Ən son xəbərlər
“Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin, pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim. Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz...” Bu fikirləri Moldova Respublikasının Prezidenti İqor Dodon Prezident İlham Əliyevlə videokonfrans formatında mayın 18-də keçirilmiş görüş zamanı azərbaycanlı həmkarına xitabən demişdir. Dövlətimizin başçısı cavabında bildirmişdir ki, Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir...
Bəli, cari ilin əvvəlindən bəri bəşəriyyətə qənim kəsilmiş yeni növ koronavirus pandemiyası böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, dünyanın əksər ölkələrini diz çökdürmüşdür. İnsanlar arasında COVİD-19-a yoluxma və pandemiyadan ölüm hallarının sayı durmadan artır. Qəribədir ki, koronavirusa yoluxanların və ölüm faktlarının sayına görə dünyanın supergücü – ABŞ və Avropanın ən çox inkişaf etmiş dövlətləri öndə gedirlər.
Şübhəsiz pandemiya Azərbaycandan da yan keçmir. Amma, Allaha şükürlər olsun ki, ölkəmiz bu mücadilədən daha az itki ilə ötüşür. Çox az sayda ölənlər var və ciddi məhdudlaşdırıcı tədbirlər sayəsində infeksiyaya yoluxmuş insanların sayı da nisbətən azdır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0,2 faiz olub. Sənaye sektorunda vəziyyət daha yaxşıdır. Ölkəmizin qeyri-enerji sənayesində 13 faizdən çox artım var. Əlbəttə, koronavirus ÜDM-ə və iş yerlərinə zərbə vurur. Bunun qarşısını almaq üçün Azərbaycan 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə salmışdır.
Qeyd etdiyimiz kimi, ölkəmiz köməyə daha çox ehtiyacı olan dövlətlərdən və beynəlxalq qurumlardan da yardımını əsirgəmir. Təkcə onu deyək ki, Azərbaycan indiyədək Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə – hərəsində 5 milyon dollar olmaqla ianə vermişdir. Bütün bunlar həm xaricdə, həm də ölkə daxilində böyük rəgbətlə və razılıq hissi ilə qarşılanır. Azərbaycan Prezidentinə ünvanlanmış çoxsaylı məktublar da bundan xəbər verir.
İstanbuldan məktub: Sizinlə qürur duyuram!
Hörmətli cənab Prezident!
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.
Əziz Prezidentim, mən Türkiyənin İstanbul Universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun! Biz Sizinlə güclüyük!
Hörmətlə,
Firuzə Rəcəbova.
Türkiyə Cümhuriyyəti, İstanbul şəhəri
Məcburi köçkünlər Sizə təşəkkür edirlər
Möhtərəm Prezident!
Bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz xalqımızı bu xəstəlikdən qorudu. Hamımız gördük ki, Siz gecə və gündüz yorulmadan çalışdınız, bütün gücləri səfərbər etdiniz, “Biz birlikdə güclüyük!” çağırışı etdiniz. Bu tədbirlər sayəsində ölkəmizdə koronavirusdan itkilər o qədər də çox olmadı.
Cənab Prezident, Siz həmişə Azərbaycan xalqının yanında olmuşunuz, onun sosial və maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait yaratmışınız. Bu dəfə də Sizin uzaqgörən siyasətiniz sayəsində bu bəladan alnıaçıq çıxacağıq.
Biz – məcburi köçkünlər həmişə Sizin yanınızdayıq və bizim üçün yaradılan şəraitə görə Sizə minnətdarıq. Pandemiya vaxtında görülən bütün işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Bəxtiyar İxtiyar oğlu Həsənov,
Zəngilan rayonundan məcburi köçkün,
Şirvan şəhəri.
Rusiya vətəndaşı: Siz ideal lidersiniz
Hörmətli cənab Prezident!
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Qoy, bu müqəddəs bayramın gəlişi ilə bütün bəlalar, eləcə də koronavirus xəstəliyi yurdumuzdan uzaq olsun, ölkəmizə ruzi-bərəkət, yeni parlaq dövr ayaq açsın. Ramazan bayramı Sizin ailəniz başda olmaqla, bütün ailələrə sevinc və xoşbəxtlik gətirsin.
Cənab Prezident, mən Rusiya vətəndaşıyam. Bir müddətdir ki, Bakıdayam. Rusiyada yaşayan bütün azərbaycanlılar adından Sizə təşəkkür edirəm. Sizin koronavirusla bağlı gördüyünüz tədbirlər təqdirəlayiqdir. Biz bir daha gördük ki, xalqımızın sağlamlığı, firavan yaşayışı Sizin üçün hər şeydən qiymətlidir. Siz ideal lidersiniz, nə yaxşı ki, varsınız.
Səmimi hörmətlə,
Validə Həmid qızı Xəlilova,
Rusiya Federasiyasının vətəndaşı
Yaşlı insanlara daha çox qayğı göstərilir
Cənab Prezident!
Mənim 78 yaşım var, pensiyaçıyam. İki oğlum zabitdir, digər bir oğlum isə Aprel döyüşlərinin iştirakçısıdır.
Siz vətəndaşlara həmişə diqqət və qayğı ilə yanaşmısınız. Hazırda bütün dünyada COVID-19 virusu can almaqda davam edir. Siz virusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər gördünüz. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Siz bu çətin günlərdə əhalinin bütün təbəqələrindən olan insanların sosial vəziyyətini nəzərə alıb onlara qayğı göstərdiniz. Yaşlı insanlara daha çox qayğı göstərilir. Onların tibbi və ərzaq ehtiyacları təmin olunur. Hətta işsiz insanlarda diqqətdən kənarda qalmadı. Onlar üçün birdəfəlik vəsait ayrıldı.
Sizin müdrikliyiniz, humanistliyiniz qarşısında baş əyirik. Siz hər bir vətəndaşın yanındasınız. Biz Sizinlə fəxr edirik. Allah Sizə uzun ömür versin!
Hörmətlə,
Sərdar Xəlil oğlu Fərəcov,
Lənkəran rayonu, Havzava kəndi.
Birlikdə güclüyük
Hörmətli Prezidentimiz!
Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilmiş, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaqdır.
Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. İnanıram ki, Sizin sayənizdə bu çətin günləri də geridə qoyacağıq. Biz birlikdə güclüyük.
Hörmətlə,
Nurlan Yalçın oğlu Əsgərli,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı,
Masallı rayonu, Ərkivan qəsəbəsi
Sizə güvənirik
Əziz Prezidentimiz!
COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, xalqın təhlükəsizliyi üçün həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır.
Cənab Prezident, Sizin pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə təqdirəlayiqdir. Mən də aprel və may aylarında işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Çox sağ olun ki, bu qayğını bizdən əsirgəmədiniz. Öz adımdan və anamın adından Sizə təşəkkürümü bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizi sevirik və Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Mətanət Zabil qızı Qədimova,
Bakı şəhəri.
Köhnə versiyamızdan xəbərləri izlə