Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dostlarımın yanına gedirəm...

Ata, ölümün də həyatın kimi qəribə oldu. Uca qamətin kiçilmiş, işıqlı gözlərin qapanmış, övladlarının əllərindən bərk-bərk tutmuşdun. Çox sakit, həzin səslə: - mən gedəsi oldum, – deyib gülümsədin. Soruşduq: - Ata hara?

– Məni gözləyən dostlarımın yanına.

Hələ gənc yaşlarımızdan bizə “dost” sözünün dərin mənasını öyrədən atamız son məqamda da bunu bizə anlatdı.

İkinci dünya müharibəsi XX əsrdə bəşər tarixində ən dəhşətli dövr olub.

Müharibənin başa çatmasından 75 il keçsə də, bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadalı illər hələ də unudulmur. Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə hər il təntənəli mərasimlər keçirilir. Xalqımızın fəxri olan Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlığı xüsusi hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

Sovet Azərbaycanı SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Həmin vaxt Azərbaycanın igid oğul və qızları da SSRİ–Finlan­diya müharibəsinə getmişdilər. Onlardan biri atam idi. 1941-ci ilin iyununda atam fin cəbhəsindən Vətənə dönərkən yolda alman­ların SSRİ-yə hücum xəbərini eşidir və könüllü olaraq yenidən ön cəbhəyə qayıdır.

Ötən əsrin 90-cı illərinə kimi sovet imperiyasının tərkibində olan Azərbaycan xalqı da ölkənin müdafiəsinə qalxdı, 600 mindən çox azərbaycanlı döyüşən cəbhəyə yola düşdü, onların yarı­sı qanlı savaşlarda həlak oldu.

Xalqımız arxa cəbhədə də qələbəyə dayaq oldu. Qürur duyuram ki, I dünya savaşının qalibləri sırasında qanlı-qadalı müharibə illərində böyük şücaət göstərmiş atam – Barat Əsgərov da olmuşdu. O, həmişə qardaşı Xeyrulla ilə həmin qanlı-qadalı illərdən danışanda kövrəlirdi. Sanki həmin anları yenidən yaşayırdı. O nəslin göstərdikləri misilsiz qəhrəmanlıq bugünkü gənclərimizə bir örnəkdir.

Bu gün atamdan bizə qalan şəkilli albomlar, təltifləri, orden və medallarıdır.

Bunların arasında I dərəcəli “Vətən müharibəsi” ordeni, “Leninqradın müdafiəsində iştirakına görə” , “1941– 1945-ci illərin Böyük Vətən müharibəsində fədakar əməyinə görə “, “Döyüş xidmətinə görə”, “1941–1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə… “ medalları və digər mükafatlar var. O illərdə faşistlərlə döyüşlərdə rəşadət göstərmiş 193-cü diviziyanın 896-cı atıcı alayının əsgəri olan Barat Əsgərov Qafqazdan Berlinə qədər uzun və şərəfli döyüş yolu keçmişdir. O, dəfələrlə ölümün pəncəsindən qurtulmuş, 2 dəfə ağır yaralanmış və müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdır. Atam sonralar tez-tez Böyük Vətən müharibəsi veteranı kimi yubiley tədbirlərinə dəvət alırdı. Cəbhə yoldaşlarının adını çəkir, xatirələrini bölüşürdü.

Yaxşı yadımdadır, təhsil aldığım Bakıdakı 62 nömrəli orta məktəbdə belə tədbirlərin birində atam növbəti dəfə müharibə ilə bağlı xatirələrini danışarkən dedi: “Vətən yolunda, torpaq uğrunda mübarizə aparmaq, döyüşmək, şəhid olmaq şərəfdir. Yadınızda qalsın! Vətən anadır, namusdur, qeyrətdir. Əziz balalar, bizim gördüyümüz günləri heç birinizə arzulamıram. Arzu edirəm, sala­mat, sakit və mavi səma altında atalı-analı (o, valideynlərini çox erkən itirmişdi) böyüyüb Vətənə dəyərli övlad olasınız”.

Torpağa, Vətənə bağlılıq məhz belə fədəkar insanlardan keçib bizə. Bu gün torpaqları­mızın müdafiəsində ayıq-sayıq dayanan əsgərlərimiz də həmin od-alovun içindən mərdliklə, hünərlə çıxan igidlərin nəvə - nəticələridir.

Biz müharibə veteranlarını həmişə anmalı, xatırlamalıyıq. O kişilərin davamçıları kimi, nümunə göstərməliyik. Doğma torpaqlarımızın müdafiəsinə qalxan hər bir əsgər bilməlidir ki, bu müqəddəs yolda zəhmət çəkənlər, canını belə fəda etməkdən çəkinməyənlər heç vaxt unudulmurlar.

Biz əvvəllər də müharibə mövzusunda çəkilmiş filmlərə çox baxmış, bu mövzuda yazılmış bədii əsərləri mütaliə etmişik. Müharibənin törətdiyi faciələrin, qiyabi olsa da şahidi olmuşuq.

Lakin heç vaxt ağlımıza gəlməzdi ki, əsl müharibənin nə olduğunu məhz gözlərimizlə görəcəyik. Döyüş bölgələrində yaşamasaq da, onun ağrı-acısını yaxından duyduq...

Biz ailəlikcə (bacım, qarda­şım, nəvələr) tez-tez atamızın ziyarətinə gedirik. Qələbə bayra­mı ərəfəsində onun ruhunu yad etmək müqəddəs borcumuzdur.

Axı bu qələbənin qazanılma­sında atamız Barat Əsgərov da od-alovdan keçmişdi…

Əlimizdə gül-çiçək dəstəsi sü­kuta dalıb ata-anamızın məzarını qürur və ehtiramla seyr edirdik.

– Ata, sən xoşbəxt baba­san ki, nəvələrin bu gün fəxrlə deyirlər: Biz də çalışmalıyıq ki, babamız kimi şərəfli və mükəmməl bir ömür yaşayaq.

Hər il 9 May – Qələbə bayramı ölkəmizdə təntənə ilə qeyd edilir. Babaların yolunu şərəflə davam etdirən gənc nəslin Qələbə bayramını torpaqlarımızı azad etməklə, Şuşada, Xankəndidə və işğal altında olan digər şəhərlərimizdə Azərbaycan bayrağını dalğalandırmaqla qeyd edəcəyimizə böyük inam və ümidimiz var. Bu inamı xalqımızda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasi kursu yaradıb.

Ata, arzumuz odur ki, taleyindən nigaran getdiyin Qarabağ torpaqları erməni qəsbkarlarından azad edilsin və bu Qələbə münasibətilə də ziyarətinə gələndə “Bayramın mübarək, Barat baba”- deyək.

Rəfiqə ƏSGƏROVA, “Xalq qəzeti”

9 May 2020 20:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə