Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Con Batçelor Şou radio proqramında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə danışılıb

ABŞ-ın Con Batçelor Şou radio proqramında Corctaun Universite­tinin professoru, enerji sahəsində tanınmış mütəxəssis Brenda Şaffer və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanıb. Şuşanın işğalının ildönümü ərəfəsində baş tut­muş müsahibədə jurnalist C.Batçelor Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bir daha diqqət çəkib, regiondakı vəziyyət, koronavirus pandemiyası dövründə üzləşilən çətinliklər barədə mühasiblərinə suallar verib.

C.Batçelor Bakıda olduğu müddətdə ölkəmizdə gedən inkişaf və aparılan genişmiqyaslı islahatların şahidi oldu­ğunu və Azərbaycanın pandemiya ilə mübarizəyə kifayət qədər hazır olduğu­nu bildirib.

Səfir Elin Süleymanov dünya ba­zarında neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdiyini, lakin Azərbaycan hökuməti tərəfindən neftdən asılılığın azaldıl­ması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildiyini vurğulayıb.

Səfir Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan ərazisinin 20 faizinin işğalı və 1 milyon vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmaqla yanaşı, regional inteqra­siya və inkişafa da mane olduğunu bildi­rib. O, Ermənistan rəhbərliyinin hazırda işğalçı və şovinist siyasətini davam etdirərək yalnız Azərbaycana və regiona deyil, hətta öz xalqının gələcəyinə də böyük zərbələr vurduğunu diqqətə çat­dırıb. Diplomat böyük potensiala malik Cənubi Qafqaz regionunun sülh olacağı təqdirdə daha da çiçəklənəcəyini, regi­onun digər ölkələri ilə yanaşı, bundan erməni xalqının da faydalanacağını qeyd edib.

B.Şaffer münaqişənin həlli istiqamətində gedən danışıqlar fonunda Ermənistanın və ermənilərin təxribatçı əməllərinin yolverilməzliyini, bunun yal­nız sülhə mane olduğunu qeyd edib. O, ABŞ-da yaşayan ermənilərin veb-saytlar və sosial şəbəkələr vasitəsilə müxtəlif təxribatlara yol ataraq xalqların sülhə hazırlanmasına mane olduğunu bildirib. Professor qeyd edib ki, erməni lobbi­si regionda sülhün bərqərar olmasını istəmir.

Sonda C.Batçelor Azərbaycan xal­qına son günlər erməni təxribatlarının qurbanı olmuş şəhidlərimizə görə baş­sağlığı verib.

Müsahibənin tam versiyası ilə aşa­ğıdakı keçid vasitəsilə tanış olmaq olar: https://audioboom.com/posts/7576111-azerbaijan-weathers-the-energy-decline-while-waiting-for-peace-in-the-occupied-nagorno-karabakh.

AZƏRTAC-ın Vaşinqton bürosu

9 May 2020 20:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə