Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-Azərbaycan münasibətlərinin inkişafı: Trampın məktubunun geosiyasi məqamları

ABŞ Prezidenti Azərbaycanın dövlət başçısına Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Donald Tramp məktubunda iki ölkə arasındakı münasibətlərin məzmunu və perspektivləri ilə bağlı maraqlı məqamları vurğulayıb. Məktubda geosiyasi kontekstdə əhəmiyyətli fikirlər ifadə edilib. Həmin fikirlər Azərbaycanla ABŞ arasında münasibətlərin müxtəlif istiqamətlərini, ondan hər iki ölkə xalqlarının faydalanmasının zəruriliyini və bunun bütövlükdə dünya üçün əhəmiyyətini əks etdirir. Vurğulanan məqamların üzərində geosiyasi kontekstdə geniş dayanmağa ciddi ehtiyac görürük.

Suveren və müstəqil Azərbaycan: Trampın etirafı

Dünya siyasi liderlərinin koro­navirus pandemiyasından sonra qlobal nizam ilə əlaqəli müxtəlif fikirlər söylədiyi bir dönəmdə böyük dövlətlərin xarici siyasətdə atdıqları addımlar diqqəti çəkir. Çünki bu addımları ekspertlər postpandemiya mərhələsinin geosiyasi mənzərəsinin mühüm elementləri kimi qəbul edirlər. O cümlədən ABŞ kimi böyük bir gü­cün xarici siyasət istiqamətindəki fəaliyyəti maraq doğurmaqda­dır. Rəsmi Vaşinqtonun Çin və Rusiya ilə bağı tutduğu mövqe məlumdur. Son bəyanatlar göstərir ki, bu istiqamətdə elə bir dəyişiklik yoxdur. Bu kimi gedişatın fonunda Amerikanın Azərbaycanla bağlı siyasəti maraq doğurmaya bilməz.

Məsələ son zamanlar Ermənistan tərəfindən bir sıra təxribatçı addımların atılması fonunda da əhəmiyyətli görünür. Rəsmi İrəvan öz qeyri-konstruk­tiv və təcavüzkar addımları ilə Azərbaycanı şantaj etməkdə davam edir. Belə bir şəraitdə Azərbaycanın sərt addımlar at­ması istisna olunmur. Mümkündür ki, Bakı İrəvanı hərbi zərbə ilə sus­dursun. Hamı bilir ki, Azərbaycan Ordusu bu işin öhdəsindən yüksək səviyyədə gələ bilər. Əsas məsələ beynəlxalq ictimaiyyətin Azərbaycanın təbii olaraq özünümüdafiə fəaliyyətini obyek­tiv qəbul etməsi ilə bağlıdır. Bu baxımdan Ağ ev administrasiyası Azərbaycanla bağlı nə düşünür?

Bu sual D.Trampın Azərbaycanın dövlət başçısı­na göndərdiyi məktubda ifadə edilən fikirlər prizmasından da kifayət qədər maraqlıdır. Amerika Azərbaycana inanırmı? Məktubun məzmunundan belə bir suala cavabla bağlı nəticə çıxarmaq olar. Məktubda D.Tramp yığcam şəkildə ABŞ-ın Azərbaycana münasibətini, o cümlədən əməkdaşlıq əlaqələrinin perspekti­vini ifadə edib.

“28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram” cümləsi ilə başlayan məktubunda D.Tramp dərhal ifadə edir ki, “Birləşmiş Ştat­lar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir”. Bu iki cümlə bir-birini məzmun və məqsəd baxımından qarşılıqlı surətdə tamamlayır. Belə ki, birinci cümlədə Amerikanın Azərbaycanın müstəqil dövlət olmasını tam qəbul etdiyi bildirilir ki, bu da məsələnin tarixinə Va­şinqtonun hörmətlə yanaşmasını göstərir. ABŞ Cənubi Qafqazda müstəqil Azərbaycan dövlətinin qurulmasını tamamilə təbii, zəruri və geosiyasi aspektdə faydalı hadisə adlandırır. İkinci cümlədə bu tezisin konkret siyasi arqu­menti ifadə edilib. Yəni, Amerika Birləşmiş Ştatları Azərbaycanı həm də ona görə ürəkdən təbrik edir ki, bu dövlət suverenlik və müstəqilliyini təmin edə bilir!

Müasir dolaşıq geosiyasi mühitdə müstəqilliklə bərabər suverenliyi də təmin etmək hər ölkəyə müyəssər olmur. Azərbaycan bu baxımdan Cənubi Qafqazda yeganə dövlətdir ki, 1993-cü ildən bu yana həm müstəqil, həm də suveren addım­lar atır. Bunu təsdiq edən çoxsaylı faktları Vaşinqtonda çox yaxşı bilirlər. O cümlədən Azərbaycan enerji sferasında qlobal enerji təhlükəsizliyi üçün əhəmiyyəti olan layihələri heç bir təhdidə, təhlükəyə, hədəyə, sui-qəsdlərə və risklərə baxmadan inamla həyata keçirməkdədir. Amerika rəsmi dairələrində buna qiymət verirlər.

Bu tezisi D.Tramp məktubunda belə ifadə edib: “Birləşmiş Ştat­lar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər”. Bura­da qarşılıqlı münasibətlərin üç vacib aspekti öz əksini tapıb. Birincisi, Amerika-Azərbaycan münasibətləri hətta qlobal miq­yasda təhlükəsizliyə müsbət təsir edən faktor-prosesdir. İkincisi, Azərbaycanın həyata keçirdi­yi layihələrin Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirdiyini Vaşinqton yax­şı anlayır. Üçüncüsü, iki ölkə arasındakı münasibətlər 30 ildir ki, yüksələn xətt üzrə davam edir və başlıca məqsəd iki böyük xalqın parlaq gələcək qurmasına xidmətdən ibarətdir.

Perspektiv: rəsmi Vaşinqton Cənubi Qafqazın lider dövlətinə inanır

Bunlar çox vacib məqamlardır. Şübhə yoxdur ki, Amerika rəhbərliyinin bu dərəcədə yüksək fikirdə olmasının əsas səbəbi Azərbaycan Prezidentinin həyata keçirdiyi səmərəli daxili və xarici siyasətdir. Bakının enerji siyasətinə diqqət hələ keçən əsrin 90-cı illərinin ortalarından vardır. Ulu öndər Heydər Əliyevin strateji əhəmiyyətli siyasi xəttini Amerika kifayət qədər lazımi səviyyədə dərk edə bilmişdi. İndiki mərhələdə də Prezident İlham Əliyev geosiyasi dinamika­nın ziddiyyətləri və mürəkkəbliyi şəraitində Ulu öndərin müəyyən etdiyi enerji siyasətini çox uğurla inkişaf etdirir və bunu konkret layihələrin reallaşması tam təsdiq edir. Bu baxımdan deyə bilərik ki, D.Tramp sadəcə gerçəklikləri etiraf edir. Bu isə hər bir siyasətçi üçün müsbət keyfiyyətdir.

ABŞ Prezidentinin məktubunda iki ölkə arasındakı münasibətlərin qlobal təhlükəsizliyə təsirinin ayrıca vurğulanmasının kökündə məhz Azərbaycan dövlət başçısı­nın təşəbbüsü ilə həyata keçirilən və müxtəlif sferaları (iqtisadi, ener­ji, humanitar, ekoloji və s.) əhatə edən layihələrin əhəmiyyəti, verdi­yi töhfələr dayanır. Yəni, D.Tramp bu qənaətini faktları araşdıraraq ifadə edir. Bu, Azərbaycanın müstəqil və suveren dövlət kimi dünya miqyasında davamlı şəkildə statusunu yüksəltməsindən xəbər verir.

Həmin bağlılıqda Ameri­ka Prezidentinin iki ölkənin münasibətlərinin son 30 illik inkişaf təcrübəsini xüsusi qeyd etməsi rəsmi Vaşinqtonun bu əlaqələrə yüksək siyasi qiymət verməsinin göstəricisidir. Həm də ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan- Amerika əlaqələri iki böyük xalqın rifahına xidmət edir! Əlbəttə, D.Trampın Azərbaycan xalqını böyük xalq adlandırması təsadüfi deyil. Amerika rəhbərliyi əmindir ki, Azərbaycan xalqı Cənubi Qafqazda mədəniyyətin, sivilliyin, demokratiyanın, əməkdaşlığın və tərəqqinin layiqli daşıyıcısıdır. Həmin səbəbdən də Azərbaycanla əlaqələrin inkişafı dünyanın istənilən mədəni və sivil dövləti üçün faydalıdır.

Burada biz, D.Trampın dolayısı ilə bir sıra dairələrin Azərbaycan ətrafında yaratmağa çalışdıqları yalançı mənzərəyə cavab verdiyini görürük. Amerika rəhbərliyi bu qəbildən olan qarayaxmaları qəbul etmir və müstəqil Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Məktubunda D.Tramp davam edir: “Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addım­ların atılmasına həvəsləndiririk”.

Fikrimizcə, ABŞ rəhbərliyinin mövqeyi aydın ifadə olunub. Vaşinqton bundan sonra da Azərbaycanla birgə çalışmağa davam edəcək və bu prosesə çox perspektivli yanaşır. ABŞ Azərbaycanın “parlaq gələcək naminə” “mühüm töhfələrini” diqqətə almaqdadır!

Vurğulanan kontekstdə D.Tramp Azərbaycanın pande­miya ilə mübarizəsini də yüksək qiymətləndirir. Bununla bağlı məktubda qeyd olunur: “Korona­virus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”.

Nəhayət, Azərbaycan xal­qı üçün çox əhəmiyyəti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və beynəlxalq hüquq nor­maları çərçivəsində ədalətli həlli məsələsində Vaşinqtonun hansı mövqedə olması da aktualdır. Bununla bağlı D.Tramp məktubda vurğulayıb: “Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıq­ların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”.

Buradan aydın görünür ki, ABŞ Azərbaycanın ərazi bütöv­lüyünün təmin edilməsi şərti ilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olun­masında maraqlıdır. Onun formatı kimi isə ATƏT-in Minsk qrupunu ABŞ qəbul edir. Deməli, Vaşinq­ton rəsmi İrəvanın münaqişə ilə bağlı atdığı təxribatçı addımları dəstəkləmir. Bu isə müsbət hal kimi qəbul edilməlidir.

Beləliklə, Amerika Prezidenti son məktubunda Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və onun perspektivinə tam əmin olduğunu ifadə edib. Şübhəsiz, bu məqam Azərbaycan Prezidentinin uğurlu siyasətinin növbəti təsdiqlərindən biridir.

NEWTIMES.AZ

20 May 2020 00:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə