Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həlim səsli, aram yerişli, Xalq şairi Mirvari xanım – yazdı, yaratdı, köçdü...

İstiqlal ordenli Xalq şairi Mirvarid Paşa qızı Dilbazi 1912-ci il avqustun 19-da Qazaxın Xanlıqlar (Musaköy) kəndində anadan olub, 2001-ci il iyulun 17-də Bakıda vəfat edib. XX əsr Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri olaraq, lirikamızın rəngarəng örnəklərini yaradan Mirvarid Dilbazi ali təhsilini APİ-də (indiki ADPU) alıb. Gənc ədəbiyyat müəlliməsi kimi Qubada təyinatla iki il işlədikdən sonra Bakıya qayıdan Mirvarid Dilbazi, Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb.

Dövri mətbuatda ilk dəfə 1927-ci ildə “Qadınların hüriyyəti” adlı şeiri ilə çıxış edib.

1941-45-ci illər müharibəsinədək “Bizim səsimiz” (1934), “İlk bahar” (1937) kitabları oxucuların ixtiyarına verilib; müharibə illərində “Döyüş mahnıları” (1941), “Kamal” (1942), “Qoçaq ataların qoçaq övladlarına…” (1942), “Xatirələr” (1945) və b. kitabları nəşr olunan şair, müharibədən sonrakı illərdə bir-birindən maraqlı kitablarla oxucuların görüşünə gəlib: “Sənətkarın xəyalı” (1948), “Seçilmiş şerlər” (1957), “Məhəbbət bizimlə qoşa doğulur” (1959), “Xatirələr olan yerdə…” (1964), “Həyat lövhələri” (1967), “Bənövşələr üşüyəndə” (1970), “Ana qanadı” (şeirlər, poemalar və hekayələr; 1972), “Yasəmən fəsli” (1976), “Dağ çiçəyi” (1977), “Qar çiçəkləri” (şeirlər, poemalar, pyeslər; 1984), “Durnalar ötüşəndə” (1989), “Çiçəkdən-çiçəyə” (1991) və b.

Milli azadlıq mübarizəsi və müstəqillik illərində yaradıcılığı yeni məzmunla zənginləşərək, davam və inkişaf edən Xalq şairinin yeni kitabları işıq üzü görüb.

M.Dilbazi yaradıcılığında uşaq şeirləri və nağıllar özünəməxsus yer tutur: “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” (hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün) və b. kitabları buna misaldır. Onun “Məhsəti” poeması süjetinin genişliyi, məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. Poema məşhur rübai ustası Məhsəti Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir.

Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikoloy Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini tərcümə edib, öz əsərləri də bir çox xarici dilə tərcümə olunub. Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləyiblər.

Şairin əməyi dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, iki dəfə “Şərəf Nişanı”na (1939; 1959), “Qırmızı Əmək Bayrağı” ordeninə (1982), “Əməkdar mədəniyyət işçisi” (1976), “Xalq şairi” fəxri adına (1979), bir sıra başqa təltiflərə layiq görülüb. Xalq şairi 18 avqust 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

M.Dilbazinin 85 illik yubileyi dövlət səviyyəsində, təntənə ilə keçirilib.

Xalq şairinin həyatı, yaradıcılığı – Ə.Əhmədova, “Bu ellərə vurulmuşam” (1978), H.Həmidova, “Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər” (1990),

B.Nəbiyev, “Söz ürəkdən gələndə” (1984) və digər kitablara mövzu olub.

Xalq şairi Fəxri Xiyabanda dəfn edilib.

Ruhu şad olsun!

Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

20 Avqust 2020 10:46 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə