Ən son xəbərlər
Bu gün uzaq Argentinada Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına start veriləcək. Olimpiadanın proqramına idmanın 32 növü üzrə yarışlar daxildir. Oyunların mükafatları uğrunda 206 ölkədən 4 minə qədər atlet mübarizə aparacaq.
Əlbəttə, bu günlər Azərbaycanın da yeniyetmə olimpiyaçıları Aregentinanın qonağıdırlar. Onlar paytaxt Buenos-Ayresdə Olimpiya startlarında 9 növdə 17 nəfərlə təmsil olunacaqlar.
İdmançılarımız boks, atletika, stolüstü tennis, taekvondo, cüdo, güləş, gimnastika, ağırlıqqaldırma və üzgüçülük yarışlarında çıxış edəcəklər.
Xatırladaq ki, Yeniyetmələrin I Yay Olimpiya Oyunları 2010-cu ildə Sinqapurda keçirilmişdir. Azərbaycan həmin Olimpiadada 5 qızıl və 3 gümüş medal qazanaraq ümumi komanda hesabında 11-ci yeri tutmuşdu. Bundan dörd il sonra Çin Xalq Respublikasının Nankin şəhərində təşkil edilən ikinci Olimpiadada nəticə belə olmuşdu – 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 10-cu yer.
Bu gün isə Buenos-Ayres Olimpiadası starta çıxır. Argentinanın baş şəhərində Olimpiya həyəcanları oktyabrın 18-dək davam edəcək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə