Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni dövrün yeni dərs ili

Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bu gün ölkəmizin bütün tədris müəssisələrində yeni dərs ili başlayır. Budəfəki yeni tədris mövsümü əvvəlki illərdə qarşıladıqlarımızdan əsaslı şəkildə fərqlənir. Orta və ali məktəblər öz fəaliyyətlərini, sadəcə olaraq, iki aylıq yay tətilindən sonra deyil, bütün dünyanı cənginə almış, ölkələrin iqtisadi və ictimai durumunu, insanların həyat şəraitini, hətta düşüncə və davranış tərzini ciddi şəkildə dəyişmiş COVID-19 virusunun vadar etdiyi ya­rım illik karantin rejimindən sonra bərpa edir. Hətta dünya sosioloqlarından bəziləri cəmiyyətin kommunikativ, insanların psixoloji vəziyyətindəki dəyişmələri nəzərə alaraq postpandemiya mərhələsini tamam yeni bir dövr kimi qiymətləndirirlər. Bu virusun yayılması dünya miqyasında təhlükəli xarakter aldığına görə Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edəndə təcrid və karantin şəraitinin ölkələrin iqtisadi və sosial durumu üçün ciddi problemlər yaradacağı hamıya aydın oldu. Müxtəlif dövlətlərin hakimiyyət dairələri vəziyyətdən mümkün qədər az itkilərlə çıxmaq üçün yollar axtarmağa başladılar.

Yerli şəraitdən doğan spesifik detalları nəzərə almasaq, əslində bu yanaşmada iki yol var idi: ya qorunma şəraitini bir qədər yumşaq keçirərək iqtisadiyyatın müxtəlif sahələrinə dəyə biləcək ziyanı azaltmaq, ya da əhalinin sağlamlığının qorunmasını prioritet kimi qəbul edərək dövlətin iqtisadi və sosial sahədə meyda­na çıxacaq problemlərin həllini öz üzərinə götürməsi. Azərbaycan dövləti ikinci yolu seçdi və Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində insanların sağlamlığını mümkün qədər qorumaq, xəstəliyin bir çox ölkələrdə olduğu kimi, kütləvi yayılmasının qarşısını almaq mümkün oldu. Fəaliyyətinin bütün sahələrində humanizm prinsiplərini əsas götürən Azərbaycan dövlətinin məhz bu yolu seçməsi təbii və gözlənilən idi. Bir cəhəti də xüsusi vurğulamaq lazımdır ki, bu zaman ölkəmizdə insanların rifahının, həyat şəraitinin qorunma­saına xidmət edən sosial proqramlar­dan heç biri ixtisar edilmədi, əksinə, onların bəzilərində (məsələn, məktəb tikintisində) göstəricilər ötən illərlə müqayisədə daha yüksək oldu.

Öz işini sərt karantin səraitinə uyğunlaşdırmalı olan sahələrdən biri də təhsil sistemi idi. Həmin iş prinsipləri bu gün də davam edir. Buna görə də yeni dərs ilinin əvvəlkilərdən fərqləndiyini xüsusi vurğulayırıq. İlk dəfədir ki, yeni dərs ilinin baş­lanması respublika hökumətinin xüsusi qərarı ilə tənzimlənir. Qərarda deyilir: “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, pro­filaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitarya-epidemioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır: “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edilsin.”

Dövlətimizin təhsil sahəsinə bu qədər diqqət yetirməsi, bu cür həssas yanaşması müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi ənənəsinin davam etdirilməsidir. Ulu öndər cəmiyyət həyatında təhsilin vacibliyini bu sözlərlə xüsusi qeyd edirdi: “He sab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir.”

Dövlətimizin təhsil siyasətinin başlıca prinsipi ondan ibarətdir ki, cəmiyyətin inkişaf yolu təhsil sahəsinə münasibətdən birbaşa asılıdır. Millətin və dövlətin gələcəyinin təhsilin xarakteri və səviyyəsi ilə bağlı olması həqiqəti bütün xalqların tarixində özü­nü göstərir. "Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacaq" fikrini cəmiyyətimizə təlqin edən ulu öndər Heydər Əliyev böyük dövlət xadimi olmaqla bərabər, həm də alovlu maarifpərvər idi.

Onun Azərbaycana rəhbərliyi dövründə təhsil sahəsində elə mütərəqqi ənənələr formalaşdırıl­mışdır ki, artıq hər hansı problem bu sahədə davamlı inkişafın qarşısını ala bilməz. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük əzmlə həyata keçirilən strateji inkişaf kursu­nun uğurları sayəsində milli təhsil ənənələrimiz daha da möhkəmlənir. Azərbaycan vətəndaşlarının mədəni-intellektual potensialının yüksəlməsi, təhsilin keyfiyyətcə dəyişərək yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində lazım olan bütün addımlar atılır. Milli təhsilimizin inkişafına yönəlmiş məqsədyönlü siyasətin Azərbaycanın gələcəyi baxımından nə dərəcədə böyük əhəmiyyət daşıdığını xüsusi vurğula­maq zəruridir.. Təhsilin tərəqqisi, gənc nəslin təlim-tərbiyəsinin müasir döv­rün tələblərinə uyğun qurulması, indiki gənclərin sabahın layiqli vətəndaşları kimi yetişdirilməsi məqsədilə görülən işlər cəmiyyət tərəfindən böyük vətənpərvərlik nümunəsi kimi qiymətləndirilir.

Ulu öndər özü bu strateji xəttin gələcəyini böyük uzaqgörənliklə dəyərləndirirdi: “Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğ­rudur, bu proses çox mürəkkəb prosesdir və qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına tezliklə nail olsunlar.”

Ümummilli liderin qarşıya qoyduğu bu vəzifələr mahiyyətcə dövlətimiz və cəmiyyətimiz üçün strateji fəaliyyət proqramı idi. Onun həyata keçirilməsi asan olmasa da, ölkəmizin gələcəyi naminə həyati xarakter daşıyırdı. Müstəqil dövlət quruculuğu üçün ən vacib sahələrdən biri sayılan və yeni dövrün tələblərinə cavab verən təhsil sisteminin yara­dılması da ulu öndərin tövsiyələrinin yerinə yetirilməsi sayəsində mümkün oldu. 1993-1994-cü tədris ilindən ali təhsildə 4 illik bakalavriatura və 2 illik magistratura sisteminə keçildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkədə ali təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində əsaslı addımlar atıldı, bir sıra ali təhsil müəssisələri yenidən quruldu və uni­versitet statusu aldı.

Müstəqilliyimizin ilk illərində təhsil sistemində yeniliklərdən biri də özəl təhsil müəssisələrinin yaran­ması oldu. 1998-ci ildə ölkədə artıq dövlət qeydiyyatından keçmiş 17 özəl ali məktəb fəaliyyət göstərirdi. 2001-ci ildə ilk özəl ümumtəhsil məktəbi – indi Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksi fəaliyyətə başladı. Hazırda ölkəmizdə dünya standartlarına uyğun olaraq, özəl məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin geniş şəbəkəsi fəaliyyət göstərir.

Təhsilin inkişafı üçün zəruri ehti­yacları böyük uzaqgörənliklə duyan Heydər Əliyev 1998-ci ildə ölkəmizdə təhsil sistemində islahatlar aparılma­sına dair xüsusi sərəncam imzaladı. Çox qısa müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində isla­hat Proqramı” hazırlandı və 1999-cu ildə təsdiq edildi. 2002-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilən və 2003-2007-ci illəri əhatə edən Dövlət Proqramından sonra bu işlər daha sistemli şəkildə aparılma­ğa başlandı. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi haqqında” fərmanı bu sahədə aparılan islahatları yeni keyfiyyət mərhələsinə qaldırdı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə dərsliklərin ümumtəhsil məktəblərinin şagirdlərinə pulsuz verilməsinə başlandı.

Ümummilli liderimiz Heydər Əliyevin ideyaları ondan sonra böyük öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyətlə həyata keçirilməyə başlandı. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər çağdaş təhsilimizin tarixində yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, təhsilin elmi əsaslar üzərində qurulmuş dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi dəyərləndirilməlidir.

Təhsilin ayrı-ayrı sahələrinin in­kişafı üzrə qəbul edilmiş dövlət proq­ramlarının reallaşdırılması nəticəsində infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Son illər üç mindən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən zəruri fənn laboratoriyaları ilə təmin edilməsi, təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. So­vet İttifaqının mövcud olduğu 70 il ərzində ümumilkdə bundan xeyli az məktəb tikilmişdi. 2020 -2021-ci tədris ilinin ilk günü bir neçə məktəb istifadəyə veriləcək. Onlardan Bakı şəhəri, Binəqədi rayonu Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu 21 nömrəli (264 şagird yerlik), Astara rayonu Burzubənd kəndində (360 şagird yerlik), Sumqa­yıt şəhəri 9 nömrəli (1176 şagird yer­lik), Beyləqan rayonu Dünyamalılar kəndində (624 şagird yerlik), Şamaxı rayonu Şəhriyar kəndində (360 şagird yerlik), Cəlilabad şəhəri yeni yaşayış massivində (624 şagird yerlik), İmişli rayonu Muradxanlı kəndində (264 şagird yerlik) tam orta məktəblərini, eləcə də Şamaxı şəhərindəki 2 nömrəli tam orta məktəbinin əlavə korpusunu (1180 şagird yerlik) misal göstərmək olar.

Məktəb tikintisindən söz açarkən bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazım­dır. Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsini, ideyalarının həyatda tətbiqini qarşıya məqsəd qo­yan Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci vitse-prezi­denti Mehriban xanım Əliyevanın rəhbərliyi altında xalqımızın rifahının daha da yüksəldilməsinə yönəlmiş bütün təşəbbüsləri uğurla həyata keçirməklə yanaşı, ölkəmizdə təhsil, elm, incəsənət, mədəniyyət, eləcə də digər humanitar sahələrin inkişafına təkan verən layihələrin reallaşdırılma­sına yardımçı olur, gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişməsinə böyük dəstək verir. Humanizm, mərhəmət, vətənpərvərlik, xeyirxah­lıq hisslərinə söykənən fəaliyyətilə cəmiyyətdə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı qarşısına qoyduğu başlıca məqsəd Azərbaycanda bu sahənin müasir dövrün tələblərinə uyğun səviyyəyə yüksəldilməsindən ibarətdir.

“Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkəmizin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Məktəblərin hər birində müasir laboratoriya, kitabxa­na, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, yeməkxana, geniş meydançalar və ayrıca istilik sistemi vardır. Bu işlər hazırda da davam etdirilməkdədir. “Təhsilə dəstək” layihəsi çərçivəsində onlarla uşaq bağçası əsaslı təmir olu­naraq müasir avadanlıqla təchiz edil­mişdir. Milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 75 milyon nüsxədən çox dərslik çap edilmiş, ümumi təhsil sistemində tətbiq edilən bütün dərsliklər (400 adda) milli-mənəvi dəyərlər baxımından məzmunca yeniləşdirilmişdir.

Müstəqillik illərində ümummil­li lider Heydər Əliyev tərəfindən hələ sovet dövründə əsası qoyulmuş istedadlı gənclərin ölkəmizdən kənar ən aparıcı ali məktəblərə təhsil almağa göndərilməsi ənənələri davam etdiril­di. Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin təşəbbüsü ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edildi.

Dövlət Proqramı üzrə ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dün­yanın 32 ölkəsinin 379 aparıcı təhsil müəssisəsində təhsil almaq hüququ qazanmışdır. Gənclərimizin təhsil al­dığı ölkələr arasında Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Nider­land universitetləri üstünlük təşkil etmişdir. Ölkəmiz üçün prioritet təşkil edən ixtisaslar üzrə daha çox tələbə proqram çərçivəsində xaricdə təhsil almaq imkanı qazanmışdır. Yüzlərlə gənc Harvard, Kembric, Sorbon, Ki­oto, Moskva, Toronto, Heydelberq və digər nüfuzlu universitetlərdə ölkəmiz üçün əhəmiyyət daşıyan sahələr üzrə ali təhsil almaqdadırlar. Bu günədək Proqram çərçivəsində təhsil almış 2000-ə yaxın azərbaycanlı tələbə dünyanın ən nüfuzlu ali məktəblərini bitirərək yüksək səviyyəli mütəxəssis diplomu almışdır.

Hazırda ölkə təhsilinin əsas fəaliyyət proqramı Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlıdır. Bu gün Azərbaycanın təhsil sistemində bütün istiqamətlər üzrə islahatlar prosesi dönməz xarakter almış, Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin parlaq gələcəyini təmin edəcək layihələr reallaşdırılmağa, Azərbaycan təhsilinin davamlı inkişa­fına yönəlmiş əsaslı proqramlar həyata keçirilməyə başlanmışdır.

Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev müxtəlif müsahibə və çıxışlarında dəfələrlə vurğulamışdır ki, təhsil ölkəmiz üçün əsas prioritet istiqamətlərdən biridir. Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildə qazanılan nailiyyətlər həmin ölkənin inkişaf perspektivlərinin mühüm komponenti sayılır. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər dövlətimizin bu sahəyə necə böyük önəm verdiyini göstərir. Təbii sərvətləri ilə zəngin olan Azərbaycan, Prezidentimizin sözləri ilə desək, bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib. Məhz buna görə də ölkəmizdə insan kapitalının formalaşdırılmasında başlıca rol oynayan təhsilin inkişafına xüsusi diqqət yetirilir. Cəmiyyətimizi ciddi sınaqlarla üz-üzə qoymuş son ayların təcrübəsi bir daha göstərir ki, heç bir çətinlik Azərbaycan Dövlətini xalqımızın gələcəyi, tərəqqisi üçün vacib olan məsələlərin həllindən, o cümlədən təhsilin inkişafı uğrunda əzmkar fəaliyyətdən çəkindirə bilməz.

Təhsil sosial fəaliyyətin elə bir sahəsidir ki, onun vəziyyətinin, gələcəyinin, problemlərinin bu və ya digər dərəcədə hər ailəyə, hər kəsə aidiyyəti var. Buna görə də yeni dərs ilinin başlanmasını bayram etmək lazımdır. Bu gözəl günün bayram sevincindən hamıya pay düşür.

İlham ABBASOV, “Xalq qəzeti”

15 Sentyabr 2020 00:02 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə