Ən son xəbərlər
Təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri arasında şagird və tələbələrin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin aparılması və ilk tibbi yardımın göstərilməsi indi daha önəmlidir. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da, məktəbə ilk dəfə gedən uşağa fizioloji, psixoloji və sosial adaptasiyalardan keçməyə, təhsil müəssisələrində fəaliyyət göstərən peşəkar psixoloq, sosial pedaqoq, loqoped və tibb bacılarından ibarət olan peşəkar multidistiplinar bir heyət kömək edir. Bu barədə Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova təhsil müəssisələrinin açılması ilə bağlı, pedaqoji kollektivlərin artan məsuliyyətindən danışarkən deyib:
– Hazırda ölkəmizin təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılmasının ən vacib məsələlərdən biri olduğunu xüsusi qeyd edən məsləhətçi bildirib ki, qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Pandemiya dövründə isə buna ikiqat diqqət ayrılmalıdır. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidirlər. Xəstəliyi keçirib sağalanlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidirlər.
Qeyd etmək lazımdır ki, təhsil müəssisələrində tibbi xidmətin təşkili Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarının təsdiq edilməsi haqqında” qərarına əsasən aparılmalı və daim nəzarətdə saxlanılmalıdır. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014 – 2020-ci illər üzrə Dövlət proqramı”, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018 – 2022-ci illər üzrə Dövlət proqramı”, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015 – 2020-ci illər üzrə strategiya”, eləcə də qəbul olunan digər sənədlər gənc nəslin sağlamlığının qorunması, onların öz ölkələrinin layiqli vətəndaşlar kimi böyüməsi üçün ölkə rəhbərliyi tərəfindən atılan mühüm addımlardır.
A.Zeynalova Səhiyyə Nazirliyinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə davamlı və məhsuldar əməkdaşlığın təhsil və səhiyyə sahələrinə göstərdiyi təsiri haqqında fikirlərini bildirərək, qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində, o cümlədən ölkəmizdə də səhiyyə və təhsil sahələrinin inkişaf siyasətinin ayrılmaz bir hissəsinə çevrilib. Bundan başqa, daha bir layihə olan Təhsil Nazirliyi tərəfindən məktəblərdə həyata keçirilən “Sağlam təhsil – sağlam millət” proqramının bir tərkib hissəsi olaraq, həyata keçirilir və proqramda əks olunmuş sağlamlıq məsələlərinin icrasına öz töhfəsini verir.
Məsləhətçi təhsil müəssisələrinin açılmasının havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrünə təsadüf etdiyi barədə də söhbət açıb. Payız-qış fəsillərində havaların dəyişməsi, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqlarda masaların sıxlığı, əks- epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir.
COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş əlavə tədbirlərdən danışarkən bildirməliyilk ki, müvafiq tədbirlər barədə qərarların dərhal verilib, həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Uşaqlar və gənclər UNICEF, ÜST və Səhiyyə Nazirliyi kimi etibarlı mənbələr vasitəsilə COVID-19 virusu haqqında daim məlumatlı olmalıdırlar. Məktəblərin açılması ilə yeni dərs ilində 6 aydan çoxdur bağlı qalan və onlayn təhsilə alışmış pedoqoji kollektiv məktəblərə, əvvəlki iş rejiminə qismən də olsa qayıdacaq. Nəzərə alsaq ki, koronavirusun gizli daşıyıcıları uşaqlar hesab olunur, o zaman müəllimlərin evdə olduqları kimi özlərini ciddi qoruması çətin olacaq. Uşaqlar koronavirusu evdən, küçədən məktəbə daşıya bilər və əlbəttə ki, təhlükəsizlik tədbirlərinə əməl etmədikdə, sinif yoldaşları və müəllimlərinə ötürə bilər. Mütəxəssislərin bildirdiklərinə görə, uşaqlar koronavirusu yüngül, simptomsuz keçirdiklərindən, məktəblərdə xüsusən, orta yaşlı pedaqoqlar özlərinin müdafiəsi barədə daha çox düşünməlidirlər.
Dünya üzrə aparılan araşdırmalar nəticəsində mütəxəssislər müəllimlərin özlərini məktəbdə, sinif otaqlarında koronavirusa yoluxmaqdan qoruması üçün verdiyi tövsiyələri bir araya toplayıb və qərara gəliblər ki, sinifdə dərs zamanı adi tibbi maska yox, xüsusi filtrli N95 KN93 tipli maskalardan istifadə edilməlidir. Eləcə də, müəllimlərin üzü şəffaf ekranla bağlanmalıdır. Bu ekranlar hər 3 saatdan bir dezinfeksiya olunmalıdır. Uşaqlarla istənilən təmasda ara məsafəsinin 2 metr olması təmin edilməlidir. Müəllimlər əllərini jurnal, uşaqların kitabı, dəftərinə əlcəklə toxundurmalıdırlar. Onlar sinifdə hər 1 saatdan bir su ilə boğazlarını yaxalamalı və su içməlidirlər. Uşaqların başı üzərində çox dayanmamalı, əllə onların üzünə, burnuna, başına toxunmamalıdırlar. Müəllimin masası hər 45 dəqiqədən bir dezinfeksiya edilməli, adi maska hər 2 saatdan bir, N95 isə 10 saatdan bir dəyişməlidir. Hər dərsdən sonra əllər isti su və sabunla yuyulmalı, hər 2 saatdan bir təmiz havaya çıxıb maskasız tənəffüs alınmalıdır. Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açılmalı, otaqlar havalandırılmalıdır. Müəllimlər, sinif rəhbərləri uşaqların hər saatdan bir əllərinin sabunla yuyulmasını təmin etməlidirlər. Səhhətində azca da olsa nasazlıq hiss edən müəllim direktora şifahi məlumat verib, heç kimlə ünsiyyətdə olmadan məktəbi tərk etməli və dərsə gəlməməlidir. Müəllimlər evə getdikdən sonra telefon, ayaqqabı, çanta dezinfeksiya olunmalı, geyimlər yuyulmalıdır. Ümumiyyətlə, pedoqoji kollektivin hər bir üzvünün hər 21 gündən bir koronavirus testi verməsi məqsədəuyğundur.
Göründüyü kimi təhsil müəssisələrinin açılması ilə pedaqoji kollektivlərin üzərinə böyük yük və məsuliyyət düşür. Bu məsuliyyəti dərk edən təhsil işçisi bilməlidir ki, qaydalara laqeyd yanaşma onların virusu məktəbdən evə, ailə üzvlərinə gətirməsinə şərait yaradar. Buna görə də, müəllimlər, ümumiyyətlə təhsil işçiləri, daha çox ehtiyatlı olmalı, həm özlərini, həm də ailə üzvlərini virusa yoluxmaqdan qorumalıdırlar.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə