Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan arxeologiyası: uğurlar, problemlər, vəzifələr

Arxeologiya elminin üfüqləri

“Arxeologiya” “arxayos”– qədim, “loqos” – elm mənasını bildirən iki yunan sözünün birləşməsindən əmələ gəlib və qədim tarixi öyrənən elm deməkdir.  Amma arxeologiyanın bir elm olaraq yaranma tarixi o qədər də qədim deyil. Başqa sözlə, arxeologiya tarixin nisbətən son dönəmində yaranan və çox sürətlə inkişaf edən elm sahələrindəndir. XIX əsrin sonu – XX əsrin əvvəllərində arxeologiyanın bir elm olaraq məhz hansı elmlər qrupuna aid edildiyi hələ də polemika mövzusu idi. Bəziləri onu antropologiya ilə birlikdə bioloji elmlər qrupuna, digərləri isə incəsənət tarixi ilə birlikdə incəsənət elmləri qrupuna aid edirdilər. Arxeologiyanın dəqiq və ya humanitar elmlərə aidliyi ətrafında diskussiya açanlar da az olmayıb.  Amma hər cür fikir ayrılıqlarına rəğmən son və qəti sözü də elə arxeoloqlar özləri dedilər. Yəni, dünyanın ayrı-ayrı nöqtələrində arxeoloji tədqiqatlar elə vüsət aldı ki, artıq bu elmin ictimai elmlər sırasındakı yeri daha heç kəs üçün polemika mövzusu olmadı.
Məlum olduğu kimi, bəşər tarixi iki qrupdan olan mənbələr əsasında öyrənilir: 1. Maddi mədəniyyət nümunələri. 2. Yazılı mənbələr. Maddi mədəniyyət nümunələri o mənbələrdir ki, məhz onlar əsasında arxeoloqlar tarixi öyrənirlər.  Xatırladaq ki, yazılı mənbələr əsasında ən yaxşı halda bəşəriyyətin son 5000 illik tarixinin (Misir yazılarından sonrakı dövr nəzərdə tutulur) yalnız müəyyən məqamlarını öyrənmək mümkündür. Əslində, hətta yazılı mənbələrin bol olduğu dövrlərin tarixinin öyrənilməsində də maddi mədəniyyət nümunələrinin geniş surətdə tədqiqata cəlb olunması qaçılmazdır. Bu fikir eynilə, Azərbaycan tarixinə də aiddir. Yəni, yazılı qaynaqlar əsasında Azərbaycan tarixinin olsa-olsa son 2000 illik tarixini qismən öyrənmək mümkündür. Nəzərə alaq ki, yazılı mənbələrdəki bir sıra məlumatların özü də kifayət qədər səhih deyil. Məsələn, Strabon yazırdı ki, albanlar pul tanımır, deməli ticarətdə puldan istifadə etmirdilər. Lakin Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı alban abidələrindən çoxsaylı sikkə nümunələri tapıldı. Onlar içərisində dünyanın ayrı-ayrı ölkələrində və şəhərlərində zərb olunmuş pullarla yanaşı, çoxsaylı yerli alban pulları da vardır. Bu isə o deməkdir ki, əcdadlarımız olan albanlar nəinki pul tanıyırdı, hətta onların özlərinin  zərb etdiyi pullar da tarixi reallıqdır. 
Yazılı mənbələrin nisbətən daha geniş yayıldığı orta əsrlər dövrünün tarixini də arxeoloji materiallarsız tam və əhatəli şəkildə öyrənmək mümkün deyil. Yəni, arxeoloji tədqiqatlar olmadan  əsrlər boyu ölkənin iqtisadi, siyasi və mədəni həyatında olduqca mühüm iştirakı olan, bir çox iri hərbi əməliyyatlara şahidlik etmiş  şəhər və qalalarımızın  tarixini necə və hansı səviyyədə öyrənə bilərdik?! Nəhayət, belə bir məqamı da qeyd edək ki, əsrlər boyu torpaq altında yatan qədim yazılı mənbələrin bir çox nümunələri də məhz arxeoloji tədqiqatlar zamanı tapılaraq elmi dövriyyəyə gətirilib. Müxtəlif vaxtlarda və müxtəlif yerlərdə arxeoloqların taparaq aşkara çıxarmış olduğu çoxsaylı daş, kağız, papirus, gil qablar, dəri və ağac nümunələri üzərində işlənmiş çox qiymətli kitabələr bəşər tarixinin bir sıra mühüm problemlərinin araşdırılmasında, sözün əsl mənasında, açar rolu oynamışdır. Deməli, yazılı mənbələrin mövcud olduğu dövrlərin də tarixini öyrənmək tarixçilərlə yanaşı, həm də arxeoloq alimlərin işidir. 
Qürurverici haldır ki, ölkəmizin ərazisində yazıya qədərki və ondan sonrakı tariximizin bütün mərhələlərini tam şəkildə özündə yaşadan olduqca çoxsaylı maddi mədəniyyət abidələri şəbəkəsi mövcuddur. Bu, o deməkdir ki, əcdadlarımız Qədim Daş dövründən başlayaraq tarixin bütün sonrakı mərhələlərində də bəşəri sivilizasiyanın parlaq nümunələrindən ibarət olduqca zəngin mədəni irs qoyub getmişlər. Belə bir məqamı da xüsusi olaraq qeyd edək ki, Azərbaycan arxeoloqlarının  zaman-zaman aşkarlayaraq tədqiq etmiş olduqları qədim insan düşərgələri və onlardan toplanan çox zəngin maddi mədəniyyət qalıqları təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə ümumdünya tarixinin bir sıra mühüm, həm də olduqca aktual problemlərinin də öyrənilməsində əvəzsiz töhfə kimi dəyərləndirilir.

Azərbaycan arxeologiyasının uğurları

Keçən əsrin 50-ci illərinə qədər Azərbaycan ərazisindəki erkən insan məskənlərinin ən çoxu 4-5 min il yaşı olduğu belə şübhə ilə qarşılanırdı. Başqa sözlə, Azərbaycan ərazisində qədim insan düşərgələrinin olmadığı və burada heç vaxt ibtidai insanların yaşamadığı güman edilirdi. Lakin keçən əsrin 50-ci illərindən etibarən istedadlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində bir-birinin ardınca aşkar olunan  mağara düşərgələri o vaxtadək güman edilən 4-5 minillik tariximizi birdən-birə 2-2,5 milyon ilədək qədimləşdirməyə imkan verdi. Azərbaycan ərazisində, həm də məhz Azərbaycan alimləri tərəfindən elmə gətirilən “Quruçay”, “Şomutəpə”, “Leylatəpə”, “Kür-Araz”, “Xocalı-Gədəbəy”, “Boyalı qablar”, “Muğan” və bir sıra digər arxeoloji mədəniyyətlər təkcə Azərbaycan alimlərinin deyil, bütövlükdə Qafqaz və ona qonşu olan ölkələrin arxeoloqlarının da sonrakı illərdə aparmış olduqları tədqiqatlar üçün bir növ ipucu oldu. 
Fəxr edirik ki, Azərbaycan ərazisi dünyada insanın ilkin olaraq məskunlaşdığı ərazilərdəndir.  Fəxr edirik ki, ulu əcdadlarımız minilliklər boyu bu torpaqda məskunlaşaraq, dünya mədəniyyəti xəzinəsinə layiqli töhfələr bəxş etmişlər. Bəli, biz ulu, həm də şərəfli tarixi keçmişimizlə fəxr edirik. 
Ulu öndər Heydər Əliyevin tariximizin qədim dövrlərini özündə yaşadan arxeoloji abidələrə olan həssas və qayğıkeş münasibəti nəsillərə örnək olası bir nümunədir. Təsəvvür edin, 1969-cu ildə hakimiyyətə gəlişindən az sonra o, Mədəniyyət Nazirliyi və  Elmlər  Akademiyası  rəhbərliyinə respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin uçotunun aparılması barədə tapşırıq verib. Bu iş həyata keçirilərkən çoxsaylı yeni abidələrin qeydiyyata alınması ilə yanaşı, o da məlum olub ki, əvvəllər dövlət qeydiyyatında olan bir sıra nadir maddi mədəniyyət nümunələrimiz müəmmalı şəkildə yoxa çıxıb. Neçə-neçə abidələrin təyinatını və mənsubiyyətini bildirən yazı və simvollar sındırılıb, dağıdılıb və ya onların “erməniləşdirilməsinə” cəhdlər olunub. Sən demə, sovet təbliğat maşını hər yerdə xalqlar dostluğundan bəhs etdiyi bir vaxtda ermənilər əl altından Azərbaycan abidələri hesabına özlərinə saxta tarix yaratmaqla məşğul imişlər.  
1977-ci ilin sonlarında Mingəçevirdən Qəbələ RLS-ə çəkilən yüksək gərginlikli elektrik xətti ilkin layihəyə görə qədim Azərbaycan dövləti Albaniyanın paytaxtı olan Qəbələ şəhəri qalıqlarının olduğu ərazidən  keçməli imiş. İnşaatçılar bu işi görərkən arxeoloq alimlər etiraz ediblər. Vəziyyətdən xəbər tutan ulu öndər məsələni hərtərəfli araşdırmaq məqsədilə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilovun sədrliyi ilə oraya dövlət komissiyası göndərib.  Komissiyanın hazırladığı 13 yanvar 1978-ci il tarixli arayış  Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə çıxarılıb və cavabdeh şəxslərə vəzifə səlahiyyətlərini icra edərkən yol verdikləri səhlənkarlığa, qətiyyətsizliyə və prinsipsizliyə görə ciddi partiya cəzası verilib. MK bürosunun qərarında, həmçinin qədim paytaxt şəhərinin sel sularının dağıdıcı təsirindən qorunması, orada tədqiqatların intensivləşdirilməsi və Dövlət Qoruğu elan olunması məsələləri də öz əksini tapıb. 
Gəlin etiraf edək ki, Azərbaycan dövləti ölkə ərazisindəki abidələrin arxeoloji cəhətdən öyrənilməsi, onların qorunması və təbliği üçün nə lazımdırsa hamısını edib və bu gün də etməkdədir. Uzun illərdir ki, ali məktəblərimizin tarix fakültələrində arxeologiya müstəqil fənn kimi tədris olunur. Bakı Dövlət Universitetində  arxeologiya kafedrası, AMEA-nın tərkibində isə Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir.  Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Arxeologiya muzeyi, habelə respublikanın bütün şəhər və rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya və fondlarında yüz minlərlə arxeoloji material mühafizə və nümayiş olunmaqdadır. Hər il arxeologiya ixtisası üzrə neçə-neçə istedadlı gənc doktorantura və dissertanturaya qəbul olunur. Azərbaycanda arxeologiya ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün müvafiq dissertasiya şurası fəaliyyət göstərir. Hansı ki, hər il həmin şura vasitəsi ilə neçə-neçə elm adamı öz dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alır. 
Diqqətəlayiq haldır ki, ölkəmizdə  hər il  təqribən 40-a yaxın ekspedisiya ayrı-ayrı bölgələrdə Qədim Daş dövründən tutmuş Son Orta əsrlərədək olan abidələrdə arxeoloji tədqiqat işləri aparır. Son illər arxeoloji ekspedisiyaların maddi-texniki şəraiti və maliyyə təchizatı da əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, ekspedisiyaların səmərəli işlənməsi üçün hər il dövlət büdcəsindən çox sanballı məbləğdə vəsait ayrılır. Bundan əlavə, ölkə Prezidenti və respublika hökuməti tərəfindən də bu məqsədlə vaxtaşırı maliyyələr ayrılır. 
Bu yerdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər bilavasitə arxeoloji tədqiqatların miqyasını artırmaq və keyfiyyətini yüksəltmək məqsədilə imzaladığı sərəncamları xüsusi olaraq qeyd etmək istərdim. Möhtərəm Prezidentimizin “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 5 fevral 2008-ci il tarixli, “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” 18 aprel 2012-ci il tarixli, “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 26 aprel 2012-ci il tarixli və “Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli sərəncamları ölkəmizdə arxeologiya elminin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsi olaraq hər zaman minnətdarlıq hissi ilə xatırlanacaqdır. 
Ölkə Prezidentinin Tovuz rayonu ərazisindəki Göytəpə arxeoloji kompleksinə səfəri, bölgələrə səfərləri çərçivəsində rayon və şəhərlərimizdəki tarix-diyarşünaslıq muzeyləri ilə tanış olması, Qəbələ Arxeoloji Mərkəzinin və Dəmirçi arxeoloji muzeyinin açılışında iştirakı da bu elm sahəsinə olan maraq və diqqətdən xəbər verir. Azərbaycan arxeoloqları yüksək və hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya dönə-dönə minnətdardırlar. Amma tam səmimi olaraq onu da etiraf  edək ki, təkcə minnətdar olmaq azdır, ortaya daha sanballı tədqiqatlar və fundamental əsərlər qoymaq gərəkdir.

Problemlər

Hər kəsə bəlli olduğu kimi, müstəqillik illərində ölkəmizdə arxeoloji abidələrin dövlət tərəfindən mühafizəsini təmin edən mükəmməl qanunvericilik bazası yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində göstərildiyi kimi, ölkəmizdə “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Lakin təəssüf hissi ilə onu da bildirməliyik ki, bir sıra hallarda müvafiq dövlət orqanlarının və ayrı-ayrı vəzifəli şəxslərin biganəliyi və səhlənkarlığı üzündən hələ də bu sahədə qanunvericiliyin tələblərinin kobud surətdə  pozulduğu hallarla rastlaşırıq. İnşaat və təsərrüfat işləri zamanı arxeoloji abidələrin dağıdılması hallarına xüsusilə tez-tez rast gəlinir. Bu da, hər şeydən öncə, iki səbəbdən baş verir. Birincisi, ölkə ərazisindəki arxeoloji abidələrin qeydiyyata alınması, inventarlaşdırılması, onların mühafizə zonasının müəyyənləşdirilməsi işi hələ də tələb olunan səviyyədə deyil. Yəni, geniş ictimaiyyət bir yana qalsın, hətta bir çox yerli hakimiyyət orqanları belə hələ də onların xidməti ərazisində konkret olaraq hansı arxeoloji abidələr olduğu barədə yetərincə məlumatlı deyil. Məhz bu səbəbdən də yerlərdə torpaq islahatı həyata keçirilərkən bir çox mühüm əhəmiyyətli arxeoloji abidələr pay torpaq sahəsi kimi ayrı-ayrı vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Vətəndaşlar da həmin torpaqlardan istifadə edərkən təbiidir ki, arxeoloji abidələr bu və ya digər dərəcədə dağıntıya məruz qalır, beləliklə də uzaq keçmişimizin yadigarları olan çoxsaylı maddi  mədəniyyət nümunələri əzilərək, sındırılaraq məhv edilir, yaxud da təsadüfi şəxslər tərəfindən ələ keçirilərək itbat olur. Halbuki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərildiyi kimi “İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal iş dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməlidir”. 
Bu sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı çoxsaylı konkret misallar da göstərə bilərik. Məsələn, qədim Şamaxının yerləşdiyi Xınışlı ərazisində son illər çoxsaylı sakinlərə  torpaq sahəsi verilib və həmin insanlar  da orada yeni evlər tikiblər. Göyçay rayonunun Yekəxana kəndi ərazisindəki qədim yaşayış yeri olan təpələrin aqibəti də təhlükədədir.  Kürdəmir rayonunun Ərəbqubalı kəndi ərazisindəki orta əsrlərə aid Şəhərgah şəhər yeri də uzun illər şumlanaraq əkilib, becərilib. Aqrar islahatlar aparılarkən isə pay torpaq sahəsi kimi sakinlər arasında bölüşdürülüb. Eyni sözləri Ağsu rayonunun Bəyimli kəndi ərazisində yerləşən Mehrəvan şəhər yeri barəsində də demək olar. Əfsuslar olsun ki, digər rayon və şəhər ərazisində də oxşar hallar mövcuddur. 
Təbiidir ki, pay torpaq sahəsi kimi vətəndaşların şəxsi mülkiyyətinə verilmiş həmin yerlərdə arxeoloji tədqiqat aparmaq zərurəti yarananda bir sıra ciddi problemlər ortaya çıxır. Vətəndaşların  bəziləri buna etiraz edir, etiraz etməyənlərin isə torpağının ən azı bir hissəsi arxeoloji tədqiqatlar zamanı  dövriyyədən çıxır. Aidiyyatı orqanlar tərəfindən həmin vətəndaşların rastlaşdığı problem vaxtında  hüquqi cəhətdən tənzimlənmədikdə isə təbiidir ki, sonda həmin insanlar da narazı düşürlər. Narahatlıq hissi ilə onu da bildirək ki, son vaxtlar Azərbaycanın, demək olar ki, bütün bölgələrində qızıl və digər əntik əşyalar “axtarışı” ilə məşğul olan dələduz işbazlar tərəfindən arxeoloji abidələrdə axtarışlar  aparılması geniş yayılıb. Mətbuatdan bəlli olduğu kimi, bu yaxınlarda Şəki rayonu ərazisində belə bir dələduz qrup hüquq-mühafizə orqanları tərəfindən birbaşa “iş başında” yaxalanaraq ifşa olundu. Xatırladaq ki, bu cür qanunsuz yollarla əldə olunan əntik əşyalar davamlı olaraq “qara bazar”a ötürülməkdədir.  Bütün bunlar isə yerlərdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud surətdə pozulduğundan xəbər verir. Əfsuslar olsun ki, aidiyyatı dövlət qurumları belə hallara qarşı yetərincə prinsipiallıq göstərmirlər. Halbuki adıçəkilən qanunun 28-ci maddəsinə əsasən qanunvericiliyin tələblərini pozan şəxslər cinayət, inzibati və mülki məsuliyyət daşıyırlar. 
Təəssüf hissi ilə bildiririk ki, uzun illər ərzində elmi tədqiqatlar yolu ilə toplanan, habelə təbii dağıntılar, inşaat və təsərrüfat işləri zamanı üzə çıxan və tariximizin bütün dövrlərinin daha dərindən və hərtərəfli araşdırılması üçün nadir mənbəşünaslıq bazası olan maddi mədəniyyət nümunələri dağınıq və pərakəndə vəziyyətdə saxlanılır. 1981-ci ildə mən akademiyada işə başlayanda arxeologiya fondu tapıntılarla  dolu qutuların  üst-üstə qalaqlanmış olduğu  iki-üç otaqdan ibarət idi. Az sonra darısqallıqdan xilas məqsədilə fond Müdafiə Nazirliyinin arxa tərəfindəki doqquzmərtəbəli yaşayış evlərindən birinin zirzəmisinə köçürüldü. Müəyyən müddətdən sonra bəlli oldu ki, orada həddən artıq nəmişlik olduğundan tapıntıların sürətlə aşınaraq sıradan çıxmaq təhlükəsi var. Odur ki, arxeologiya fondu  tələm-tələsik “İstiqlaliyyət” küçəsindəki binalardan birinin zirzəmisinə köçürüldü. Az sonra bəlli oldu ki, həmin yer də arxeoloji tapıntıların saxlanılması üçün məqbul deyil. Bu minvalla son 35 ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeologiya fondu 5 dəfə müxtəlif ünvanlara  köçürülüb. Göründüyü kimi, üst-üstə qalaqlanmış qutulardakı tapıntıları boşaldaraq yerbəyer etməmiş, fondun başqa ünvanlara köçürülməsinə qərar verilib. Narahatlıq doğuran odur ki, bütün bu köçürmə və yerdəyişmələrə baxmayaraq, AMEA-nın arxeoloji fondu bu gün də zirzəmi şəraitində saxlanmaqdadır. Təəssüflə bildiririk ki, elə ölkənin baş muzeyi olan Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji fondu da hələ ki, zirzəmi şəraitində qalmaqdadır.  
Mütəxəssislər hesab edirlər ki, şəraitindən asılı olmayaraq istənilən zirzəmi arxeologiya fondu üçün əsla yararlı yer hesab edilə bilməz. Bu, məsələnin bir tərəfidir. Məsələnin digər, həm də daha ciddi tərəfi ondadır ki, əksəriyyəti fraqmentlər halında tapılan və çox çətinliklə konservasiya və  bərpa olunan arxeoloji materiallar, xüsusən də dəmir, keramika, şüşə, sümük və toxuculuq məmulatı nümunələri bəzən sadəcə yerindən tərpədildikdə belə dağılıb məhv olmaq təhlükəsi yaranır. İndi təsəvvür edin, bu qəbildən olan on minlərlə tapıntını vaxtaşırı ayrı-ayrı ünvanlara daşıyarkən nələr baş verə bilər. Son 35 il ərzində arxeologiya fondunun yerinin beş dəfə dəyişdirilməsi o deməkdir ki, oradakı tapıntılar ən azı beş dəfə qutulara doldurularaq ora-bura daşınıb, elə beş dəfə də qutulardan boşaldılaraq yerbəyer olunub. Əlbəttə, bu, problemin həll yolu deyil və istəməzdik  ki, bu “praktika” nə vaxtsa bir daha təkrar olunsun. Arayış üçün onu da əlavə edim ki,  hər il Azərbaycan  üzrə 40-a yaxın  arxeoloji ekspedisiya  müxtəlif yerlərdə  tədqiqat işləri  aparır və  üst-üstə təqribən  6-7 min ədəd  elm üçün  nadir hesab olunan  eksponatı qeydiyyata alaraq  götürür. Bu, o deməkdir ki,  yalnız müstəqillik illərində Azərbaycan arxeoloqları  tərəfindən ümumilikdə təqribən  18-20 min ədəd  nadir tarixi əhəmiyyəti olan eksponat aşkar edilərək qeydiyyata alınıb. Göründüyü  kimi, bu, tariximizi daha dərindən və hərtərəfli öyrənmək üçün həqiqətən bu olduqca dəyərli mənbəəşünaslıq bazasıdır və onun qədrini bilməliyik.
Bu gün hətta arxeologiya sahəsində çalışan gənclərin bir çoxu Gəncə, Mingəçevir, Beyləqan, Xınışlı, Qəbələ və digər iri kompleks arxeoloji  ekspedisiyaların materiallarının harada və hansı şəraitdə saxlanıldığından xəbərsizdir. Arxeologiya və Etnoqrafiya İnstitutunun və Tarix Muzeyinin arxeologiya fondlarının darısqal olması səbəbindən uzun illərdir ki, bir çox arxeoloji ekspedisiyaların materialları Bakıya gətirilməyərək elə rayonlarda saxlanılır. Gəlin görək rayonlarda o tapıntıların saxlanması, mühafizəsi və elmi cəhətdən işlənməsi üçün münasib şərait varmı?! 
Son illər tarix və arxeologiyaya əsla dəxli olmayan digər peşə sahələrindən olan diletant insanların arxeologiyaya axını müşahidə olunur.  Baza təhsili istiqamətində heç bir uğuru olmayan ayrı-ayrı şəxslər müxtəlif vasitə və yollarla Arxeologiya və Etnoqrafiya  İnstitutuna yerləşir və çox keçmədən “alimlər” cərgəsinə qoşulurlar. Belələrinin tələm-tələsik  ona-buna yazdırdıqları, başdan-başa saxta, plagiat və mənasız “elmi işlər” axı kimə lazımdır? 
Bu yerdə oxucunun diqqətini çox incə bir məqama yönəltmək istərdim. Elmlə məşğul olanlar yaxşı bilirlər ki, bütün dissertasiya işlərinin giriş hissəsində həmin əsərin aktuallığı və müəllifin elmi yeniliyi xüsusi olaraq göstərilir. Bu, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu əsas tələbdir. Əgər belədirsə, onda giriş hissəsində əsərinin aktuallığı və elmi yenilikləri barədə uzun-uzadı namə yazmış olan bəzi müəlliflər nədən öz “qiymətli” dissertasiyalarını uzun illərdir ki, nəşr etdirməyərək arxivlərdə saxlayırlar?! 

Vəzifələr

Yuxarıda qeyd olunan problemləri aradan qaldırmaqla Azərbaycanda arxeologiya elminin inkişafını təmin etmək, tarixi-mədəni yadigarların olduğu kimi, yəni dağıntısız və itkisiz şəkildə gələcək nəsillərə ötürülməsi üçün qarşıda duran ən ümdə vəzifələr bunlardır:
1. Təxirəsalınmadan respublika ərazisində mövcud olan bütün arxeoloji abidələrin müfəssəl uçotu və qeydiyyatı aparılmalı, onların mühafizə zonası müəyyənləşdirilməli, pasportlaşdırılmalı, müvafiq xəritələr işlənməli və nəhayət, onların mühafizəsi təşkil olunmalıdır. Yəni, aidiyyatı dövlət orqanları və müvafiq elmi idarələr Azərbaycan Respublikası Konstitusiyasından, habelə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrini tələb olunan səviyyədə icra etməlidirlər.
2. Torpaq islahatı zamanı naşılıq, məsuliyyətsizlik və ya başqa bir səbəb ucbatından pay torpaq sahəsi olaraq vətəndaşların şəxsi mülkiyyətinə verilmiş ərazilərdəki, habelə islahatdan sonrakı dövrdə aşkar olunmuş xüsusilə mühüm əhəmiyyətli arxeoloji abidələrin taleyinə aydınlıq gətirilməlidir. Əsasən antik və orta əsrlər dövrünə aid şəhər və şəhər tipli yaşayış məntəqələrindən, habelə qədim nekropallardan ibarət olan həmin abidələrin ərazisi heç bir halda ağır texnikadan istifadə olunmaqla  qazıla və ya şumlana bilməz. Bu, çox ciddi dağıntılara yol aça bilər və təəssüf hissi ilə bildiririk ki, artıq belə hallar baş verməkdədir. Odur ki, bu sahədə də  müvafiq tənzimləmə tədbirləri həyata keçirilməlidir. 
3. Fikrimizcə, respublikanın ayrı-ayrı muzey və fondlarında, şəxsi kolleksiyalarda pərakəndə halda, həm də münasib olmayan şəraitdə saxlanılmaqda olan zəngin arxeoloji tapıntıları bir yerə toplamaqla vahid mərkəzləşdirilmiş arxeoloji fond və arxeologiya muzeyinin yaradılmasının da vaxtı çatmışdır. Bir daha xüsusi vurğu ilə qeyd etmək istərdik ki, respublikada vahid mərkəzləşdirilmiş milli arxeologiya  fondunun və arxeologiya muzeyinin yaradılması uzun illər ərzində pərakəndə halda orda-burda, əsasən də qaranlıq və nəm zirzəmilərdə toz basan, kif atan çox qiymətli tarixi yadigarlarımızın xilas olunaraq yenidən elmi dövriyəyə qaytarılması deməkdir.
4. Arxeoloji abidələrin tədqiqinin  başa çatdırılmasından sonrakı taleyi barədə də düşünməyə dəyər. Bizcə, konservasiya təminatı olmayan abidələrin tədqiqi hələlik bir qədər təxirə salınsa yaxşıdır. Bu mənada arxeoloji tədqiqatların prioritet istiqamətlərinə yenidən baxmaq zərurəti gündəmdə olan məsələlərdəndir. Dağınıq, epizodik və məhəlli xarakter daşıyan və əslində, ciddi elmi məqsəd və nəticələrə hesablanmayan 3-4 nəfərlik heyətdən ibarət çoxsaylı xırda ekspedisiyalar əvəzində genişplanlı kompleks ekspedisiyaların təşkili  praktikasına üstünlük verilməlidir. Hesab edirik ki, arxeoloji ekspedisiyaların təşkili və onların hesabatlarının tərtibi qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 289 saylı və 22 may 2015-ci il tarixli 196 saylı qərarlarındakı bəzi müddəalar da zamanın tələblərinə uyğunlaşdırılmalıdır. Təsəvvür edin, Nazirlər Kabinetinin 289 saylı qərarına əsasən arxeoloji ekspedisiyalar çöl şəraitində müqavilə əsasında işə götürdükləri hər fəhləyə bir iş günü müqabilində 8 (səkkiz) AZN əməkhaqqı verə bilər. At, öküz və ya ulaq üçünsə gündəlik ödəniş 20 (iyirmi) AZN məbləğində nəzərdə tutulur. Fikrimizcə bu, günün reallıqlarına uyğun deyil. 
5. Arxeoloji tədqiqatların səmərəsini artırmaq, bütövlükdə respublikada arxeologiya elminin inkişafını təmin etmək naminə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunun təkmilləşdirilməsi, attestasiya və ixtisarlar yolu ilə kontingenti peşəkar olmayanlardan və uzun illər ərzində elmə heç bir fayda gətirməyən kadrlardan təmizlənməsi, arxeologiyaya dair əsərlərin və dissertasiyaların elmi səviyyəsinin qaldırılması, bu sahədəki səthilik, başdansovduluq, qeyri-peşəkarlıq və xalturaçılıq kimi neqativ halların qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməldir.  Elmi Şuralar və Problem Şuraları tərəfindən  dissertasiya mövzuları müəyyənləşdirilərkən mütləq surətdə Azərbaycan arxeologiya elminin prioritetləri əsas götürülməlidir.
6.  Arxeoloji irsin təbliği istiqamətində maarifçilik işi genişləndirilməli, uzun müddətdir ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşriyyat planında olan “Azərbaycan arxeologiyası” çoxcildliyinin son illərinin ən yeni elmi  nailiyyətləri nəzərə alınmaqla tamamlanaraq nəşrinin təmin olunması, ölkə  ərazisində mövcud olmuş qədim dövlətlər, antik və orta əsr şəhərləri, memorial abidələr və müdafiə tikililəri haqqında yeni və daha sanballı əsərlər işlənməlidir.
7. Azərbaycan artıq müstəqil dövlətdir. Təbiidir ki, bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkənin milli maraqları daim nəzərə alınmalıdır. Etiraf edək ki, ali təhsil ocaqlarımızda arxeologiya fənninin tədrisi vəziyyəti bu sahədə xeyli problemin olduğundan xəbər verir. Birincisi, ali məktəblərdə təhsilin həm bakalavr, həm də magistr pilləsi üçün qüvvədə olan arxeologiyaya dair tədris proqramları Sovet dönəminin tələbləri və çərçivələri daxilində işlənib. Təsəvvür edin,  bu gün Azərbaycan ali məktəblərinin tarix fakültələrində arxeologiya fənninə cəmi 68 saat (40 saat mühazirə, 28 saat seminar) verilir. Həmin dərs yükü çərçivəsində, guya arxeologiyaya dair hər şey öyrədilir. Əslində, bu, reallıqla əsla səsləşməyən bir yanaşmadır. Fikrimizcə, bu praktikaya son qoyulmalı və arxeologiya fənninin tədrisi müstəqil dövlətin milli maraqlarına cavab verən səviyyədə aparılmalıdır. Bu məqsədlə arxeologiyaya dair proqram və dərsliklərin yenilənməsi, arxeologiya fənnin ayrılan saatların və praktik məşğələlərin miqdarının nəzərəçarpacaq dərəcədə artırılması və nəhayət, tədris planlarında hansı formadasa Azərbaycan arxeologiyasının əsaslarına dair fənnin yer alması kimi vacib məsələlər də öz həllini tapmalıdır.  
Xalqımızın və dövlətimizin qədim tarixini dərindən və hərtərəfli öyrənmək Azərbaycan arxeologiya elminin başlıca hədəfidir. Alim üçün belə bir nəcib və vacib missiyaya  xidmət etməkdən daha şərəfli nə ola bilər?! 
Əziz tarixsevərlər! Tariximizi  öyrənməyə Azərbaycan arxeologiyasını öyrənməkdən başlayın. Çünki Azərbaycanın qədim tarixi, hər şeydən öncə, Azərbaycan arxeologiyası üzərində, arxeoloq alimlərimizin elmimizə bəxş etdiyi yeniliklər əsasında formalaşır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqil Azərbaycanda fizika, riyaziyyat, bilogiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır”. 

Qafar CƏBİYEV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi,
tarix elmləri doktoru

5 Oktyabr 2018 00:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə