Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müharibə başlayarsa, Ermənistan ağır məğlubiyyətə düçar olacaq

Son aylarda Ermənistanın Azərbaycana qarşı təxribatlarının sayı artıb və bu, təbii ki, Azərbaycan ictimaiyyətində ciddi narahat­lıq doğurur. Bu ölkənin ayrı-ayrı rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyan tərəfindən səsləndirilən təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazır­laşdığını nümayiş etdirir. Elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə BMT Baş Assambleyasındakı çıxışında BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsi üçün tədbirlər görməyə çağırdı və bəyan etdi ki, cəbhə bölgələrində təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu da onunla əlaqədardır ki, Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi bo­yunca mütəmadi olaraq mülki əhalini qəsdən hədəfə alır və təxribatlar törədir. Ermənistanın iyul ayında Ermənistan- Azərbaycan sərhədində törətdiyi təxribat aktı nəticəsində Tovuz rayonu artilleriya atəşinə məruz qalıb, hərbçilərimiz və bir mülki şəxs öldürülüb, mülki infrastruk­tura ciddi zərər vurulub. Bunun ardınca Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib. O, dəstə tərəfindən azərbaycanlı hərbçilərə və mülki vətəndaşlara qarşı terror aktları törədilməsinin planlaşdırıl­dığını etiraf edib.

Ermənistanın baş naziri ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Prezident İlham Əliyev BMT Baş As­sambleyasındakı çıxışında deyib: “Onun (Nikol Paşinyanın – red.) “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. O, danışıq­lar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılma­lıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Azərbaycanın dövlət başçısı onu da qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak üçün on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradıldığını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.

Azərbaycan lideri nasizmin şöhrətləndirilməsinin Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldığını qeyd edərək deyib ki, mənfur nasist ge­neral Qaregin Njde milli qəhrəmana çev­rilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sü­rür. Gənc nəslə Azərbaycan xalqına qarşı nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiya­sı qəbul edib. Sənəddə irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.

Prezident İlham Əliyevin dediyi kimi, hazırda danışıqlar faktiki olaraq getmir. Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etmək istəmir. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Ermənistanın indiki rəhbərliyi bu addımların nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. Amma bu ölkədə rasional düşüncəli insanlar, siyasətçilər var. Onlar ölkə ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü rəhbərlik Ermənistanı uçuru­ma aparır. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdı ki, Qarabağ proble­mini həll etmək istəyirlər. Bununla bağlı Azərbaycana müsbət siqnallar göndərib, vaxt istəyib. Hətta Ermənistanın baş naziri Düşənbədə Azərbaycan Prezidenti ilə görüşərkən xahiş edib ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək.

Ancaq keçən il Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesinə ciddi zərbə vu­rub. Bu, Paşinyan hökumətinin siyasi təxribati idi. İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, Azərbaycan heç vaxt razı ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna heç vaxt razı ola bilməzdilər.

Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb. Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsində bu məsələdən danışaraq bildirib: “Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da davam edək, bu, sadəcə, məsuliyyətsizlik olar. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalı­yıq. Danışıqlar getmir və bu, pandemiya­ya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. İndi baxın, onların digər addımlarına. Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Onların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur – onlar bunu nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər”.

Beləliklə, Livandan erməni ailələrinin işğal altındakı rayonlara köçürülməsi, eləcə də bizim qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimi keçirməsi ermənilərin növbəti təxribatıdır. Məqsəd danışıqları pozmaq, bunda Azərbaycanı günahlandırmaq və status-kvonu dəyişməz saxlamaqdır.

Bu ilin iyulunda Tovuz rayonun­dakı mövqelərimizə Ermənistanın hücumu uğursuzluqla nəticələndi. Bir santimetr belə irəli keçə bilmədilər. Azərbaycan Ordusu onlara sarsıdıcı zərbələr endirdi. Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi. Hesab edirik ki, Ermənistan Tovuz təxribatı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərinin reaksiya­sını öyrənmək istəyirdi. Amma Kollek­tiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bəyanat da vermədi. Ermənistanın bu istiqamətdəki səyləri də puça çıxdı. Prezident İlham Əliyev deyib: “Onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq...Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlü­yü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

Təbii ki, Ermənistan yeni müharibəyə başlayarsa, məğlubiyyəti qaçılmazdır. Bunu bu ölkənin sabiq prezidenti Robert Koçaryan da təsdiq edib, məsuliyyətsiz bəyanatları ilə hərbi gərginliyi artıran Ermənistan rəhbərliyinin Azərbaycanla uzumüddətli müharibəyə hazır olma­dığını bildirib: “Əgər sənin ölkəndə mühacirət davam edirsə, sən əhalisi tam başqa olan Azərbaycanla münaqişəyə girə biləcək faktor olmursan. Çünki uzumüddətli müharibə sonda resurs müharibəsi olur, bunu anlamalı­san. Qısamüddətli müharibə döyüş qabiliyyəti, mobil idarəetmədən asılı olur, amma uzumüddətli müharibə resurs müharibəsidir. Sənin resurs­ların tükənirsə, bundan istifadə edə bilməzsən”.

Robert Koçaryan Ermənistan hakimiyyətinin Qarabağ barədə bəyanatlarını təhlükəli və zərərli he­sab edib. Onun fikrincə, danışıqların formatını dəyişdirməklə bağlı Paşin­yanın təkidi ciddi diplomatik uğur­suzluqdur. Digər tərəfdən, Türkiyənin regionda aktivləşməsi Yerevan üçün əlavə təhlükə mənbəyidir: “Türkiyə həmişə Azərbaycanı dəstəkləyib, amma heç vaxt belə hazırlıq, güc nümayişi olmamışdı. Müəyyən mənada Türkiyə Rusiyanın təsirini azaltmaq istəyir. İndi Türkiyə regionda önəmli faktora çevrilib. Çox praktik və cəsarətli addımlarla öz mövcudluqlarını möhkəmləndirməyə və Ankaranın iştirakı olmadan heç bir tərəfin ciddi addım atmamasına çalışırlar”.

Ermənistanda belə düşünən, təbii ki, təkcə Koçaryan deyil. Hazırda erməni ictimaiyyəti də Azərbaycanla hərbi qar­şıdurma tərəfdarı deyil. Bu ölkədə hamı yaxşı dərk edir ki, müharibə başlayarsa, Ermənistan məğlub olacaq.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

25 Sentyabr 2020 03:11 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə