Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik

Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Biz fəxr edirik ki, respublikamız öz oğul və qızlarının həyatı bahasına, müəssisələrimizin gecə-gündüz işləməsi hesabına bu qələbəyə mühüm töhfə verib... Azərbaycanda sənaye həmişə yüksək səviyyədə inkişaf edib və bizim müəssisələrdə qələbə üçün çox zəruri olan müxtəlif silah növləri fasiləsiz rejimdə istehsal edilirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsindən

Bakı, 7 may 2020-ci il


İyirminci əsrin ən böyük bəlalarından olan faşizmə qarşı mübarizədə dünyanın, demək olar ki, əksər dövlətləri və xalqları iştirak etmiş və bu şanlı qələbəyə hərə öz imkanı daxilində töhfələr vermişdir. Bu gün həmin qanlı müharibənin tarixinə nəzər salarkən görürük ki, Azərbaycan xalqının və o zamankı respublikamızın imkanları da böyük olub, qələbənin qazanılmasındakı rolu da.

Bu həqiqətləri Azərbaycan Prezidenti İlham Əliyevdən qələbənin 75 illiyi münasibətilə eksklüziv müsahibə götürən tanınmış jurnalist – Rusiyanın TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman da dövlət başçımıza ün­vanladığı suallarından əvvəl dilə gətirdi: “Arxa cəbhədə göstərilən qəhrəmanlıq, Azərbaycan neftçilərinin qəhrəmanlığı barədə danışmamaq olmaz. Döyüş ma­şınlarının, tankların, təyyarələrin, gəmilərin istifadə etdiyi bütün yanacağın 80 faizi Azərbaycan mədənlərində, Azərbaycan zavod­larında istehsal edilirdi”.

Həmkarımız tamamilə haqlıdır. Azərbaycanın mərd oğul və qızları 1941–1945-ci illər müharibəsində faşizm üzərində qələbə qazanıl­masında hərtərəfli şəkildə fəal iştirak etmişlər. Yeri gəlmişkən, dövlət başçımız Ermənistanın Baş naziri Nikol Paşinyanı ifşa etdiyi beynəlxalq tədbirlər də daxil olmaqla, dəfələrlə qeyd edib ki, Azərbaycanda sənaye həmişə yüksək səviyyədə inkişaf edib və bizim müəssisələrdə Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri fasiləsiz rejimdə istehsal edilirdi: “ Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nüma­yiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi”.

Xatırladaq ki, Azərbaycanda bizim ümumi qələbəmizə münasibət həmişə birmənalı olmayıb. Təəssüf ki, müstəqilliyin ilk illərində, millətə zidd olan Xalq Cəbhəsi rejimi hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May- Qələbə Günü bayram təqvimindən silinmişdi. Müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra 9 may günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün dövlət bayramıdır.

1941–45-ci illər müharibəsi Azərbaycan xalqının mərdliyinin və igidliyinin miqyasını ortaya qoymuşdu. Minlərlə azərbaycanlı müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə yollanmışdı. Arxa cəbhədə qalanlar isə yaşlı kişilər və qadınlar idi. Onlar döyüşə gedənləri əvəz etmək üçün bütün qüvvələri ilə çalışırdı­lar. Bu da qanlı-qadalı döyüşlərdə vuruşan, qələbə əzmi ilə düşmənə ciddi zərbələr vuran igid oğulları­mıza mənəvi dəstək idi.

O qədər də uzaq tarix olma­dığına görə, 1941–1945-ci illər müharibəsinə aid sənədlərlə hamı tanış ola bilir. Həmin sənədlərdə göstərilir ki, müharibəyə cəlb olun­muş keçmiş müttəfiq respublikalar içərisində o zaman istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşən əsgərlərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayanırdı. Belə ki, müharibədə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, res­publika əhalisinin hər 5 nəfərindən biri vuruşmuş, onların 450 mini və ya 65 faizi orden və medallar­la təltif edilmişdir. Azərbaycanın 130-a qədər vətəndaşı “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülmüşdür.

Mən rəsmi dövlət qəzeti üçün hazırladığım materialda təvazökarlıqdan kənara çıxaraq qeyd etməyi məqbul sayıram ki, atam Məmmədcan İsmayıl oğlu Qaçayev bir neçə il – so­nuncu dəfə yaralanıb əlil ola­na qədər 402-ci Azərbaycan diviziyasının döyüşçüsü olub. Ümumilikdə isə həmin odlu-alov­lu illərdə fədakarlıq göstərən azərbaycanlılardan ibarət təşkil edilmiş 416-cı “Taqanroq”, “402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçmiş, soy­daşlarımızın təxminən yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tarixi sənədlərdə göstərilir ki, Azərbaycan cəbhəyə təkcə əsgər və neft göndərməyib. Həmin illərdə respublikamızda 130 növdə silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Ona görə də 1941–1945-ci illərdə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladları­nın tarixi şücaətlərini, habelə arxa cəbhədəki fədakarlıqlarını heç vaxt unutmaq olmaz.

Biz fəxr edirik ki, 1941–1945-ci illər müharibəsində qəhrəmanlıq göstərmiş, həlak olmuş döyüşçülərin xatirəsinin ən böyük ehtiramla yad edildiyi respublika­lardan biri də Azərbaycandır. Xal­qımızın ümummilli lideri Heydər Əliyev tarixi qələbənin qazanılma­sında xidməti olan insanlara öz qayğısını heç vaxt əsirgəmirdi.

Ulu öndər qələbə uğrunda mübarizədə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayı­dan həmyerlilərimizin bizim üçün qürur və iftixar mənbəyi olduğunu dəfələrlə vurğulayır və deyirdi: “Böyük Vətən müharibəsinin vete­ranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.

Bu sətirlərin sonluğunu da dövlət başçımızın beynəlxalq tribunadan səsləndirdiyi fikirlərlə tamamlamaq istəyirik. Belə ki, ötən il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən Prezident İlham Əliyev demişdir: “Bugünkü zirvə görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi qələbəmizə Azərbaycan layiqli töhfə verib”.

Bu mühüm girişdən sonra işğalçı Ermənistanda faşizmə xidmət etmiş şəxslərin xatirəsinin əbədiləşdirilməsini hiddətlə qınayan dövlət başçımız əlavə etmişdir ki, biz dövlət başçı­ları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazı­nı bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Na­sizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir forma­larının yayılmasına şərait yara­dan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.

Ekspertlərin fikrincə, dövlət başçımızın həmin çıxışı faşizm üzərində şanlı qələbənin 75 illiyi ərəfəsində region həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış ən obyektiv addıımlardan biri idi.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

9 May 2020 20:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə