Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID–19-a qarşı birgə mübarizə aparmalıyıq

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar. Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, çağırışlara uyğun ünvanlara gedişlərdə ləngimələrin olmaması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Qeyd etməliyik ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülüb və davamlı olaraq görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib. Yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonla­rının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olun­masına imkan verir. Eyni zamanda, avtomobillər bir sıra özünəməxsus özəlliklərə də malikdir. Belə ki, “Mer­cedes Sprinter 416” bazasında təcili tibbi yardım avtomobilləri (reanimo­bil) avadanlıq və burada göstərilən tib­bi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə -- əsas xərək, çoxfunk­siyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqol­yator, elektrokardioqram, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib.

“Ford Transit” bazasında təcili tib­bi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan COVID --19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koro­navirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparı­lan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığı­nı qorumaq, mümkün qədər COVID –19 -a yoluxmanın artmasına imkan verməmək, pandemiyadan az itkilərlə çıxmaqdır.

Hazırda inkişaf etmiş ölkələrin mütəxəssisləri araşdırmalar və tədqiqatlarla COVID --19-a qarşı 200 vaksinin kliniki və klinikəqədər sınaq­lar mərhələsində olduğunu bildirirlər. Hələ ki, onlardan, heç olmasa, ən azı birinin işə yarayacağına heç bir zəmanət yoxdur. Lakin 2021-ci ilin sonunadək 2 milyard doza effektli və təhlükəsiz vaksin əldə etməkdən ötrü əlimizdən gələni etməliyik. Ümum­dünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adhanom Qebreyesus bu barədə Cenevrədə brifinqdə deyib. Qebreyesus vaksinin işlənib hazırlan­ması üçün ÜST-nın himayədarlığı ilə yaradılan COVAX Alyansına böyük ümidlər bəslədiyini bildirib.

Doktor Tedros qeyd edib ki, Alyans çərçivəsində aparılan fəaliyyət effektli vaksinin axtarışının yarışma ruhunda deyil, əməkdaşlıq ruhun­da icra olunacağına zəmanət verir. İndiyədək yüksək gəlirə malik 64 ölkə COVAX Alyansına rəsmi olaraq qoşulub. Sənaye cəhətdən inkişaf etmiş daha 38 ölkə müvafiq sənədi ən yaxın günlərdə imzalayacaq. Alyansın tərkibində, həmçinin aşağı gəlirə malik 92 ölkə var və onlar maliyyə dəstəyinə ehtiyac duyurlar. Ümumilikdə, bu təşkilat çərçivəsində 156 ölkə vak­sinin işlənib hazırlanmasına yardım göstərəcəklərini vəd ediblər, yaxud da ümumi ehtiyatdan vaksinin alınması hüququnu qabaqcadan əldə ediblər. Alyansın iştirakçı ölkələrinin payına dünya əhalisinin 64 faizi düşür.

Bu təşkilat çərçivəsində dövlətlər maliyyə və elmi resurslarını birləşdirə, hər hansı ayrıca namizəd-vaksinin işlənib hazırlanması zamanı uğur­suzluqdan sığortalana və uğurlu tədqiqatların rentabelliyini təmin edə bilərlər. “COVAX Alyansının məqsədi hamını ədalətli şəkildə koronavirus əleyhinə vaksinlə təmin etməkdir”, -- deyən ÜST rəhbəri bütün ölkələri bu Alyansın uğurlarına imkan yaratmağa səsləyib.

Əsas məsələ odur ki, təşəbbüsün həyata keçirilməsi üçün əlavə investisi­yalar tələb olunur. Hələ ki, ölkələr ko­ronavirusa qarşı mübarizə vasitəsinin axtarışına, o cümlədən COVAX vasitəsilə 3 milyard dollar ayırıblar. Lakin qarşıya qoyulan məqsədlərə nail olmaqdan ötrü 35 milyard dollar tələb olunur. Onun sözlərinə görə, 15 milyard dollar “dərhal lazımdır”. ÜST rəhbəri bildirib ki, hazırda COVID --19-a qarşı 200 vaksin kliniki və klinikəqədər mərhələdədir. Bununla yanaşı, o vurğulayıb ki, hələ onlardan ən azı birinin işə yarayacağına heç bir zəmanət yoxdur.

Xatırladaq ki, Azərbaycan GAVI Alyansı (Global Alliance for Vaccines) ilə COVID --19 koronavirusuna qarşı vaksinin alınması barədə razılaşma əldə edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olun­duqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin oluna­caq.

Bununla belə qeyd etməliyik ki, dünyada virusa yoluxanların sayı yenidən artır. Buna təbii ki, qaydalara əməl etməmək səbəb olub. Artıq bir çox Avropa ölkələrində sərt karantin rejiminə qayıdıblar. İsraildə məktəblər yenidən 3 həftə müddətinə bağlanıb.

Koronavirus pandemiyasının ikinci dalğası yenidən İspaniyanın səhiyyə sisteminin başının üstünü alıb. İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən demək olar ki, son günlər ərzində yeni yoluxmaların sayı 31 mini keçib, 170 ölüm faktı təsdiqlənib. Günü-gündən pisləşən vəziyyət kəskin və xroniki xəstəlikləri olan pasiyentlərə yardım edilməsində ləngimələr yaradır. İspaniyanın Rəsmi Əczaçılar Kollegiyasının Baş Şurası bununla bağlı təcili manifest dərc edib. Müraciətdə ölkənin apteklər şəbəkəsi COVID --19-a qarşı mübarizədə özünün təcili yardımını təklif edir. İspaniyalı əczaçılar pandemiyaya müqavimət göstərmək, COVID --19-a yoluxma hallarının profilaktikası və erkən aşkarlanması üçün işlənib hazırlanmış strategiya və proqramlar­da apteklərin iştirakını təmin etmək, səhiyyə orqanları tərəfindən müəyyən edilən fəaliyyət protokolunda şərh edilən prosedurlara müvafiq olaraq apteklər tərəfindən əhali arasında eks­press - testlərin aparılmasını kömək etmək üçün hakimiyyət orqanlarını ictimai səhiyyənin əlaqələndirilmiş strategiyasının işlənib hazırlanması­na səsləyirlər. Manifestdə, həmçinin COVID --19-a qarşı gələcəkdə hazırlanacaq vaksinin və qrip əleyhinə vaksinin əlçatan olmasının maksimal şəkildə təmin edilməsinin zəruriliyi qeyd olunur.

Amma bu zəruriliyə yol açmamaq üçün əlimizdə çox böyük imkanlar var. Sosial məsafənin saxlanması, maska taxılması və gigiyenik vasitələrdən istifadə edilməsi. Bu sadə vasitələrlə özümüzü qorumağı bacarsaq, nə peyvəndə ehtiyac olacaq, nə də külli miqdar vəsait toplanmasına. Xəstəliyi yayan da bizik, ondan qorunmaq istəyən də. Payız fəslinin başlan­ması ilə əlaqədar olaraq, mövsümü xəstəliklərin də yayılıb həkimləri çaşdırmaması üçün, özümüzü taleyin ümüdinə buraxmamalı, sağlam qalmaq naminə operativ qərargahın tələblərinə uyğun qorumalıyıq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

25 Sentyabr 2020 03:09 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə