Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ana südü ilə qidalandırma” həftəsi

Oktyabrın 1-dən “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə əlaqədar Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) pediatr və mütəxəssislərin iştirakı ilə KİV nümayəndələri üçün görüş təşkil edilib.

 İSİM-in direktoru Qəhrəman Haqverdiyev, dünya ölkələrində, o cümlədən respublikamızda Səhiyyə Nazirliyi ilə UNİCEF-in birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi”nin keçirildiyini bildirib.

 Tədbirdə iştirak edən UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rolundan danışıb.

 Respublikanın baş pediatrı  Nəsib Quliyev çıxışında  ana südünün uşağın inkişafı, onun immun sisteminin güclü olması, gələcək fiziki və zehni inkişafına göstərdiyi təsirdən söz açıb və iştirakçıları süni qidalardan uzaq olmağa çağırıb.

 Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Eyni zamanda, körpələri ana südü ilə qidalandırmağın ən mühüm üstünlüklərindən biri də ana ilə uşaq arasında emosional və fiziki əlaqəni təmin etməkdir.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən bildiriblər ki, görüşdə həmçinin körpəni ana südü ilə qidalandırmağın qadının sağlamlığına da müsbət təsir göstərdiyi vurğulanıb. Bu, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, osteoporozun qarşısını alır.

Sonda iştirakçılara ana südü ilə qidalanmanın faydalarına dair maarifləndirici materiallar paylanılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Oktyabr 2018 13:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə