Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllı, Şəki və Zaqatala rayonlarında peyvəndləmə tədbirləri gücləndirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev İsmayıllı, Şəki və Zaqatala rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə işləri, qurulması nəzərdə tutulan "BTS-1" ("BSL-1") səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə tanış olub və təsərrüfat sahibləri ilə görüş keçirib. Respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

Səfər çərçivəsində Şəki rayonunda yerləşən Azərbaycan Sənaye Korporasiyasına (ASK) məxsus heyvandarlıq kompleksinə gələn Xidmət rəisi iribuynuzlu heyvanların saxlama, yemləmə şəraiti, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub və dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə tədbirini izləyib.

47 hektar ərazidə yerləşən heyvandarlıq kompleksində görülmüş işlərlə bağlı Xidmət rəisinə məlumat verilib. Bildirilib ki, kompleks 2008-ci ildən yaradılıb. Kompleks südlük istiqamətində inkişaf etdirilir. Heyvanların hamısı Hollandiyadan gətirilən yüksək südlük “Holstein Friesian” cinsinə aiddir. Kompleksin tərkibinə ferma binaları, pendir sexi, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı, peyin emalı sexi və digər köməkçi sahələr daxildir.

Hazırda kompleksdə 85 nəfər çalışır. Gündəlik 9 ton süd istehsal edilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, məhsuldarlığın artırılması və ərazinin genişləndirilməsi nəzərdə tutulub.

Süd sağımı sexindəki bütün avadanlıq Hollandiyadan gətirilib. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, müayinə edildikdən sonra satışa çıxarılır. Gələcəkdə həmin südlərdən “Gauda” adlı pendir istehsal edilməsi nəzərdə tutulub.

Bayandur Rzayev kompleks əməkdaşlarının müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib.

Görüşdə Dövlət Xidməti tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

2 Oktyabr 2018 11:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə