Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yens Stoltenberq: Qorbaçova NATO-nun genişlənməyəcəyi barədə vəd verilməyib

Brüsseldə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin növbəti görüşü başlanıb. Tədbir ərəfəsində BBC müxbiri alyansın baş katibi Yens Stoltenberqdən geniş müsahibə alıb. 
Müsahibə əsasən NATO-Rusiya münasibətlərinə həsr olunub. Müxbir alyans rəhbərinə Rusiyanın yeni təhlükəli silahı, Skripal işi, bu ölkənin NATO üzvlüyünə daxil olmasının mümkün olub-olmaması və sair məsələlər barədə suallar verib. 
Əvvəlcə söhbət mülki şəxsin NATO kimi qüdrətli hərbi bloka rəhbərlik etməsinin nə dərəcədə düzgün olması ilə bağlı olub. Y.Stoltenberq deyib ki, hazırda 29 dövləti birləşdirən NATO siyasi və hərbi alyansdır. Mülki şəxslər birinci dəfə deyildir ki, bu quruma rəhbərlik edirlər. O, şəxsən mühüm qərarların qəbul edilməsi zamanı peşəkar hərbi ekspertlərlə ciddi məsləhətləşmələr aparır. Bir sözlə, Y.Stoltenberq mülki şəxsin alyansa başçılıq etməsində heç bir problem görmür. 
BBC müxbirinin ikinci sualı belə olub: NATO rəhbərliyi vaxtilə Qorbaçova alyansın Şərqə doğru genişləndirilməyəcəyi barədə vəd veribmi? Bəlkə, bu, heç bir sənəddə əks olunmayıb, amma şifahi şəkildə belə bir vəd verilib? 
Y.Stoltenberqin cavabı bu olub ki, Qorbaçova belə bir vəd verilməyib. Onun sözlərinə görə, NATO rəhbərliyi alyansa qoşulmaq istəyən ölkələrin demokratik qərarlarına əsasən genişlənir. Hər bir ölkə öz yolunu özü seçir. Alyans rəhbərliyi azad, demokratik ölkələrin seçiminə hörmətlə yanaşır.
Rusiyanın NATO-ya qoşulmaq ideyasını şərh edərkən isə Y.Stoltenberq xatırladıb ki, “soyuq müharibə” bitəndən sonra Rusiya-NATO əlaqələri xeyli yaxşılamışdı. Onun fikrincə, bu gün tərəflər arasında münasibətlərin mürəkkəb olmasına baxmayaraq, belə bir variant hələ də mümkündür. 
Y.Stoltenberq sonra deyib: “Rusiya heç yerə qeyb olmayacaq, NATO yeni “soyuq müharibə” və silahlanma yarışını arzulamır. Biz siyasi dialoq tərəfdarıyıq”. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

5 Oktyabr 2018 00:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə