Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni istifadəyə verilən elektron su portalı vasitəsilə “Azərsu”ya müraciət etmək asanlaşıb

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqan­larının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrin icrasını təmin etmək, vətəndaşlara göstərilən xidmətlərdə əlçatanlığın, operativliyin, şəffaflığın və səmərəliliyin artırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən elektron su portalı (http://e-su. az) istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də portalın təqdimatı ilə bağlı keçirilən brifinqdə “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bu sistemin kommunal sektorda ilk dəfə tətbiq olunduğunu bildirib. Deyib ki, portal cari ilin sentyabrından ilkin versiyada vətəndaşların istifadəsinə verilib. Portalda “Azərsu” ASC-nin tətbiq etdiyi bir çox elektron xidmətlər vahid platformada birləşdirilib. Bu sis­tem vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımın­dan da mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, elektron su por­talına giriş “Asanlogin” üzərindən həyata keçirilir. Sistemə daxil olduqdan sonra abonentin kodu, telefon nömrəsi və elektron poçt ünvanı qeyd olunur. Sistem Elekt­ron Hökumət Portalına inteqrasiya olunduğundan qeydiyyat zamanı istifadəçi barədə məlumatlar dərhal sistemdə görünür. Portalda istifadəçilərə 5 abonent kodunu idarə etmək imkanı yaradılıb və vətəndaşlar həmin kodlara uyğun abonent məlumatlarını dərhal əldə edirlər. Burada içməli su və tullantı su xidmətlərinə görə for­malaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda, abonentlər bütün ödənişləri ilə bağlı məlumatları da sistem vasitəsilə əldə edə bilərlər. Bu da gələcəkdə ödənişlərlə bağlı mübahisəli məsələləri aydınlaşdırmağa imkan verir. Portal üzərindən əhali qrupu üzrə istehlakçılar mexaniki sayğac­ların göstəricilərini təqdim edib bildirişləri əldə edə bilərlər. Gələcəkdə vətəndaşlar texniki şərtin alınması, su nümunələrinin yoxlanılması, yeni istifadəçinin qeydə alınması xidmətlərindən də yararlana biləcəklər.

Məlumat verilib ki, bu sistem “Azərsu” ASC-yə ünvanlanan müraciətlərin icra vəziyyətini izləməyə də imkan verir. Belə ki, vətəndaşlar müraciət et­diyi gündən müraciətin icra vəziyyətini canlı olaraq izləyə bilir. Müraciətin hazırkı icra mərhələsi, son icra tarixi və məsul şəxslər barədə məlumatlar əldə edə bilərlər. Müraciətlərin araş­dırılması üçün əlavə vaxt tələb olunduqda bu barədə vətəndaşa onlayn qaydada məlumat verilir. Portalda vətəndaşlar üçün “on­line çat” imkanı da yaradılıb və istifadəçilər 24 saat bu imkan­dan yararlana bilərlər. Hazırda istifadədə olan ilkin versiyada bəzi xidmətlər aktivdir. Portalda təqdim edilən xidmətlərin çeşi­dinin genişləndirilməsi üzərində mütəmadi işlər aparılır. Gələn ildən portalın mobil versiyası da istifadəyə veriləcək.

25 Sentyabr 2020 02:55 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə