Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Soydaşlarımızın Azərbaycanda təhsil almasına şərait yaradılmalıdır

Deputat Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişliklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələrdə çıxışı zamanı dəyişiklikləri dəstəklədiyini deyib və bildirib ki, bu sənəd Azərbaycan üçün strateji baxımdan da vacibdir.

Qanunda göstərildiyi kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir. Eyni zamanda qanunda qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.

Q.Paşayeva çıxışında Azərbaycan da daxil olmaqla türk dövlətləri -- Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  öz müstəqilliyini təkrar qazandığı ilk illərdə qardaş Türkiyənin yüzlərlə gəncin Türkiyədə təhsil almasına dəstək göstərən proqramını xatırladıb və bildirib ki, həmin gənclər vətəndaşı olduqları dövlətlər ilə qardaş Türkiyə arasında əlaqələrin, əməkdaşlığın daha da güclənməsində fəal rol oynadılar. Buna görə də Azərbaycanda təhsil alacaq şəxslər üçün ayrılan kvotalarda türk dövlətlərindən -- Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan  və Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımıza (İran, Dağıstan, Borçalı)  öncüllüyün verilməsi əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək və bu, Azərbaycan üçün strateji baxımdan çox önəmlidir. Eyni zamanda, Q.Paşayeva ağır durumda olan türk toplumlarına, İraq türkmənləri kimi soydaşlarımızın da bu kvotalarda yer almasına  toxunub.

Deputat ümummilli lider Heydər Əliyevin “tarixi araşdırarkən gördüm ki, İraq türkmənləri ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq”-- fikrini qeyd edib və deyib ki, İraq türkmənlərinin ləhcələrinin 98 faizi bizim ləhcəmizlə eynidir və İraq türkmənlərindən müəyyən sayda istedadlı gənclərin Azərbaycana gəlib burda Azərbaycan dövlətinin dəstəyi və maliyyəsi ilə  təhsil alması həmin gənclərin ölkələrinə qayıtdıqdan sonra Azərbaycan ilə İraq türkmənləri, soydaşlarımız arasında əlaqələrin güclənməsinə öz töhfəsini verə bilər, həm də Azərbaycanın İraqdakı soydaşlarımıza dəstəyi və oradakı insanlarımızın güclənməsi baxımından çox strateji bir addım olar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Oktyabr 2018 13:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə