Ən son xəbərlər
Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, rəsmi Bakının yeritdiyi müstəqil daxili və xarici siyasət dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərinə birbaşa təsir edir. Belə ki, hər zaman qlobal təşəbbüslərin müəllifi rolunda çıxış edən nüfuzlu dövlətlələ əməkdaşlıq hər iki tərəf üçün faydalı perspektivlər açır. Bu mənada, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda dünyanın əsas güc mərkəzi olan ABŞ-ın Azərbaycanla əlaqələrə verdiyi əhəmiyyətin növbəti dəfə vurğulanması təsadüfi deyil.
D.Trampın məktubdan da aydın olur ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini, müstəqilliyini dəstəkləyir və Ağ ev Administrasiyası rəsmi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlığın perspektivinə əmindir. Xüsusilə, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfə verən layihələrin reallaşmasındakı qətiyyəti böyük güclər tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycanın uzun illərdir, müstəqil dövlət kimi beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, xarici ölkələrlə, beynəlxalq və regional qurumlarla ikitərəfli və çoxtərəfli əlaqələr qurması artıq dünya birliyində də öz təsdiqini tapıb. Eyni zamanda, beynəlxalq təcrübə göstərir ki, dövlətlərlə siyasi liderlərin nüfuzunun bir-birini tamamlaması vacib əhəmiyyət kəsb edir. Yəni, hər bir dövlətin xarici siyasətinin uğuru və beynəlxalq imicinin daha da möhkəmləndirilməsi ölkənin qazanılmış reputasiyasından, onu təmsil edən rəhbərin beynəlxalq aləmdə qəbul olunan nüfuzundan asılıdır. Azərbaycan, bu mənada dünyada əsl nümunə sərgiləyir. Elə ABŞ Prezidentinin məktubunda da iki ölkə arasındakı münasibətlərin 30 ildir ki, yüksələn xətt üzrə davam etməsi məhz bu amillə izah olunur, Azərbaycanla ABŞ arasında münasibətlərin bütövlükdə dünya üçün əhəmiyyəti vurğulanır.
Azərbaycan Prezidentinin liderlik səyləri COVİD-19 pandemiyası kimi qlobal təhlükənin fonunda daha effektiv nəticələrlə özünü göstərir. Belə ki, pandemiyaya qarşı mübarizədə qlobal həmrəylik təşəbbüsünün məhz Azərbaycan Prezidentindən gəlməsi və yüksək səviyyədə dəstəklənməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Koronavirus pandemiyasına qarşı ilk dəfə məhz möhtrəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq səviyyədə müzakirələr aparılmış, bu virusun qarşının alınması barədə təkliflər dinlənilmişdir.
Dövlətimizin başçısı humanist siyasətinə sadiq qalaraq, digər ölkələrə də bu bəladan xilas olmaq üçün öz köməyini əsirgəməyib. Bunu Azərbaycan dövlətinin idiyədək dünyanın 13 ölkələrinə humanitar yardım göndərməsi, habelə Ümumdünta Səhiyyə Təşkilatına 10 milyon dollar ianə etməsi də təsdiqləyir. Belə çətin məqamda Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki mühüm beynəlxalq təşkilatın -- Türk Şurası və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə zirvə görüşlərinii keçirilməsi və hər iki tədbirini bütünlüklə COVID-19-la mübarizəyə həsr edilməsi beynəlxalq aləmin diqqətindən yayınmayıb.
Ardınca, ötən həftə CISCO şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə də şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerin də söylədiyi kimi, məhz Azərbaycan Prezidentinin "COVID-19" virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində nümayiş etdirdiyi liderlik səyləri çox böyük təəssürat bağışladı. Bu təşəbbüs dünya siyasi liderlərinin koronavirus pandemiyasına münasibətinin aktuallıq kəsb etdiyi bir dövrdə olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, bəşəri problemin həllinə, qlobal miqyasda təhlükəsizliyə Azərbaycanın töhfəsidir.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı, parlamentin AŞPA-da nümayəndə heytəinin üzvü,
Xorvatiya – Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri
Köhnə versiyamızdan xəbərləri izlə