Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması yoluxucu xəstəliklərin yayılmasını artıra bilər

Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca ya­yılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Hazırda dünya­nı təşviş içərisində saxlayan bu təhlükəli virus acı fəsadlarını törətməkdə davam edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Prezident İlham Əliyevin rəhbərliyi və göstərişi ilə həyata keçirilən düşünülmüş qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz dünyada pandemiyadan nisbətən az itki verənlər sırasındadır.

Bu il martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırılmış, respublika ərazisində keçirilməli olan kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Bunlar əhalinin sağlamlığının qorunması, pandemiyanın geniş yayılma­ması və daha ağır fəsadlar törətməsinin qarşısının alınması məqsədilə edilmişdir.

Pandemiya səbəbindən bəzi dini ayinlər də təxirə salınıb. Məsələn, bu il Həcc ziyarəti də təxirə düşdü. Kəbə çox az qisim Səudiyyə vətəndaşları üçün açıq oldu. Ramazan ayı boyunca da ayinlər məscidlərdə icra olunmadı, Qurban bay­ramı da bu şəkildə qeyd edildi. Məhərrəm ayı və Aşura da bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Dövlət başçısının həyata keçirdiyi siyasi kursun əsasını əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə təşkil edir. Azərbaycan möminləri, inanclı şəxslər, ibadət əhli dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə ya­naşır, gördüyü işləri yüksək qiymətləndirir və ciddi məsuliyyət və intizamlı davranış­la qlobal bəla ilə mübarizəyə qatılırlar.

Qapalı mühitdə insanların toplaşa­raq qaydalara riayət etməsi, xüsusilə, Məhərrəm ayında çox vacibdir. Çünki həmin gün insanlar çox olur və hədsiz dərəcədə sıxlıq yaranır. Məndə olan məlumata görə, hətta Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura və digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət ediblər. Ona görə də heç kəs bu məsələyə biganə yanaşmamalıdır. Xəstəliyə yoluxanların sayı da təsdiqləyir ki, hazırda məscidlərin açılması, Məhərrəmlik və Aşura mərasimlərinin keçirilməsi mümkün deyil. Çünki məscidlərdə insanların kütləvi şəkildə top­laşması virusun yoluxma riskini şübhəsiz artırır.

Son günlərin statistikası da təsdiqləyir ki, ölkəmizdə koronavirusa qarşı apa­rılan mübarizə öz nəticəsini verir. Sağalanların sayı yoluxanların sayını üstələyib. Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimi­nin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Xarici ölkələrin təcrübəsi də göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların dava­mını təmin etmək başlıca şərtdir.

Təkcə bizim ölkəmizdə deyil, bütün dünyada koronavirusa görə kütləvi tədbirlər qadağan olunub, insanla­rın bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib. Əsas məqsəd bu təhlükəli virusun geniş yayılmasının qarşısını almaqdır. Ümum­dünya Səhiyyə Təşkilatı, ekspertlər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin keçirilməsinin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür. Ona görə də bütün bunları , o cümlədən əhalinin sağlamlığını, koronavi­rusun geniş yayılmasının qarşısının alın­masını düşünərək, səbrli olmalı, müqəddəs dəyərlərə hörmətlə yanaşmalıyıq.

Ölkəmizdə milli- mənəvi dəyərlərə həmişə hörmət və ehtiramla yanaşılıb. İnanıram ki, xalqımız mütəşəkkillik və həmrəylik nümayiş etdirərək hazırkı çətinliyi geridə qoyacaq, həmişə olduğu kimi, qarşıdakı illərdə də dini tədbirləri heç bir problem olmadan sərbəst şəkildə həyata keçirəcəklər. Biz dindarlar, ibadət əhli də hazırkı mürəkkəb vəziyyəti nəzərə almalı, əhalinin sağlamlığının qorun­ması istiqamətində bütün səylərimizi birləşdirməliyik.

Kərbəlayi Təvəkkül RZAYEV,
Saatlı rayonu

20 Avqust 2020 22:08 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə