Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya dövründə onlayn təhsil və biliyin qiymətləndirilməsi

Günümüzün ən aktual problemi olan qlobal   koronavirus pandemiyası  dünyada mövcud olan bütün sahələrə ciddi təsir etdiyi kimi təhsil sənayesi üçündə arzu olunmaz problemlər yaratmışdır. Dünyanın bir çox ölkələrində qəbul edilmiş sərt karantin qaydaları səbəbindən ali təhsilin universitetlər daxilində tədrisi qeyri mümkün olmuşdur. Yaranmış vəziyyətlə bağlı universitetlər  məsafədən təhsilin tətbiqi yolunu seçərək,  təhsilin davamlılığının təmin olunmasını prioritet vəzifə kimi həyata keçirməyə başlamışdır. Sevindirici haldır ki bu prosesə Azərbaycanın ali təhsil müəssisələri  çevik formada adaptasiya olundular. 

Qlobal pandemiyanın beynəlxalq təhsil dünyası üçün yaratdığı problemləri müzakirə etmək üçün  24 iyul 2020-ci il tarixində  İstanbul Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “COVID-19 pandemiyası dövründə onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçirilmişdir. Vebinarda Azərbaycan Turizm və Menecment Universitetini rektor İlham Mədətov təmsil etmişdir. Beynəlxalq vebinarda Azərbaycan ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri ilə yanaşı olaraq, İstanbul Texniki Universitetinin rektoru, Mehmet bəy Karaca, Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden bəy Mamut, İstanbul Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Ali Fuat Aydın və adıkeçən universitetin digər nümayəndələri iştirak etmişdir. Zoom platforması üzərindən təşkil olunmuş vebinarda COVID-19 pandemiyası dövründə məsafədən tədrisin və onlayn qiymətləndirmənin keyfiyyətli şəkildə təşkili ilə bağlı olaraq fikir mübadiləsi aparılmışdır.

ATMU qlobal pandemiya dövründə  ali məktəb səviyyəsində tədrisin  məsafədən geniş tətbiqinə karantin dövrünün ilk günlərindən başlamışdır. Heç şübhəsiz  koronavirus infeksiyası səbəbindən ölkəmizdə təlim və tədris prosesinin dayandırılması bütün ali təhsil müəssisələri kimi ATMU üçün də  ənənəvi olmayan fəaliyyət mexanizminin tətbiqini zəruri etmişdir.

Ali təhsil müəssisələrinin  fəaliyyətlərinin əsasını tədris təşkil etdiyindən  karantin müddətində əsas hədəf tədris prosesində davamlılığın təmin edilməsi olmuşdur. Vebinar müzakirələr zamanı məlum olmuşdur ki, istər ölkəmizdə, istərsə də dünyanın fərqli ölkələrində mövcud olan universitetlərdə tədris fəaliyyəti aprel ayından etibarən dərslərin online formada “Microsoft Teams” platforması üzərindən  təşkilinə keçirilmişdir.

Planlanan bütün cəhdlərə baxmayaraq  ilk dövrdə online kommunikasiya sahəsində təcrübənin az olması, İT avadanlıqlardan istifadə bacarıqlarının eyni olmaması, internetə çıxış imkanlarındakı fərqli durum və digər obyektiv amillər heç şübhəsiz dünyada təhsil sənayesində mövcud olan təşkilatların fəaliyyətinə öz təsirini mənfi formada da göstərmişdir. Beynəlxalq vebinarda iştirakçı olmuş universitet nümayəndələri bu kimi gözlənilməz durumlarda bütün ali təhsil müəssisələrinin ən ali məqsədi və vəzifəsinin  virtual formada keçirilən  dərslərin birmənalı olaraq  normal qaydada tədris olunan dərslər kimi məzmunlu və keyfiyyətli olmasını başlıca hədəf kimi göstərmişlər.

Vebinarın gedişində İstanbul Texnik Universitetinin nümayəndələri də təhsilin təşkili, bu dövrdə qarşıya çıxan problemlər barəsində iştirakçılara ətraflı məlumat vermişlər.Vebinarın sonunda iştirakçılar yekdilliklə vurğulamışlar ki, qlobal pandemiyanın nəticələri onu göstərir ki ali təhsil müəssisləri öz fəaliyyətlərində informasiya – kommunikasiya vasitələrindən istifadəyə önəmli yer verməli, daimi olarak bu sahədə olan yeniliklərin tədrisdə təşkilini dəyərləndirməli, tədris və təhsil ilə bağlı olaraq elektron sistemlərdən istifadə vərdişlərini mütəmadi olaraq təkmilləşdirməlidirlər. Yaranmış bir çox problemlərə baxmayaraq ali təhsil müəssisələrinin və təhsil sahəsində mövcud olan bütün təhsil təşkilatlarının tədrisin keyfiyyəti və məzmunu baxımından bu çətin dövrdə həyata keçirdikləri bütün cəhdlər və fədakarlıqlar yüksək qiymətləndirilməlidir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 İyul 2020 12:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə