Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvanşahların sonuncu iqamətgahında arxeoloji tədqiqat işləri aparılır

2020-ci ilin avqust ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix fəlsəfə doktoru  Akif Quliyevin rəhbərliyi altında Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı olan əfsanəvi Buğurt qalasında arxeoloji tədqiqat işlərinə başlayıb.

Buğurt qalasının tədqiqinə ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlanmışdı.

Buğurt qalası Şamaxı şəhərindən 20 kilometr  şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji əhəmiyyətinə görə əlverişli mövqeyə malik qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleybuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yollar Qaladərəsi kəndindən keçir. Buğurt qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də mövcuddur.

Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək.

Arxeoloq Akif Quliyevin fikrincə, bu, adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olmuşdur. Qala divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınmışdır. Qala divarlarının üzəri gümbəzvari formada hörülüb. Bu da düşmən tərəfindən mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi.

Onun sözlərinə görə, qalanın ümumi sahəsi 17 hektardır. Təqribi hesablamalara görə, qala-şəhər kompleksinə daxil ərazidə 30 minə yaxın əhali yaşayıb. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində yerləşirdi. Binalar yonulmuş qaya və çay daşlarından, bişmiş kərpiclərdən inşa edilib.

Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılmış, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülmüşdür. Bununla da minillik Şirvanşahlar dövlətinin varlığına son qoyulmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Sentyabr 2020 10:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə