Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusa qarşı aparılan uğurlu mübarizə beynəlxalq birlik tərəfindən təqdir olunur

Qlobal pandemiya ilə mübarizə başlayan­dan dövlətlər və xalqlar arasında iqtisadi əlaqələr, beynəlxalq və regional təşkilatlar arasında əməkdaşlıq demək olar ki, dayandırılıb, gediş-gəlişlər kəsilib. Təbii ki, bu, dəhşətli infek­siya ilə əlaqədar sərhədlərin bağlanması, yükda­şımalar istisna olmaqla nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlıdır.

Belə bir vəziyyətdə Azərbaycan müasir texno­logiyanın imkanlarından, beynəlxalq aləmdəki nüfu­zundan yararlanaraq, pan­demyadan əvvəlki dövrdə ol­duğu kimi, dünya dövlətləri ilə münasibətləri inkişaf etdirir, hətta müxtəlif qütblərdə qərar tutan ölkələrlə təmas yaradır, onları bir araya gətitrərək, günümüzlə səsləşən mövzu­larda birgə tədbirlər keçirir, bəşəriyyətə xidmət çağırışları edir.

Bu fikrin bariz nümunəsi olaraq, BMT-nin Baş As­sambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulma­ma Hərəkatının bir neçə gün bundan əvvəl keçirilən Zirvə görüşünü nümunə göstərə bilərəm. Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən həmin Zirvə görüşü hazırda Azərbaycanın beynəlxalq aləmdə qlo­bal əməkdaşlığa haqlı olaraq böyük töhfəsi kimi dəyərləndirilir. Yeri gəlmişkən, bundan öncə Türk Şurası­nın videokonfrans vasitəsilə reallaşan fövqəladə Zirvə görüşü də adıçəkilən şura­ya üzv dövlətlər tərəfindən gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından yüksək qiymətləndirilmişdi.

Söz düşmüşkən, Qoşul­mama Hərəkatının ölkəmiz, eləcə də bu quruma üzv dövlətlər üçün son dərəcə mühüm önəm daşıyan bəzi məqamlarını xatırlatmaq istərdim. Əvvəla, adıçəkilən hərəkat bütünlüklə, ölkəmizin ərazi bütövlüyünü tanıyır və Ermənistanın işğalçı siyasətini kəskin pisləyir. Bu fikir hərəkat tərəfindən keçirilən indiki təmas qru­pu formatındakı Zirvə görüşündə, o cümlədən əvvəlki toplantılarda da dəfələrlə səsləndirilib. Digər tərəfdən, Qoşulmama Hərəkatının tədbirlərində vaxtaşırı bütün üzv ölkələrin problemləri qabardılıb, na­rahatlıq doğuran məsələlər diqqətə çatdırılıb, həlli yolları müzakirə olunaraq, beynəlxalq səviyyəyə qaldı­rılıb.

Onu da qeyd edim ki, Azərbaycanda sosial-iqtisa­di sferada həyata keçirilən tədbirlər bütün dünyada müdafiə olunur, ölkəmizin tutduğu yol, yeritdiyi siya­si xətt müxtəlif qütblərdə dayanan dövlətlər tərəfindən dəstəklənir. Məhz Qoşul­mama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündə 40-dan çox ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin, BMT Baş Assambleyasının preziden­tinin, Afrika İttifaqı sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etmələri də onların Azərbaycana olan bu inam və etimadından xəbər verir.

Azərbaycanda korona­virusa qarşı aparılan uğurlu mübarizə də beynəlxalq aləm, o cümlədən Qoşulma­ma Hərəkatına üzv dövlətlər tərəfindən təqdir olunur və ölkəmiz nümunə göstərilir. Bu, təsadüfi deyil. Çünki dünyanın əksər dövlətləri pandemiya ilə mübarizədə çətin vəziyyətə düşdükləri halda, Azərbaycan bu bəlanın nəzərə çarpdığı ilk günlərdən ciddi mübarizə tədbirlərini gerçəkləşdirib, eyni za­manda, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi təhlükəyə qarşı qlobal həmrəylik çağırışlarına qoşu­laraq, könüllü olaraq Ümum­dünya Səhiyyə Təşkilatına böyük həcmdə maliyyə yardımı edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə görüşündəki nitqində bu barədə deyib: “ Zirvə gö­rüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemi­ya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Pandemiyaya qar­şı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razı­laşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş As­sambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.”.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışın­da səsləndirdiyi fikirlərlə təkcə bu günün deyil, həm də gələcəyin prioritetlərini diqqətə çatdırıb. Başqa sözlə, dövlətimizin başçısı virusla mübarizədə həyata keçirilən genişmiqyası tədbirlərlə bərabər, karan­tin rejimindən mərhələlərlə çıxmaq barədə düşüncələrini bölüşüb, postpandemiya dövrünə hazırlığın kontur­larını xatırladıb, həmçinin sonrakı dövr üçün beynəlxalq əlaqələrin bərpa olunmasının zəruriliyini xüsusi vurğulayıb. Azərbaycan Prezidenti, eyni zamanda, “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini dün­yaya çatdıraraq, koronavirus pandemiyası ilə mübarizədə ölkələrin bir-birinə yardım etmələrinin vacibliyini, qlobal əməkdaşlığa güclü ehtiya­cın olduğunu xatırladıb. Bu məqsədlə beynəlxalq və regional təşkilatlar tərəfindən atılmalı addımların gələcəkdə beynəlxalq həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verəcəyini də diqqətə çatdırıb.

Qoşulmama Hərəkatı tərəfindən Təmas Qrupu formatında videokonfran­sın keçirilməsi, həm də ona görə əlamətdardır ki, Azərbaycan Prezidentinin Zirvə görüşünün reallaş­ması ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib və təmas qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar. Bu, tədbirin gerçəkləşməsi, eyni zaman­da, bir daha Azərbaycana və cənab İlham Əliyevə olan inamın, etibarın və etima­dın, həmçinin dövlətimizin başçısının şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, BMT-nin Baş katibi video müraciətində də Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə dövlətimizin başçısına təşəkkürünü bildirərək, cənab İlham Əliyevin səylərini dəstəklədiyini xüsusi vurğu­layıb.

Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizədə ölkələrin bir-birinə yardım etmələrinin vacibliyi barədə fikri ilə bağlı bir məsələni də vurğulamağı zəruri bilirəm. Dövlətimizin başçısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurası­nın videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşündə çıxış zamanı dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalması­nın, özünəqapanma yolunu seçməsinin şahidi olduq”.

Bu cür təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki, can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Bütün bu qeyd edilənlər isə deməyə əsas verir ki, Azərbaycan dünya birliyi­nin məsuliyyətli və etibarlı üzvü kimi koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib. Ölkəmizin koronavirusa qarşı qlobal mübarizəyə qoşula­raq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırması da məhz bunun bariz ifadəsidir.

Son vaxtlar respublika­mızda cəmiyyət tərəfindən böyük razılıqla qarşılanan bir məsələyə də toxunmaq istərdim. Lakin əvvəlcə onu qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildən başlanan genişmiqyaslı xarakter daşıyan islahatların yeni mərhələsi pandemiyaya qarşı mübarizə aparıldığı bir vaxtda belə səngiməyib. Məsələn, struktur-institusi­onal islahatlar keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi şərtləndirib və bundan əsas məqsəd Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşı­laşdırılması olub. Bununla bərabər, ölkəmizdə aparılan kadr islahatları yeni, peşəkar, bilikli, müasir dünyagörüşünə malik mütəxəssislərə eti­mad göstərilməsi, onların önə çəkilməsinə islahatların sürətləndirilməsinə əlverişli şərait yaradıb. Şübhəsiz ki, gənclərə önəmli vəzifələrin həvalə edilməsi dövrün tələbidir. Hazırda müasir dünyada siyasi, iqtisa­di sahələrdə, beynəlxalq müstəvidə müasir yanaş­malar hökm sürür. Belə bir zamanda peşəkarlara, yüksək keyfiyyətli təhsil almış gənc kadrlara da ehtiyac var. Prezident Administrasiyasın­da, parlamentdə, məhkəmə sistemində aparılan islahatlar da bunu təsdiqləyir. Bütün bunlardan sonra Baş Proku­rorluqda da genişmiqyaslı is­lahatlar aparılması, deyərdim ki, məhz bu zərurətdən irəli gəlir.

İslahatlarla bağlı qarşıya qoyulan hər bir vəzifənin, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapma­sı isə xalq–iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl iqtisadi strategi­ya nəticəsində islahatların davamlılığı reallaşır, iqtisadi inkişaf sürətlənir, əhalinin rifa­fı daha da yaxşılaşır.

Burada təəssüf doğu­ran hal isə odur ki, cənab Prezident tərəfindən verilən tapşırıqlardan hələ də düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərə rast gəlinir və təbii ki, onlar dövlət tərəfindən ciddi cəzalandırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanan kor­rupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunan Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətlərinin keçmiş başçılarının əməlləri xalqı­mız, eləcə də cənab İlham Əliyev tərəfindən haqlı olaraq dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir.

Artıq hamıya bəllidir ki, həmin məmurlar dünyanı bürüyən COVİD-19 pande­miyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidentinin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər edərək, dövlətin mənafeyinə ciddi zərbə vurublar.

Burada onu da xatırladım ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Baş Prokuror vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisini təyin etməsi də korrupsiyaya qarşı bundan sonra daha kəskin mübarizə aparıla­cağından, eyni zamanda, gerçəkləşdirilən ictimai-siya­si, iqtisadi, hüquqi və kadr islahatları ilə ölkəmizdə yeni inkişaf mərhələsinin başlandı­ğından xəbər verir.

Sübut ƏSƏDOV,
Azərbaycan Respublikaçılar Partiyasının sədri

9 May 2020 20:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə