Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Telman İBADOV: TƏBİB qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir

Dünyanı cənginə alan COVİD-19 pandemiyası bütün sahələrə təsir göstərir. Təbii ki, bu çətin günlərdə ən məsul vəzifə səhiyyə işçilərinin üzərinə düşür. Amansız xəstəliyə qarşı mübarizədə ağ xalatlı mələklərə çevrilən səhiyyə işçiləri əsil qəhrəmanlıq salnaməsi yazırlar.

Azərbaycanda səhiyyə sahəsində son illərdə aparılan islahatlar artıq ilkin bəhrələrini verməkdədir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində səhiyyə sistemində reallaşdırılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz açıq-aşkar hiss edirik. Səhiyyə sahəsi ilə bağlı proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regi­onlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin başlıca istiqamətlərini təşkil edir.

Səhiyyədə aparılan isla­hatların tərkib hissəsini təşkil edən istiqamətlərdən biri də icbari tibbi sığortanın tətbiqidir. Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət tərəfindən həyata keçirilir. İc­bari tibbi sığorta isə səhiyyənin maliyyələşməsinin yeni forması­dır. Dövlətin səhiyyəyə ayırdığı vəsaitlərlə yanaşı, vətəndaşlardan toplanılan sığorta haqları icbari tib­bi sığortanın müasir dövrdə daha dayanıqlı və etibarlı maliyyələşmə modeli kimi tətbiqinə səbəb olub. İcbari tibbi sığortaya ke­çid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıra­caq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək və səhiyyə sis­teminin maliyyə potensialını gücləndirəcək. Əlçatanlığın təmin olunması üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyi kənd tibb məntəqələrinin yenilənməsinə, səhiyyənin maddi-texniki bazası­nın güclənməsinə dəstək verəcək.

Dövlətimizin səhiyyə sahəsində qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, vətəndaşlara yüksək tibbi xidmətin göstərilməsi üçün akademik M.Mirqasımov adı­na Respublika Klinik Xəstəxanası da öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur. Bu xəstəxana əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanla­rın sağlamlığının səmərəli şəkildə qorunması üçün ən son texnoloji avadanlıqlar və müasir tibb apa­ratlarla təmin olunub.

Bir müddət əvvəl əsaslı təmir edilərək, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla reallaşdıran Respublika Klinik Xəstəxanasının xüsusi statusunu təsdiqləyən məqamlardan biri də budur ki, hazırda bu müəssisə respublika­nın əksər rayon və şəhərlərinin səhiyyə müəssisələri üçün praktiki və metodiki mərkəz funk­siyasını daşıyır. Bu isə, təbii ki, xəstəxananın istər rəhbərliyinin, istərsə də bütünlükdə tib­bi heyətinin üzərinə böyük məsuliyyət düşdüyündən xəbər verir.

Respublika Klinik Xəstəxanası 1960-cı ildən fəaliyyət göstərir. Hazırda 660 çarpayılıq səhiyyə müəssisəsi olan bu xəstəxana çoxprofilli olmaqla 23 stasio­nar şöbədən, 1 poliklinikadan, eyni zamanda, diaqnostik və yardımçı şöbələrdən ibarətdir. Burada xəstələrə 300 nəfərdən artıq yüksək ixtisaslı həkim və 600 nəfərdən çox orta tibbi personal xidmət göstərir. Bu böyük kollektivə rəhbərliyi isə Azərbaycan Respublikasının Əməkdar həkimi Telman İbadov həyata keçirir. Qeyd edək ki, T. İbadov M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi olmaqla yanaşı, həm də YAP Yasamal rayon təşkilatının sədr müavinidir. Telman həkimin tələbkarlığı, yüksək məsuliyyəti kollektivdə işgüzar ab-havanın yaranmasına səbəb olub. Çəkinmədən söyləmək olar ki, Respublika Klinik Xəstəxanası bu gün ölkəmizin ən seçilən tibb ocaqlarından biridir. Burada hər şey pasiyentlərə yüksək tibbi xidmətin göstərilməsinə hesabla­nıb. T.İbadov bizimlə söhbətində cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını xüsusilə qeyd etdi: “Bəlkə də son illərin statistika­sına nəzər salsaq, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər səhiyyə sisteminə vəsait sərf edilməyib. Çəkilən zəhmətin uğurlu nəticəsini biz bu çətin günlərdə gördük. Ölkəmiz pandemiyanın fəsadlarını ən az yaşayan ölkələrdən biridir. Bu, təbii ki, səhiyyə sisteminin yüksək peşəkarlığının və dövlətin qayğısı­nın nəticəsində baş verdi.

Xüsusilə TƏBİB-in bu çətin günlərdə göstərdiyi fədakar fəaliyyəti qeyd etmək lazımdır. İnamla söyləmək olar ki,TƏBİB prezidentin qarşıya qoyduğu tələbləri layiqincə yerinə yetirə bil­di. Bu son illər aparılan islahatlara verilən ən məntiqli cavabdır!“

Bizimlə həmsöhbət olan Azərbaycan Dövlət Tibb Universi­teti Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, universitet klinikasının şöbə müdiri Sahib Hüseynov son illər səhiyyə sistemində aparılan islahatların nəticələrindən danışdı: “Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində in­sanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnosti­kası aparıla bilər. Yəni diaqnostik müayinə, müalicə – bütün bunlar kompleks şəkildə təmin edilir.

Uzun illərdir ki, çalışdığım Respublika Klinik Xəstəxanası hazırda ən müasir tələblərə cavab verən tibb ocaqlarından biridir. Ölkəmizin bütün guşələrindən klinikamıza xəstələr gəlir. Ən ağır formada olan xəstələr belə bir tibb müəssisəsində yüksək səviyyədə müalicə alaraq sağa­lırlar. Bütün bunlara nail olmaq üçün xəstəxanamız ən müasir cihazlarla təmin olunub. Xüsusilə TƏBİB-in yaranmasından sonra fəaliyyətimizdə yeni dövr başlayıb. İndi hər kəs daha məsuliyyətlə çalışır. Ən mürəkkəb cərrahi əməliyyatları həyata keçirmək üçün bütün şərait yaradılıb. Xəstəxanamız ən müasir ava­danlıqlarla – ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək apa­ratları və s. müasir avadanlıqlarla təchiz edilib.

Xəstəxanada xəstələr bir sıra dövlət proqramları, o cümlədən dağınıq skleroz, hemofiliya üzrə dövlət proqramları çərçivəsində müayinə olunur, müalicə alır və zəruri dərman vasitələri ilə təchiz edilirlər.

TƏBİB-in fəaliyyətə başlama­sından sonra xəstəxanamızda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti əsaslı surətdə dəyişib. Xəstəxananın əvvəlki vəziyyətini görənlər əminliklə deyə bilərlər ki, bir neçə il əvvəl xəstəxanada müalicə üçün şərait o qədər də əlverişli deyildi. Antisanitariya, şəraitsizlik həkimlərə işləməyə im­kan vermirdi. İndi isə hər bir şərait var və xəstəxanaya müraciət edən insanların hamısı gülərüzlə ayrılır”.

Tibb elmləri doktoru, pro­fessor Fariz Camalov bildirdi ki, ölkəmizdə tibbin inkişa­fı əvvəlki illərlə müqayisədə yüksək səviyyədədir. Son illərdə Azərbaycanda bütün sahələrdə elmi inkişaf getdiyi kimi, təbabətdə də biz bunun canlı şahidi oluruq. Bütün xəstəxanalar müasir tələblərə uyğun tibbi avadanlıqlarla təchiz olunur. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təkcə pay­taxtdan olan sakinlərə deyil, eyni zamanda, Bakıda məskunlaşan qaçqın və məcburi köçkünlərə də xidmət göstərir. Həmçinin bölgə xəstəxanalarından təyinatla göndərilən xəstələr də burada müalicə olunurlar.

Bu gün Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşların sağlam­lığının qorunmasında mühüm rol oynayır. İstər maddi-texniki bazanın yaxşılaşdırılması, istərsə də səhiyyə sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ümumi işə töhfə veririr.

Xəstəxananın texnoloji ava­danlıqlarının hər biri təzələnib. İndi xəstələrə daha yüksək səviyyədə xidmət olunur. Xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Tibb Universitetinin bir neçə kafedrası məhz bu xəstəxanada yerləşir. Hər il universitetdən rezidentlər xəstəxanada təcrübə keçirlər. Dövlət pulsuz olaraq bizi dərman preparatları ilə təmin edir. Çalışırıq ki, xəstələrin dərdlərinə dərman olaq”.

Azərbaycan səhiyyəsinin avan­qardı olan M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası öz tarixinin intibah dövrünü yaşayır. Bu, təbii ki, ağır zəhmətin, peşəkar tibb personalın gərgin əməyinin nəticəsidir. İnamla söyləmək olar ki, sağlamlığımız etibarlı əllərdədir. Azərbaycan səhiyyəsi hər bir vətəndaşın sağlamlığının keşiyində bir TƏBİB kimi dayanıb. Uğurlarınız bol olsun, ağ xalatlı TƏBİBlər!

“Xalq qəzeti”

20 May 2020 00:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə