkının kollektivi xalqımızın qələbə əzminə, vətənpərvər övladlarımızın Vətən uğrunda savaşına öz mənəvi dəstəyini ifadə edir. Ehtiyatda olan əsgər və zabitlərimiz, Qarabağ qazilərimiz ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müvafiq əmr və sərəncamlarına uyğun olaraq, lazım gəldiyi anda ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə aparılan haqlı mübarizəyə qatılmağa, ön sıralarda düşmənə qarşı vuruşmağa hazırdır.

Artıq kollektivimizin iki əməkdaşı səfərbərliyə cəlb olunaraq düşmənə qarşı mübarizədə iştirak edir. Bütün Azərbaycan xalqı, o cümlədən 1992-1993-cü illərdə Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə Suraxanı Könüllülər Batalyo­nunda könüllü olaraq iştirak edən döyüşçü kim mən də oradan gələn hər yeni zəfər müjdəsini sonsuz sevinclə qarşılayıram. Şanlı Ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində, haqq savaşında zəfərlər, xalqımıza qələbə sevinci arzula­yırıq. Əminik ki, çətin sınaqlardan keçmiş, həlledici anlarda həmişə coşqu ilə təzahür etmiş dövlət və xalq birliyimiz sayəsində buna nail olacağıq!

Vasif ABBASOV,
AMEA Yüksək Texnologiyalar Parkının direktoru, Qarabağ müharibəsi veteranı

3 Oktyabr 2020 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə