Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bloomberg”: Dolların hökmranlığı sona çatır

“Bloomberg” agentliyi dolların hazırkı durumu ilə bağlı yazı dərc edib. Xəbərdə qeyd edilir ki, hazırda bir sıra səbəblərdən dolların hökmranlığı sarsılmağa başlayıb. 
Mənbə vurğulayır ki, qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar. Bununla da dolların hökmranlığı sona çatır. Son dövrlərdə dolların ucuzlaşmasına diqqət çəkən agentlik bunu dünya ölkələrinin ona etibarının azalması ilə əlaqələndirib.
Yazıda qeyd olunur ki, artıq bir sıra ölkələr ABŞ valyutasında aktivlərini azaltmağa başlayıb. Qeyd edilir ki, Rusiyanın artıq yeni valyuta mənbələri axtarışında olması və dollardan imtina etməsi bu nominalın ­dünya bazarındakı nüfuzuna ciddi zərbə vuracaq.
Rusiya ilə yanaşı Çin, İran və Türkiyə də dollardan imtina etməkdə maraqlıdırlar. Hətta Fransa daxil olmaqla Avropa Birliyi də dollara alternativ axtarışındadır. Qeyd edilir ki, artıq Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.
Bununla belə, agentlik yazıb ki, dollar hələ ki, liderliyini qoruya bilir, ona tələbat var və əsas məsələ də elə bu tələbatın qorunub saxlanılmasıdır. Bunun üçün diplomatik əlaqələrdən yararlanmalı, ABŞ-ın ticarət tərəfdaşları üçün dolların əlçatanlığı saxlanılmalı və ABŞ valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir. 
Agentlik vurğulayır ki, Donald Trampın son dövrlərdə “dollar siyasəti”ndən istifadə edərək ölkələrə təzyiq etməsi artıq bu valyutadan imtina zərurətini gündəmə gətirib.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

5 Oktyabr 2018 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə