Ən son xəbərlər
Ölkəmizin qadınlardan ibarət komandası (Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) Gürcüstanın Batumi şəhərində başa çatmış Ümumdünya Şahmat Olimpiadasında 16 xal toplayaraq yarışı 10-cu yerdə başa vurmuşdur.
Sonuncu turda Vyetnamla matçdan heç-heçə ilə ayrılan (2:2) komandamız yekun cədvəlində onunla eyni nəticə göstərib finişə dördüncü çatan Rusiyadan və daha bir neçə kollektivdən yalnız əlavə göstəricilərə görə geri qalmışdır.
Millimizin 151 komandanın rəqabətində finişə birinci onluqda çatması, üstəlik də, üçüncü mükafatçı – Gürcüstanın birinci komandasından cəmi bir xal az toplaması pis nəticə deyil. Komanda imkanları daxilində çıxış etmişdir.
Kişilərdən ibarət heyətimiz (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli) isə 15-ci yerlə kifayətlənməli olmuşdur – 15 xal. Hətta sonuncu turda Serbiya yığması üzərində böyük hesabla (4:0) qələbə də qrossmeysterlərimizə kömək etməmişdir. Hərçənd turnirin birinci yarısında işlər əla gedirdi, komanda altı matçda maksimum miqdarda – 12 xal toplamışdı...
Olimpiadada həm kişilərin, həm də qadınların yarışında qızıl medalları Çin şahmatçıları qazanmışlar. Hər iki çempion 18 xal toplamışdır. Gümüş mükafatlar ABŞ və Rusiyanın kişi, Ukrayna və Gürcüstanın qadın komandalarına təqdim olunmuşdur.
Oqtay BAYRAMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə