Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Insan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu böyükdür

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimovun Milli Məclisdə hesabatının müzakirəsi zamanı Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva hesabatda insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinə geniş yer ayrılmasını təqdir etdiyini deyib, görülən işləri yüksək qiymətləndirib. Bildirib ki, bu maarifləndirmə işlərinin daha da genişləndirilməsi çox vacibdir. Televiziya kanallarında bu istiqamətlərdə maarifləndirici videoroliklərin və proqramların daha da artmasına böyük ehtiyac olduğunu qeyd edib.

İnsan alverinə qarşı mübarizə istiqamətində Daxili İşlər Nazirliyinin dəstəyilə hazırlanmış maarifləndirici videoroliki yaxından izlədiyini deyən deputat bu cür materialların televiziya kanallarında əhalinin ən çox televiziyaya baxdığı saatlarda tez-tez yayımlanmasına və ümumiyyətlə bu istiqamətdə maarifləndirici verlişlərin, proqramların daha da artmasının, DİN ilə televiziyalar arasında əməkdaşlığın daha da genişlənməsinin zəruriliyini vurğulayıb.

Q.Paşayeva hesabatdakı “həyata keçirilmiş əməliyyat tədbirləri ilə 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınmış, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilmiş, axtarışa elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulmuşdur”-- məlumatını xüsusi vurğulayaraq axtarışa verilmiş şəxslərin təxminən yarısının bu günə qədər tutulmamasının səbəbləri ilə maraqlanaraq bu istiqamətdə daha geniş izaha ehtiyac olduğunu deyib. O, vurğulayıb ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimovun hesabatının yekun hissəsində də məhz qaldırıldığı bu iki məsələyə də ciddi diqqət yetirilir. Qeyd olunur ki, növbəti illərdə qarşıda duran hədəflər: cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Q.Paşayeva vurğulayıb ki, qaldırdığı məsələlərin nazirliyin görülməli işlər planında önəmli yer almasını təqdir edir. Millət vəkili bu cinayəti törədənlərin hamısının ədalət qarşısında cavab verməsinin həyata keçirilməsi istiqamətində işlərin daha sürətlənəcəyinə inandığını bildirib və hesabatı dəstəklədiyini deyib.

Daxili İşlər nazirinin müavini və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator isə millət vəkillərinin qaldırdığı məsələlərə cavabı zamanı deputat Q.Paşayevanın qaldırdığı məsələlərə də toxunub. O, bildirib ki, maarifləndirmə istiqamətində işlər bundan sonra daha da artacaq. Digər məsələyə gəlincə isə o, bildirib ki, əslində bu insanların hamısı ilə bağlı axtarış tədbirləri görülüb. Sadəcə onların bir hissəsi başqa ölkələrdə olduqları üçün onların ölkəmizə ekstradisiyası ilə bağlı işlər davam etdirilir. Seyfulla Əzimov deyib ki, onların hamısının ölkəmizə gətirilərək ədalət qarşısında cavab verməsi üçün işlər görülür və bu, mütləq şəkildə təmin olunacaq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 May 2020 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə