Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Uşaqlığın son gecəsi”nin Muradı...

Aktyor, rejissor, Xalq artisti Ənvər Cəfər oğlu Həsənov 1950-ci il avqustun 17-də Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə, sonra Fəhlə Gənclər Məktəbində oxuyub. Çünki, 1965-ci ildə C.Cabbarlı adına “AzərbaycanFilm” kinostudiyasında böyük sənətkar Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olub. Ə.Həsənov 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram aktyorluğu fakültəsində təhsil alıb.

Ə.Həsəov gənc yaşlarından kinoya çəkilməyə başlayıb. Özəlliklə o, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır”da Şahbaz, “Babək”də Tərxan, “Atları yəhərləyin”də Sirac, “Uşaqlığın son gecəsi”də Murad və başqa yaddaqalan, ona şöhrət gətirən maraqlı obrazlar yaradıb. O, “Dərviş Parisi partladır” və “Atları yəhərləyin” filmində həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə birgə rol alıb. Rejissor kimi “Haray, Xocalım, haray”, “Tələ” və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “Sönməyən çıraq” sənədli filmini çəkib.

Görkəmli sənətkar 1965-ci ildən “AzərbaycanFilm” kinostudiyasında çalışır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın Əməkdar artisti,  2018-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Xalq artistinin çəkildiyi, yaxud çəkilişində rejissor assistenti, rejissor kimi iştirak etdiyi filmlərin siyahısı yetərincə zəngin və rəngarəngdir:

-“İnsan məskən salır” (film, 1967), “Torpaq. Dəniz. Od. Səma” (film, 1967),

“Dəli Kür” (film, 1969), “Bizim küçənin oğlanları” (film, 1973), “Dədə Qorqud” (film, 1975), “Arxadan vurulan zərbə” (film, 1977), “Birisigün, gecəyarısı...” (film, 1981), “Bəyin oğurlanması” (film, 1985),  “Ağ atlı oğlan” (film, 1995; tammetrajlı bədii film; rejissor assistenti), “Ovsunçu” (film, 2002),

“Bəyaz həyat (film, 2003), “Çalış, nəfəs alma” (film, 2006), “Cavad xan. Filmin filmi” (film, 2007), “Məhkumlar” (film, 2007), “Cavad xan” (film, 2009), “Dolu” (film, 2012), “Sübhün səfiri” (film, 2012), “Qanun naminə” (serial, 2013) və başqalarını deyə bilərik.

Görkəmli sənətkarımızı 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

18 Avqust 2020 10:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə