Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlil Məmmədquluzadə özbək istifadəçilərinə ana dilində təqdim olundu

Vikipediyada yazıçı haqqında özbək dilində bölmə yaradıldı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan ictimai fikri və ədəbiyyat tarixində tənqidi realizmin banisi,  yazıçı, dramaturq, jurnalist, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri Cəlil Məmmədquluzadə haqqında özbək dilində geniş bölmə “Vikipedia” Elektron Ensiklopediyasında istifadəyə verilib.

Yaradılmış bölmədə Cəlil Məmmədquluzadənin yeni tipli mətbuatın və jurnalistikanın ustadı, mollanəsrəddinçilik təliminin ideoloqu olmaqla yanaşı o, milli istiqlal hərəkatının əsas simalarından biri kimi xarakterizə olunur.

Bölmədə yazıçının həyatı, təhsil aldığı illər, pedaqoji fəaliyyəti, yaradıcılığı, bədii nəsri, əsərləri, hekayə və dramaturgiyası, elmi fəaliyyəti, qadın-azadlıq məsələləri, xatirəsi, onun haqqında ekranlaşdırılmış əsərlər, habelə tanınmış dramaturqa dair ədəbiyyat siyahısı öz əksini tapmışdır.

Virtual bölmədə qeyd olunur ki, Cəlil Məmmədquluzadə bədii yaradıcılığını Azərbaycan ədəbiyyatında özünəməxsus üslubda və mövzuda mənzum şəkildə də davam etdirmişdir. İstər bədii nəsr, istər dram, istərsə də publisistik əsərlərində olduğu kimi satirik şeirlərində də maarifçiliyə çağırış, cahilliyin və mövhumatçılığın tənqidi onun yaradıcılığında əsas yer tutmuşdu.

Yazıçının irsinin təbliği ilə bağlı məlumatlarda Cəlil Məmmədquluzadənin əsərlərinin dünyanın bir sıra dillərinə tərcümə edildiyi, 2019-cu ildə isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə onun “Poçt qutusu” adlı hekayələr toplusunun Özbək dilinə tərcümə edildiyi ilk dəfə olaraq Daşkənddə nəşr edildiyi qeyd olunur.

Özbək dilində “Jalil Mammadqulizoda” adlı virtual bölmədə yazıçının xatirəsinin əbədiləşdirildiyi, Azərbaycanın Bakı və Naxçıvan şəhərlərində C. Məmmədquluzadənin ev muzeylərinin fəaliyyət göstərdiyi, yazıçının 125 və 150 illik yubileylərinin Azərbaycan Respublikasının  Prezidentlərinin müvafiq sərəncamları ilə dövlət səviyyəsində geniş qeyd olunduğu vurğulanır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Avqust 2020 11:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə