Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy Operativ Xidmət Mərkəzinin işi hamını razı salır...

– Ay bala, bu icra hakimiyyətində bir adam yoxdurmu sənədlərimə bax­sın?

– Dayı, get, sabah gələrsən, hamısı uzaq bir kənddə iclasdadır, oradan da evə dağılışacaqlar…

Yadulla kişi döşəməni silə-silə ona cavab verən xadiməyə baxdı və bilmədi ki, nə desin. Ona necə başa salsın ki, Şınıx, necə deyərlər, “dünyanın o başındadır”, bura gələnə kimi günün yarıdan çoxu keçib. Heç olmasa, burada bir nəfər qalmayıb ki, öyrənim görüm tikəcəyim evə nə sənədlər lazımdır…

Bu günün söhbəti deyil. Ümumiyyətlə, indi bu cür və ya buna bənzər söhbətləri Gədəbəydə eşitmək, sadəcə, mümkün də de­yil. Çünki bu ucqar dağ rayonunda belə süründürməçiliyə, etinasızlığa birdəfəlik son qoyulub. Nəyin hesabı­na?

Rayon icra hakimiyyətinin baş­çısı İbrahim Mustafayev fikirləşdi ki, görəsən, “ASAN xidmət” mo­delini icra hakimiyyətində tətbiq etməklə xidmətlərin sadələşdirilməsi, asanlaşdırılması mümkündürmü? Özü də bu, elə bir vaxtda lazım idi ki, ölkə Prezidenti yerli icra hakimiyyəti orqanlarına vətəndaşların müraciətlərinə operativ baxılması, onların qəbulu və dinlənilməsi prosesi­nin təkmilləşdirilməsi ilə bağlı konk­ret tapşırıqlar vermişdi, tövsiyələrini bildirmişdi. Məhz bunlar rayon icra hakimiyyətinin fəaliyyət prioriteti kimi qəbul edildi.

Başladılar prosesi dərindən öyrənməyə, yerli spesifika diqqətlə araşdırıldı, bu sahədə mövcud olan beynəlxalq təcrübə öyrənildi... Və beləcə günlərin birində Operativ Xidmət Mərkəzi (OXM) fəaliyyətə başladı. Böyük bir otaq ayrıldı və OXM-ə icra hakimiyyətinin hər şöbəsindən məsul işçilər ayrıldı. Gələn vətəndaşlar operativ şəkildə qəbul edildi. Tədricən mərkəzin sorağı hər yerə yayıldı. Adamlar razılıq edirdilər. Çünki onlar vaxt itirmirdilər, bütün işlər operativ həll olunurdu, vətəndaşın eyni vaxtda, vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olması təmin edilirdi, son nəticədə vətəndaş məmnunluğu yüksəlirdi…

Lakin bir qədər keçdikdən sonra məlum oldu ki, OXM-in fəaliyyətini daha yaxşı təşkil etmək üçün mütləq ayrıca bina lazımdır. Elə icra hakimiyyətinin mövcud inzibati bina­sının yanında yeni bir korpus ucaldıldı. Operativ Xidmət Mərkəzi qısa vaxt ərzində 625 kvadratmetr sahəyə malik yeni korpusla təmin olundu. Qeyd edək ki, binanın inşaat planı hazırlanarkən, onun xidmət yönümünə uyğunlaşdırılmasına xüsusi diqqət ye­tirildi. Burada 9 xidmət masası, server otağı, məlumat masası, böyük moni­tor, mini ATS və Data Resurs Bazası, künüllülər üçün 8 nəfərlik “dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün “Milli ön” aparatı, 9 kompüter dəsti mövcuddur. Mərkəzdə quraşdırılmış böyük monitorda xidmət sahələrinin adı, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədlərin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Hər sahəyə məsul şəxs telefon və kompüter dəsti ilə təchiz edilərək, internetə çıxışla təmin olunmuşdur.

Mərkəzə daxil olan vətəndaş xidmət terminalında aidiyyəti üzrə bölməni seçir və terminal avtomatik növbəlilik məyyən edir. Vətəndaş aidiyyəti üzrə xidmətlər masasında əyləşmiş şöbənin məsul işçisinə sənədlərini təqdim edir, müraciətin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin minimum iş günü müəyyən edilir və vətəndaşa sənədin təqdim olunması tarixi barədə məlumat verilir. Xidmət bütövlükdə videolentə alınır, eyni zamanda, gün ərzində xidmətlərin statistikası barədə serverdə avtomatlaşdırılmış uçot aparılır.

Operativ Xidmət Mərkəzində memarlıq və tikinti məsələləri üzrə 16, sosial-iqtisadi məsələlər üzrə 7, hüquq məsələləri üzrə 10, İƏD üzrə nümayəndəliklər və bələdiyyələr üzrə 8 xidmət olmaqla, ümumilikdə 41 sahə üzrə xidmət həyata keçirilir.

Tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə verilməsi, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması, 2013-cü ilə qədər sənədsiz inşa edilmiş fərdi yaşayış evlərinin faktiki vəziyyətinin plan-sxeminin işlənilməsi və sair barədə məsələlərə qanunvericiliklə 30 gün müddətində baxılması nəzərdə tutulduğu halda, mərkəz tərəfindən 5 iş günü müddətində onların icrası təmin edilir. Eyni zamanda, rüsum tələb olunan xidmətlərə görə vətəndaş banka getmədən mərkəzdə quraşdırılmış terminal vasitəsilə ödənişi həyata keçirə bilir.

Mərkəzdə vətəndaş müraciətlərinin operativ həll edilməsi məqsədilə “Qay­nar xətt”(164) yaradılmışdır. Həmçinin xidmətlərin səmərəliliyinin artırılması üçün könüllülər fəaliyyət göstərir. “Qaynar xətt”ə daxil olmuş müraciət əsasında, RİH tərəfindən ayrılmış xüsusi avtomobil vasitəsilə məhdud hərəkətli vətəndaşlara öz ünvanların­da ilkin sənədləşmə işlərinə kömək göstərilir.

Artıq xeyli vaxtdır ki, ölkə Prezi­dentinin tapşırıqlarının icrasını daha səmərəli, həmçinin kreativ formada yerinə yetirmək məqsədilə ilk dəfə Gədəbəy rayonunda yaradılan Ope­rativ Xidmət Mərkəzi fəaliyyəti ilə diqqəti cəlb edir. Ən çox razı qalan isə Gədəbəy sakinləridir, Hələ indiyədək mərkəzin işindən narazılıq edən olmayıb. Maraqlı, həm də sevindirici faktdır ki, əvvəllər müəyyən icazələri, sənədləri ala bilməmək haqqında yuxarı orqanlara yazılan şikayətlər, müraciətlər də kəskin azalıb.

Gədəbəydəki Operativ Xidmət Mərkəzinin iş təcrübəsini öyrənməyə dəyər. Yaxşı olar ki, rayon icra hakimiyyətləri təcrübə mübadiləsi etsinlər, öz aparat işçilərini həmin rayona ezam etsinlər. Yaxşı, səmərəli iş, xüsusilə vətəndaşlara göstərilən xidmətlə bağlı fəaliyyət növü diqqətdən kənarda qalmamalıdır.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

20 Avqust 2020 22:05 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə