Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəğmələrdə yaşayan ömür

Fikrət QOCA – 85

Dahi söz ustadı Nizami Gəncəvi söyləyib ki, dünyanın bəzəyi sözdür. Zamanın amansız gərdişi hər şeyi öz axarı ilə yuyub aparar, cahanda qalan bircə sözdür. Bu dünyanın dolanbac yollarına öz sözü ilə naxış salıb, iz ­qoyanlardan biri də Xalq şairi Fikrət Qocadır. Şairlik Tanrının insana bəxş etdiyi fitri istedaddır. Lakin şairlik qafiyəli sözləri ­misralara ­çevirib sətirlərə köçürmək deyil təkcə, gərək qəlbinin ­çırpıntıları, duyğuların, sevgin də hopsun bu misralara ki, oxucu qəlbinə yol tapa bilsin. 

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində dünyaya göz açmış, 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitunu bitirmişdir. O, erkən yaşlarından şeir yazmağa başlamış, 1960-cı illərdən bu günədək dəfələrlə kitabları çap olunmuşdur. Şairin lirik qəhrəmanı adi insandır, bunu özü şeirlərində belə etiraf edir:

Yaxşı ki, dünyada yaşayıram mən,

Bir insan adını geyib əynimə.

Bir insan ömrünü alıb çiynimə

Günlərdən-günlərə daşıyıram mən.

Şairin “Adi insan” şerində söylədiyi kimi, bu həyatda ən çətin iş insan olmaqdır:

Adi insan olmaq özü

 böyüklükdür, qardaşım.

Bu adı daşımaq özü

bir insan ömrü üçün

böyük yükdür, qardaşım!

Zamanı uçub gedən sürət qatarına bənzədir, kimi çatır, kimi çatmır bu qatara, günlərini bir-birinə calasa da. Nə qədər uzun yol getsə də, ruhdan düşmür, arzuları, xəyalları daim onu qanadlandırır. Beləcə, addımlayır şeirləri kimi rəngarəng, bəzən nəşəli, bəzən kədərli ömür yolunda. Keçdiyi ömür yolunu qoca çinara bənzədir Fikrət Qoca, onun kimi əzəmətli, vüqarlı, şux qamətli, məğrur şairimiz:

Çinar ömrü yaşamışam,

Quru bir çinaram mən.

Əyilməkdən keçib daha,

Əysəniz sınaram mən.

Fikrət Qoca müasir poeziyamıza rəng qatan, yeni ovqat bəxş edən şairlərdəndir. Şairin saf hissləri, qəlbindəki təlatümləri onun coşğun təbindən ilham alır və misralara çevrilir. Bəzən geriyə dönərək, ömür kitabının səhifələrini vərəqləyir, keçmişə boylanır. “Ömrün illəri”, “Uşaq olmaq istəmirəm” və s. belə şeirlərdəndir.

Şair “Mən qanım, ya qanmayım” şeirində oxucunu ritorik suallar qarşısında qoyur, nadanlığa qarşı çıxır:

Qansam əgər bəlkə başım daşdan-daşa dəyəcək,

Qanmaz olsam, dərd çəkmərəm, bunu gərək danmayım.

Mən qanmasam, bir qanmaz da artacaqdır dünyada,

İndi düzü mat qalmışam,  mən qanım, ya qanmayım.

Vətənpərvər şair qələm dostlarını yad etməyi də unutmur, yaradıcılığında onlara da yer ayırır. Onun faciəli taleyi olan mütəfəkkir şairimiz Hüseyn Cavidə həsr etdiyi “Cavid gəlib, aç qoynunu”, “Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım”, Rəsul Rzaya ifhaf etdiyi “Bu gün”, “Nazim Hikmətə”, “Qara Qarayevin əziz xatirəsinə” adlı şeirləri bu qəbildəndir.

Fikrət Qoca nakam şairimiz, azadlıq fədaisi Məhəmməd Hadinin anadan olmasının 140 illiyinə “Ölməzliyə gedən elçi” adlı şeir həsr etmişdir:

Qalanlar - iz olduğunu,

Olanlar - söz olduğunu,

Haqqın haqsız olduğunu

Bildi, getdi bu dünyadan.

Fikrət Qoca keçən əsrin 60-cı illərində poeziya aləminə qədəm qoyduğu gündən Rəsul Rza məktəbinin ən layiqli davamçısı kimi sərbəst şeir formasına üstünlük vermişdir. O, ustadı Rəsul Rzaya bir neçə şeir ithaf etmişdir, bu şeirlər arasında gecəsi-gündüzü olmayan şair ömründən söz açan “Bu gün” şeiri də var :

Ömür, bir üzü gecə,
 bir üzü gündüzdü.

Şair ömründən gecələri çıx,

Şair gecələrində işıq olanda işıq yanır, işıq olmayanda,

Öz fikirlərinin işığında dolanır.

Şair ömrü gecəli-gündüzlü olmur,

Əsl şairlər ona görə ikiüzlü olmur,

Nə yazsa, düzdü.

Onu oxucuya sevdirən ən başlıca cəhət şeirlərindəki təbiilik, sadəlikdi. Bu sadəliyin arxasında gizlənən həqiqətləri şair heç kimin qəlbinə, xətrinə dəymədən açıb göstərir. O, bir sənətkar ustalığı ilə yaratdığı obrazların xarakterik cizgilərini göstərməyi bacarır. “Bildirəcək”, “Xəbərçi”, “Rəngsiz adamlar”, “Rüşvətxorlar” kimi şeirlərində insanlarda olan mənfi xüsusiyyətləri ifşa edir. Rüşvət alanı da, verəni də tənqid edir, rüşvəti “kürəyimizə sancılan xain bıçağı” adlandırır. Şair tarixə adı xəyanətkar kimi düşənlərlə dövrümüzdəki rüşvət alanlar arasında maraqlı bənzətmələr edir, onun fikrincə, Babəki satanlar da, Məhsətini Gəncədə daş-qalaq edənlər, Sabiri Bakıda qoçulara döydürənlər, Hələbdə Nəsiminin dərisini soyduranlar da rüşvətxorlardır.

Fikrət Qocanın poetik yaradıcılığına xas cəhətlərdən biri də mövzu rəngarəngliyidir. Hətta romantik məzmunlu, məhəbbətdən bəhs edən şeirləri də bir-birini təkrarlamır. Bəzən səmimi hisslər incə yumora, həzin xatirələr kədərli notlara çevrilir. Dünyanı nağıla bənzədən şair “Dünyada xoşbəxtlik yaşayır” şeirində baharda yağan yağışı, qışda ələnən qarı da xoşbəxtlik rəmzi sayır:

Dünyada xoşbəxtlik gəzir, dolanır,

Döyür qapıları, evlərə girir.

Dünyada xoşbəxtlik yaşayır, bəli,

Qonşuluq eləyir kədərlə, qəmlə.

Bəlkə də hamıya çatmayır əli,

Xoşbəxt olmağa da tələsmirəm mən.

“Qoca ərəbin səhər namazında duası” şeirində qədim dövrdən bəri formalaşmış sxolastik dini fəlsəfənin insanların şüurunda kök salmış təzahürlərini əks etdirir. “Qoca ağaclar” şeirində insanların qocalanda bəzən lazımsız hesab edildiklərindən danışır. “Tut ağacı” şirin xatirələr aləminə aparır insanı. “Sərhəd boyunca” şeirində dərdli insanları uca, əzəmətli dağa bənzədir. “Ömrün illəri” şairin həyat haqqında düşüncələri, “Kəndirbazlar” şeiri çərxi-fələyin oyunlarıına işarədir.

Fikrət Qocanın həyat, kainat haqqında fəlsəfi düşüncələri onun poemalarında daha qabarıqdır. 1990-cı illərdə qələmə aldığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” əsərlərini xalqımızın ötən əsrin sonlarında alovlanan azadlıq mübarizəsinə həsr etmişdir .

Fikrət Qoca doğma yurdumuzun təbiətinin vurğunudur, bunu Vətənimizin müxtəlif bölgələrinə həsr etdiyi şeirlərdə aydın göstərir. O, romantik şair qələmi ilə gözəl təbiət təsvirlərini parlaq boyalarla ək etdirir. “Payız”, “İlk bahar”, “Tut ağacı”, “Qoca ağaclar”, “Xəzər”, “Dənizdə çimən ay”, “Mingəçevir şəhərində” şeirləri əlvan təbiət mənzərələri ilə zəngindir.

“Qoca fil”, “Pələng arzusu”, “Küçük” kimi şeirlərində isə xeyirxah qəlbi ilə heyvanların dərdini bölüşür. Hər misrada, hər sətirdə kövrəkliyi, həssaslığı əsl şair ürəyindən, məhəbbət, mərhəmət dolu qəlbindən söz açır. “Məcbur olmayaq” şeirndə söylədiyi kimi:

Ya rəbb, məhəbbətsiz gültək solmasın,

Mələklər mələyi, insan uşağı.

Bizim qəlbimizdən əskik olmasın

Məhəbbət, mərhəmət, həyat işığı.

Fikrət Qocanın ən böyük yaradıcılıq uğurlarından biri də kinomateqrafya ilə bağlıdır. O, məşhur ekran əsərlərindən olan “Qaynana” filmində səsləndirilən bir-birindən gözəl mahnıların sözlərinin müəllifidir. Bəstəkar Tofiq Quliyevlə birgə “Qaynana” filmi üçün yazılan mahnıların, demək olar ki, hamısı tez-tez zümzümə etdiyimiz dillər əzbəri olan mahnılardır. Cənnət xalanın və filmin digər qəhrəmanlarının dilindən səslənən bu duzlu-məzəli şeirlərsiz “Qaynana” filmini təsəvvür etmək olmazdı.

Filmdə könüloxşayan lirik melodiyalar da var. Filmin final səhnəsindəki “Mehribanlıq” mahnısı isə uzun illərdir, az qala, bütün şənliklərdə, ailə məclislərində hər kəsin sevə-sevə oxuduğu şən nəğmədir. Bütün film boyunca söz-söhbətin, konfliktin, mübahisələrin əskik olmadığı gəlin-qaynana münaqişəsi sonda bu xoş ovqat yaradan oynaq nəğmə ilə bitir. Filmin xoşbəxt sonluğunu tamaşaçılarda kövrək hisslər oyadan bu lirik mahnısız təsəvvür etmək çətindir.

Fikrət Qocanın kino fəaliyyəti təkcə “Qaynana” filmi ilə bitmir. “Dərviş Parisi partladır”, “Onu bağışlamaq olarmı”, “Qızmar Günəş altında” kinofilmlərində də onun sözləri əsasında gözəl nəğmələr yaranmışdır:

Ürəyimi atsam da,

Öz qəlbimi atmaram.

Sənə olan eşqimi

Sənə də alçaltmaram.

“Baladadaşın ilk məhəbbəti” filmindən (musiqisi Emin Sabitoğlunundur) olan bu mahnı illərdir ki, sevənlərin qəlbinə yol tapıb. “Uşaqlığın son gecəsi” filminin məşhur musiqisi “Gəl, ey səhər” (musiqisi Polad Bülbüloğlunundur) sübhün nurlu şəfəqlərinə həsr olunmuş ən möhtəşəm nəğmədir:

Yenə bu səhər  

Günəş nur yerə ələr,

Bir təzə nağıl

Başlar dünya...

Fikrət Qoca musiqi tariximizdə adları əbədi yaşayacaq İslam Səfərli, Nəbi Xəzri, Cabir Novruz, Ənvər Əlibəyli kimi nəğməkar şairlərdəndir. O, “İnsan nəğməsi” şeirində nəğmənin sözdən əvvəl yarandığını yazır:

Hələ söz yox ikən nəğmə var idi,

Sonra sözə döndü insanın səsi.

Elə əvvəlkitək səslənir indi,

Küləyin, yarpağın, suyun nəğməsi...

Səsin gözəlini itirib insan,

Sözün yaxşısını tapmayıb hələ.

İnsan nəğməsiylə oyatdıq vaxtı,

İnsan nəğməsiylə əridi buzlar.

Sözləri Fikrət Qocaya aid olan 200-dən artıq şeirə R.Qasımova, E.Sabitoğlu, T.Quliyev, R.Mirişli, O.Kazımi, V.Adıgözəlov, P.Bülbüloğlu, X.Mirzəzadə, A.Məlikov, F.Sücəddinov kimi Azərbaycanın görkəmli bəstəkarları tərəfindən musiqilər bəstələnmişdir. Bu nəğmələrin əksəriyyəti hər gün efirdən və televiziya məkanından dinlədiyimiz məşhur mahnılardır. Onların arasında “Anam, Odlar diyarım”, “Ana yurdum”, “Azərbaycan”, “Bahar çiçəyi”, “Zəfər çalsın Azərbaycan”, “Mənim Vətənim”, “Lənkəran bağlarında”, “Neftçilər”, “Neft daşları” kimi doğma diyarımızın füsunkar təbiətinə, əməksevər insanlarına, cəsur qəhrəmanlarına həsr olunmuş vətənpərvərlik ruhlu nəğmə və marşlar, gəlboxşayan lirik musiqi parçaları vardır.

Az qala, hər birimizin əzbər bildiyimiz, sözləri Fikrət Qocaya məxsus olan “Ay qəlbi kövrək”, ““Bayram mahnısı”, “Bakım mənim”, “Elçilər”, “Gecə yaman uzundur”, “Yaş o yaş deyil ki”, “Ay bəri bax”, “Dilin can incidəndir”, “Gəl, ey səhər”, “Eşqinlə odlandım”, “Qaytar eşqimi” və digər neçə-neçə lirik nəğmə respublikamızın Xalq artistləri Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Polad Bülbüloğlu, Azər Zeynalov, İlhamə Quliyeva, Flora Kərimova, Elmira Rəhimova, Oqtay Ağayev, Anatollu Qəniyev, İslam Rzayev və başqalarının ifasında səslənmişdir.

Nəğmələrində keçdiyi yolların izləri görünür, geniş şair qəlbinin çırpıntıları səslənir. Şair Fikrət Qoca bu nəğmələrlə sanki dünyaya yenidən doğulur, yeni bir ömür yaşayır. Onun fikrincə, həyatda ən böyük əzab vicdan əzabıdır, gərək elə yaşayasan ki, içərindəki vicdan razı qala. Allah ən böyük hakimdir, o, yaxşılığın da, pisliyin də mükafatını verir, insan hər bir əməlinə görə Allahı və vicdanı qarşısında cavabdehdir.

Fikrət Qocanın zəngin yaradıcılığı həm poeziyamızın, həm də musiqi və kinematoqrafiya sənətimizin ən dəyərli incilərindəndir. O, öz həzin şeirləri ilə oxucu qəlbinə nüfuz etməyi bacarmış və insanların qəlbini ehtizaza gətirən ən ülvi duyğularını dilləndirmişdir. Fikrət Qocanın çoxşaxəli və məhsuldar yaradıcılığı dövlətimizn diqqətindən yayınmamış, o, ədəbiyyatımız və mədəniyyətimiz üçün gördüyü işlərə görə ən dəyərli mükafatlara layiq görülmüşdür. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adını almış, 1995-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilmişdir. O, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına və “Hümay” mükafatına layiq görülmüşdür. F.Qoca 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 2015-ci ildə “Şöhrət” ordeni, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatı, 2020-ci il avqustun 24-də isə “İstiqlal” ordeni  ilə təltif olunmuşdur.


Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanı anadan olmasının 85-ci ildönümü münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq! Sevən qəlbiniz həyat eşqi ilə daim döyünsün, yazsın, yaratsın. Bax, onda “Zaman qocaltmaz Sizi!” Yazımı onun “Şair ölümünə mən inanmıram” şeirindən bu misralarla bitirmək istəyirəm:

Hələ yaranmamış bu Yer kürəsi

Küləklər min nəğmə bəstələmişdi.

Çoxdan yaranmışdı şeirin nəfəsi

Hər ulduz bir şirin layla demişdi.

Ölüm də, olum da bunlar bir yana,

Bu adi qanunu mən də danmıram.

Şair nəğmə kimi gəlir cahana,

Nəğmə ölümünə mən inanmıram.

 

Gülnar Əqiq Cəfərzadə,
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi

 

24 Avqust 2020 21:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə