Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diqqətli, məsuliyyətli olmağımız virusla mübarizədə qələbəni tezləşdirər

Pandemiya başlayanda virusun ölkələrinə təsirinin az olacağını və ya təsir etməyəcəyini düşünən bəzi dövlət rəhbərləri, deyəsən, bunun nə qədər ciddi olduğunu 7-8 aydan sonra, hələ təzə anlayıblar. Mart ayında bizdə karantin rejiminə keçilən günlərdə bəzi Avropa ölkələrinin vətəndaşları, bəzən də orada yaşayan soydaşlarımız pandemiyanın oyun olduğunu, oralarda heç bir qadağanın, tələbin qoyulmadığını, normal həyatlarına davam etdiklərini sosial şəbəkələrdə fəxrlə yazırdılıar. Ötən ayların təcrübəsi və həyatın sonrakı axarı sübut etdi ki, məhz Azərbaycanda məktəblərin bağlanmasından tutmuş, iri ticarət mərkəzləri də daxil olmaqla, bir sıra qurumlarda fəaliyyətin dayandırılması xalqımızı böyük itkilərdən qorudu. İndi bəzi ölkələrdə karantin rejimində yenidən sərtləşmə müşahidə edilməsi barədə məlumatlar bir-birinin ardınca gəlir. Həmin ölkələrdə virusun ikinci dalğası gözlənilir. Dünya üzrə pandemiyaya qarşı mübarizəyə qoşulan ölkələrin hamısında yoluxma və ölüm sayı fərqlidir və artır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatında da bildirilir ki, bir çox ölkələrdə yenidən sərt karantin rejiminin tətbiqinə qayıdılıb. Bu, təkzibolunmaz faktdır ki, həmin ölkələrdə aparılan mübarizə tədbirlərinə ya vaxtında başlanılmayıb, ya da qaydalara biganə yanaşılıb. Qeyd etməliyik ki, karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılması, yoluxma sayının əvvəlki günlərlə müqayisədə xeyli azalması da, virusla mübarizəni dayandırmamalıdır. Hazırda qaydalara əməl etməklə əldə edilən müsbət dinamikanı qoruyub saxlamaq lazımdır. Erkən arxayınçılıq hər sahədə mənfi nəticələrə aparıb çıxarır. Onu da qeyd edim ki, karantin rejimi dövründə SMS icazə sistemindən sui-istifadə edən, icazə alaraq bir yerə toplaşan, ad günlərinə, yas mərasimlərinə gedənlər vardı. Həmin məclisləri təşkil etmək və kütlənin toplaşdığı məkanlara üz tutmaq həm özünün, həm ailənin, həm də ətrafdakıların sağlamlığını təhlükə altına atmaq deməkdir. Yoluxma təhlükəsi olan həmin tədbirlərdən çəkinməyin vacibliyi hər kəs üçün aydın olmalıdır.
Sərt karantin rejimi tətbiq edilən əvvəlki 16 şəhər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayonları artıq riskli zona siyahısından kənarlaşdırılmışdır. Çünki həmin bölgələrdə vəziyyət normaldır. Qalan 13 şəhər və rayonda isə yumşalma prosesləri başlanılıb. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS və icaze.e-gov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olunduqdan sonra vətəndaşlar sərbəst hərəkət edə bilirlər. Amma insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidirlər. O cümlədən, həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidirlər ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək. Vətəndaşlar unutmamalıdırlar ki, bu nəzarətin, tələblərin, qaydaların məqsədi yalnız əhalinin sağlamlığını qorumaqdır, onları yoluxma təhlükəsindən uzaq tutmaqdır.
Məlumdur ki, avqustun 5-dən ölkəmizdə karantin qaydaları yumşaldıldı. Çimərliklər müəyyən şərtlərlə vətəndaşların üzünə açıldı, müəyyən obyektlərin, satış mərkəzlərinin də işləməsinə icazə verildi. Bərbər və gözəllik salonlarının fəaliyyəti bərpa edildi. Amma səbirsizliklə gözlənən çimərliyin açılmasının sonradan insanlara nə gətirəcəyini həmin vaxt demək çətin idi. Ehtimallar özünü doğruldur ki, yumşalmadan bir həftə keçəndən sonrakı vəziyyətlə əvvəlki həftə arasında yoluxma sayını göstərən rəqəmlər dəyişib – yoluxma sayında artım var. Türkiyədə də çimərliklər açıldıqdan sonra yoluxmaların artması tələblərə, qaydalara düzgün əməl edilməməsinin nəticəsi idi və buna görə bir neçə vilayətdə yenidən sərt karantin rejiminə keçdilər. Ölkəmizdə yumşalmadan əvvəl yoluxma sayı ardıcıl olaraq 100-dən aşağı rəqəmlərlə ifadə olunurdu. Hətta ayın 10-da 79 yoluxma faktı qeydə alınmışdı. Yumşalmadan bir həftə sonra – avqustun 12-dən başlayaraq, yoluxanların sayı 91 – 93 – 103 – 112-yə qalxdı. 
Təbii ki, pandemiya şəraitini nəzərə alaraq, müəyyən qaydalara əməl etmək məcburidir. Ölkəmizdə çimərliklərdə insanların təhlükəsizliyinin təminatı və sağlamlığının qorunması üçün qaydalar müəyyən edilib. Operativ qərargahın qərarı ilə çimərliklər pandemiya şəraitinə uyğunlaşdırılıb, həmçinin giriş-çıxışın yoxlanılması və ümumi nəzarət üçün mindən çox könüllü cəlb olunub. Ona görə də vətəndaşların maksimum diqqətli və məsuliyyətli olmasının vacibliyi tələb olunur. Amma baxaq, görək, bu tələblərə hamı riayət edirmi? 
Bu icazələrin verilməsi hələ pandemiyanın bitməsi, virus üzərində qələbə deyil. Hamının yaxşı yadındadır ki, aprelin sonunda, azacıq yumşalma olandan sonra rayonlara gediş-gəliş, məsuliyyətsiz davranmalar nəticəsində yoluxanların sayı nə qədər artmışdı. İyunun 24-də yoluxma sayı pik həddə – 590-a çatdığından, yenidən məhdudlaşdırıcı tədbirlərə zərurət yaranmış və 16 şəhər və rayonda xüsusi karantin rejimi və həftəsonu qadağalar tətbiq olunmuşdu. İyulun 13-də sağalanların sayı ilk dəfə yoluxanların (529) sayını üstələmiş və 547 nəfər sağalaraq evə yola salınmışdı. Artıq kafe və restoranların da fəaliyyətinə müəyyən qaydalara əməl etməklə icazə verilib. Yenə də hər şey insanlarımızın bu qaydalara necə əməl etmələrindən asılı olacaq. Təbii ki, yoluxanların sayı artsa, hökumət yenidən sərt karantin rejiminə qayıtmağa məcbur olacaq. 
Onu da xüsusi qeyd etməliyik ki, ölkədə pandemiyaya qarşı hökumət tərəfindən aparılan mübarizə yüksək səviyyədədir. Hazırda fəaliyyət göstərən 31 laboratoriya var və onların sayı qısa müddətdə 40-a çatdırılacaq. Xəstəxana fondu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırılıb. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Qeyd etməliyik ki, bu xəstəxanların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, həmçinin müasir avadanlıqlarla təchiz olunub. Xəstəliyin yüngül formasını keçirənlər xəstəxanada yox, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında müalicə alırlar. Respublikadakı 87 poliklinikada bu nəzarət funksiyası yaradılıb, onun da 40-ı Bakı şəhərindədir. Koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3–5 misli qədər müddətli əlavələr verilir. Mart – iyun ayları ərzində 64 min 38 nəfər tibbi personala 58 milyon 300 min manat ödənilib. Bu işlər davam etdirilir. Bununla yanaşı, böyük təcrübəyə malik olan həkim personalı Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan Azərbaycana gəlmişdir. Bu gün, ümumilikdə, 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər koronavirusa qarşı mübarizədə ciddi fəaliyyət göstərir.
Karantin qaydalarının yumşaldılmasından sui-istifadə edilməsi yenidən vəziyyətin kəskinləşməsi ilə nəticələnə bilər. Dediyimiz kimi, hazırda Türkiyədə qaydaların sərtləşməsi müşahidə edilir. Eyni zamanda, Ukraynada da karantinlə bağlı ciddi qaydalar tətbiq olunur. Qonşu Gürcüstanda isə yoluxanların sayı artmaqdadır. Bundan başqa, Fransa, İngiltərə, Almaniya və Estoniyada virusun ikinci dalğası gözlənilir. 
Ölkəmizdə bu istiqamətdə dövlət və hökumət tərəfindən bütün qüvvələr səfərbər olub. Səhiyyəmizin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Koronavirusla effektiv mübarizə üçün tədbirlər həyata keçirilir. Lakin, bu o demək deyil ki, koronavirusa qalib gəlmişik. Bu, heç də elə deyil. Pandemiya ilə ciddi mübarizə davam edir. 
Azərbaycanda dövlət qurumları tərəfindən görülən işlər yüksək qiymətləndirilməlidir. Bunun üçün vətəndaşlar məsuliyyətli olmalıdır. Bu günə qədər görülən tədbirlərin geridə qaldığını düşünmək olmaz. Effektiv nəticələr əldə edib virusa qalib gəlmək istəyiriksə, qaydalara əməl etməliyik. 
Son günlər tibbi maskalardan istifadə ilə bağlı xoşagəlməz hallar müşahidə olunur. Paytaxt küçələrində istifadə olunan maskaların sonra yerə atılması hallarına rast gəlirik. Təbii olaraq bu hal narahatlığa səbəb olur. Çünki virus daşıycısı ola bilən şəxsin maskanı istifadə edib yerə atması yoluxma riskini artıra bilər. Ətrafa atılan maskalar üçün əlavə zibil qutuları qoyulmalı və sonra həmin qablar utilizasiya edilməlidir. 
Şəhərimiz olduqca böyükdür. Küçələrə qoyulan zibil qutularının sayı artırılmalıdır. Virus daşıyıcısı olan şəxs maskanı yerə atdıqda təhlükəli vəziyyət yarana bilər. Məsələn, maskalar kiminsə ayağına toxunar və ani diqqətsizlik digər insanların virusa yoluxmasına gətirib çıxara bilər. 
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin koronavirusa qarşı ilk peyvəndi rəsmən qeydiyyata aldığını bildirib. Bütün dünyada maraqla qarşılanan bu xəbər tezliklə mətbuatın gündəminə çevrilib. Daha sonra Rusiya Birbaşa İnvestisiyalar Fondunun direktoru Kiril Dmitriyev peyvəndin artıq 1 milyard doza sifariş edildiyini açıqlayıb. Dmitrievin sözlərinə görə, 20 ölkə vaksini almağa maraq göstərib. Bununla belə, 5 ölkə ilə birlikdə istehsal təşkil ediləcək. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri bildirib ki, Rusiyada istifadə olunan peyvəndin alınması üçün danışıqlara başlanılmayıb. Amma beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənən peyvənd alınacaq. Son olaraq deyə bilərik ki, Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda dayanır. Ölkəmiz ilk gündən ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında COVID –19-la mübarizə aparır. Bunu xarici ekspertlər də etiraf edirlər. Ancaq təbii ki, dövlətin gördüyü tədbirlər kifayət etmir, ilk növbədə, insanların qoyulan qaydalara, tələblərə əməl etməsi lazımdır. Hökumət qərar verir, yol göstərir. Bu yolla düzgün addımlamamaq isə birbaşa yoluxma sayına təsir edir, artırır. Hələ virusla vidalaşmamışıq, amma çox sayda məhdudiyyətlər aradan götürülüb və insanların hərəkəti sərbəstdir. Məhz buna görə də məsuliyyətimizi daha da artırmalı, virusdan qorunmalıyıq. İnanırıq ki, ölkəmizdə pandemiyaya qarşı mübarizədə tezliklə daha uğurlu nəticələr alınacaq, karantin bitəcək, həyat əvvəlki axarına dönəcək.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

19 Avqust 2020 00:22 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə