Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Adət-ənənələrimiz xalqımızın zəngin mənəvi sərvətidir

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər ƏLİYEV
Ümummilli lider


Hər bir xalqın qarşısında əsrlər, minilliklər boyu formalaşmış yüksək milli-mənəvi dəyərlərini, milli məfkurəsini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi mühüm missiya durur. Azərbaycanda bu məsuliyyətli missiyanı məhz ulu öndər Heydər Əliyev öz çiyinlərinə götürərək və xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşadıb, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qoruyub, əbədiyaşarlığını təmin edib.

Tarixçi alimlərimizin tədqiqatları sübut edir ki, ölkəmizin 5 min illik dövlətçilik tarixi var. Bunu sübut edən tarixi faktlar kifayət qədərdir. Tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik ənənələrinə bağlı bir xalq olaraq, bu təməllər üzərində öz milli-mənəvi dəyərlərini formalaşdırıb. Azıx mağarası, Qobustan qaya rəsmləri, Atəşgah məbədi dövlətçiliyimizin qədim tarixə malik olduğunu sübut etmirmi?!

Adət və ənənələrimiz bizi başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdir. Bunlar bizim yüksək mənəvi dəyərlərimiz kimi nəsillərdən-nəsillərə ötürülüb, varlığımıza hopub və bundan sonra da xalqımızın bu dəyərləri yaşadacağına əminik. Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", -- deyib.

Xalqımız tarixi adət -ənənələrini yaşatmaqla özünü təsdiq edib. Bayramlarımız, toylarımız, yas mərasimlərimiz İslam dininin yüksək dəyərləri xalqımızın milli-mənəvi simasıdır.

Məlum məsələdir ki, xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bunlar da nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir dövrün yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.

Milli-dini dəyərlərimiz tarixən formalaşmış, cilalanaraq dövrümüzə qədər gəlib çatmışdır. Ulu öndər deyirdi: "Azərbaycan xalqının mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Kərimdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət və ənənələrimizdir".

Ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələri nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildi və uğurlar qazanıldı. Bu gün Azərbaycanın elm və mədəniyyəti dünyaya sürətlə inteqrasiya olunur. Bunun əsas səbəbi Heydər Əliyev Fondunun bu sahədəki yorulmaz fəaliyyətidir.

Dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə heyrət doğurur. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürurla səhifələdiyi vərəqlər zənginləşir, Azərbaycanın dünyaya töhfələr verən abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur.

Prezident İlham Əliyev tərəfindən mədəni həyatımızla bağlı ardıcıl olaraq imzalanan sərəncamlar bu sahənin inkişafına güclü stimul verir. Prezidentin sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey və musiqi məktəblərinin yaradılması və s. qədim və zəngin mədəni irsə olan diqqətdir. Eləcə də, ölkə başçısının Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, elm, mədəniyyət xadimlərinə fəxri ad və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamlar milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsidir.

Dünyamızın getdikcə qloballaşdığı bir dövrdə milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılaması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə məxsusi diqqət yetirilir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və onun azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində Heydər Əliyev Fondu böyük layihələr həyata keçirir.

2009-cu ildən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır.

Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyət tarixində silinməz iz buraxacaq layihələrin həyata keçirilməsində fəaliyyətini davam etdirir. Belə layihələr Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə səmərəli fəaliyyət göstərmək üçün geniş imkanlar, əlverişli şərait yaradır. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması ilə yanaşı, xalqımızın dünya musiqi mədəniyyətinə yaxından bələd olması istiqamətində davamlı iş gedir.

Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, eləcə də beynəlxalq mədəni proseslərdə yaxından iştirak edir, xüsusilə mədəniyyətlərarası dialoqla bağlı təşəbbüslərə xüsusi diqqət göstərir.

Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılanması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. UNESCO-nun Maddi-Mədəni İrs siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinə, onun dünyada tanıdılmasına ayrılan böyük diqqətdir. Avqustun 26-sı Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı beynəlxalq gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün nümunələridir..

Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bir çox ölkələrin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün ölkəmizə səfər edirlər. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi təsadüfi deyil. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii davamıdır. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdirAzərbaycanda “Multikulturalizm ili”, “Nəsimi ili” elan olunmuşdur. Bunlar xalqımızın mənəvi dəyərlərinə yüksək ehtiramın nəticəsi idi.

Dünyada gedən qloballaşma prosesi bizə öz mədəniyyətimizi, adət-ənənələrimizi daha geniş miqyasda təbliğ etmək, qorumaq, gələcək nəsillərə çatdırmaq kimi çox mühüm vəzifə qoyub. Biz bu şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

20 Avqust 2020 00:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə