Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reyxstaq divarı üzərində yazı: Mən azərbaycanlıyam və burada olmuşam!

Bu sözlər Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçmiş qəhrəman neftçi Əbdül Ağa Əli oğlu Cavadova məxsusdur

İkinci Dünya müharibəsinin bitməsinin 75 illiyinin qeyd olunduğu ərəfədə şərəfli ömür yaşamış, Reyxstaqa qədər döyüş yolu keçmiş Əbdül Ağa Əli oğlu Cavadovun doğum günündən 100 il ötür.

O, 1920-ci ildə Bakının Zirə qəsəbəsində dünyaya gəlib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, Dağ-mədən mühəndis-geoloqu ixtisasına yiyələnib. “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsində (NQÇİ) öz ixtisası üzrə işləyib. 1956-cı ildən 1964-cü ilə qədər Elmi-Tədqiqat İnstitutunda geoloq vəzifəsində çalışıb.

1962-ci ildə “Sabunçu la­yında Balaxanı–Sabunçu–Ra­mana yataqlarının geologiyası və neftqazlılığı, onların işlənib hazırlanmasının səmərəli yol­ları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Ə.Cavadov 1954-1974-cü illərdə “Qaradağneft” NQÇİ-nin baş geoloqu vəzifəsində çalışıb. Atəşgah, Umbakı, Me­zozoy çöküntüləri sahələrində meosen – mezozoy qalxma­larının stratiqrafik tiplərinə aid yataqlarda kəşfiyyat quyuları­nın qazılmasını layihələndirib. Lökbatan qatının meosen-me­zozoy layında qaz-kondensat yataqlarının kəşfində və istismarında iştirakçı olub, 1970-ci ildə “Abşeronun cənub-qərbindəki məhsuldar qatların geologiyası və neft­qazlılığı” mövzusunda dok­torluq dissertasiyası müdafiə edib. O, Azərbaycanda yeganə neftçi-geoloqdur ki, doktorluq dissertasiyasını istehsalatda işləyə-işləyə müdafiə edib.

1974-1978-ci illərdə Elmi-Tədqiqat Neft İnstitutunda “Layın fizikası” laboratoriyası­nın müdiri vəzifəsində çalışan Ə.Cavadov Azərbaycan Neft-Kimya İnstitutunun Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı kafedra­sının professoru olub, Sənaye istehlakının təşkili fakültəsinin dekanı kimi də fəaliyyət göstərib. 1981-1986-cı illərdə isə Neft-qaz yataqlarının geo­logiyası, kəşfiyyatı və axtarışı kafedrasının müdiri vəzifəsində çalışıb, “Neft Daşları”, “Günəşli” və başqa yataqların istismara hazırlanmasında yaxından iştirak edib.

Ə.Cavadov neft sənayesinin inkişafında göstərdiyi yüksək xidmətlərə görə 1964-cü ildə SSRİ Dövlət Geologiya Komitəsi və Kəşfiyyat İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsi tərəfindən “Yerin təkinin kəşfiyyatı üzrə peşəkarlıq” dövlət mükafatı ilə təltif edilib. 120 elmi əsərin müəllifi olan Əbdül Ağa müəllim 12 elmlər namizədi yetişdirib.

O, Böyük Vətən müharibəsi cəbhəsində göstərdiyi döyüş şücaətinə görə I, II dərəcəli “Vətən Müharibəsi”, “Qırmızı Ulduz” ordenləri, eləcə də bir çox orden və medallarla təltif olunub. 2014-cü ildə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Pat­ruşev Bakıya gələrək Əbdül Ağa müəllimi şəxsən “Rusiya Federasiyasının Təhlükəsizlik Şurası” ordeni ilə mükafatlan­dırıb.

O, yeganə neftçidir ki, Böyük Vətən müharibəsinin ilk günlərindən son gününədək şərəfli döyüş yolu keçib və Berlində Reyxsta­qın divarı üzərində “Mən azərbaycanlıyam və burada olmuşam!” sözlərini yazıb.

Ə.Cavadov, həmçinin “Qafqazın müdafiəsi uğrunda”, “Varşavanın azadlığı uğrunda”, “Döyüşdə göstərdiyi şücaətə görə”, “Berlinin alınmasına görə”, “Almaniya üzərində Qələbə”, Böyük Vətən müharibəsində Qələbənin 20 illiyindən başlayaraq, 70 illiyinədək bütün yubiley medalları ilə təltif olunub. Onun təltifləri sırasında “SSRİ silahlı qüvvələrinin 70 illiyi”, “Ukraynanın azad edilməsinin 70 illiyi”, “Belarusun azad edilməsinin 65 illiyi”, “Moskva uğrunda döyüşlərin 75 illiyi” medalları da var.

AZƏRTAC

9 May 2020 20:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə