Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı benzini cəbhədə çox böyük rol oynadı

Hörmətli redaksiya, Sovet İttifaqı Qəhrəmanı, general-polkovnik Stepan Akimoviç KRASOVSKİNİN (1897-1983) Bakı qəzetləri üçün yazdığı bu məqalə 1945-ci il avqustun 14-də “Kommunist” qəzetində dərc olunmuşdur. Sonralar aviasiya marşalı olan müəllif həmin məqalədə faşist Almaniyası üzərində tarixi qələbədə SSRİ-nin əsas yanacaq bazası olan neft Bakısının böyük rolundan bəhs etmişdir. Eyni zamanda, general Azərbaycandan göndərilən benzinin texniki göstəricilərinə görə həmin dövrdə hamıdan üstün olduğunu xüsusi vurğulamışdır. Şübhəsiz ki, burada görkəmli alimimiz Yusif Məmmədəliyevin müharibə dövründə misilsiz əhəmiyyəti olan, döyüş əməliyyatlarında sovet qırıcı və bombardmançı təyyarələrinin şəksiz üstünlüyünü təmin edən ixtirasından – yüksək oktanlı benzindən söhbət gedir.

Zənnimcə, Azərbaycanın, neft Bakısının həmin müharibədə qələbəyə böyük töhfəsindən bəhs edilən bu məqalənin yenidən dərci tarix baxımından da faydalı olardı.

Vaqif MUSAYEV, Əməkdar jurnalist


Sovet xalqı faşizmin qara qüvvələrinə qarşı böyük vuruşma­da şanlı qələbə qazandı. Rəşadətli Qızıl Ordumuz ağır müdafiə döyüşlərinə müvəffəqiyyətlə davam gətirdikdən sonra hücuma keçib zəfərlə irəlilədi, Qərb dövlətlərinin sərhədlərini, dağlarını və çaylarını xilaskar ordu kimi keçdi.

Sovet qoşunları Vətənimizdən çox uzaqlarda – Karpat dağlarında, Elba sahillərində, Alp dağlarının ətəklərində, düşmənə onun öz torpağında son öldürücü zərbələr endirdi.

İndi, Qərbdə vuruşma gurul­tusunun kəsildiyi bir vaxtda biz keç­diyimiz yola nəzər salıb cəhhədə və arxada sovet adamlarının qazandığı qələbənin və göstərdiyi qəhrəmanlığın əzəmətini daha aydın görə bilərik. Don və Seversk Donetsk çayları sahillərindəki və Belqorod yaxınlığındakı müdafiə döyüşlərini, sürətlə hücum edərək, düşmən torpaqlarına girdiyimiz vaxtları xatırlarkən ordunu lazım olan hər şeylə təmin edən arxa cəbhə zəhmətkeşlərinin səylərini həmişə heyranlıq hissi ilə düşünü­rük.

Hazırkı müharibə mühərriklər müharibəsidir. Bakı düşməni darmadağın etmək üçün cəbhəyə lazım olan qədər çox gözəl təyyarələr vermişdi. Təyyarələrimizə həmişə və hər yerdə döyüş apara bilməsi üçün bizə əla təyyarə benzini lazım idi. Benzin, təyyarələrin bütün gücündən istifadə etməyə imkan verən ürək qanı, mühərriklərin canıdır.

Cəbhəçilər bilirlər ki, ölkəmizdə təyyarə benzini verən əsas mənbə Qafqazdır, xüsusən Bakıdır. Mənim komandam altında olan birləşmənin hissələri Don sahilindən Elba sahilinə, Voronejdən Berlinə və Praqa­ya qədər keçdiyi yola nəzər salarkən, sizə – Bakı şəhərinin və bütün Azərbaycanın fədakar zəhmətkeşlərinə cəsarətlə və iftixarla deyə bilərik ki, bizi əla təyyarə benzini ilə çox yaxşı təmin etdiniz. Biz yanacaq sarıdan əsla korluq çəkmədik. Sizin neftçilərin, habelə dəmiryolçuların səyi və fədakarlığı sayəsində biz Belqorod, Kiyev və Ternopol yaxınlığında həmişə istədiyimiz qədər benzin ala bildiyimiz kimi, sizdən minlərlə kilometr uzaqlarda – Polşa, Çexos­lovakiya və Almaniyanın təyyarə meydanlarında da həmişə bol benzin ala bilirdik.

Gərgin vuruşmalar vaxtı hissələrimizin nə qədər çox benzin və yağ sərf etdiyini göstərmək üçün bir neçə rəqəmi diqqətə çatdıracağam. Belqorod-Kursk əməliyyatının təkcə 14 günü ərzində bizim birləşmə 17.500 ton benzin və 1.000 ton yağ sərf etdi. Lvov əməliyyatında təkcə bizim birləşmə 13.200 ton benzin və 800 ton yağ işlətdi.

Bu əməliyyatlar zamanı hava qüvvələrimiz düşmənin yüzlərlə təyyarəsini, tankını və topunu, çox­lu canlı qüvvəsini məhv etdi.

Müharibə Bakının təyyarə benzininin yüksək keyfiyyətli olduğunu, başqa ölkələrdə isteh­sal edilən benzindən üstünlüyü­nü aydın göstərdi. Bu üstünlük nədən ibarət idi? Bakı benzini təyyarəçilərimizə mühərrikin bütün gücündən istifadə etmək imkanı verirdi. Bu isə o deməkdir ki, bizim qırıcı təyyarələrimiz daha sürətlə uçur, bombardmançı təyyarələrimiz daha çox yük qaldıra bilirdi. Başqa amillərlə əlaqələndirilən bu cəhətlər təyyarələrimizin havada üstünlüyü­nü və düşmən üzərində qələbəsini təmin edirdi.

Daha bir əhəmiyyətli məsələni də xatırlatmaq istəyirəm. Qoşun hissələrimizdə bəzi xarici təyyarələr də vardı və əcnəbi firmaların dediyinə görə, guya onların idarə olunması üçün həmin ölkələrin xüsusi benzinindən istifadə edilməli idi. Həqiqətdə isə biz bu təyyarələri işlədərkən öz benzinimizdən istifadə etdik və yaxşı nəticə gördük.

Müharibənin ən çətin vaxtla­rında, hər təyyarə gündə 4-5 dəfə uçuş etməli olanda daim kifayət qədər benzinimizin olması arxanın bizə fədakarlıqla kömək etdiyini və bütün ölkəmizlə birlikdə yorulmaq bilməyən Bakının da döyüşlərdə daim bizimlə olduğunu xatırladır­dı. Bakının verdiyi yanacaq hərbi əməliyyatlarda qələbəmizi təmin etdi.

Cəbhəçilər bilirdilər ki, müharibənin sərt dövründə or­dunun yüksək texnikasına lazım olan bu qədər benzini vermək asan bir iş deyildir. Müharibə vaxtı elə günlər olmuşdu ki, düşmən bilavasitə Qafqazı və Bakını hədələyirdi. Hətta belə vaxtlarda da təyyarələrimiz ya­nacaqdan korluq çəkmirdi. Neft mədənlərinin və neftayırma zavod­larının fəhlələri Vətənimizin xeyri naminə fədakarlıqla çalışırdılar. Təyyarəçilər və təyyarə meydanla­rına xidmət edən hissələrin texnik, döyüşçü və komandirləri dərk edirdilər ki, benzinin hər damlası fəhlə əməyinin nəticəsidir. Ona görə də benzini qənaətlə işlədir, ehtiyatla daşıyır və qoruyurdular.

Təyyarəçilərimiz döyüş uçuşları və təlim vaxtı da benzin kimi bahalı hərbi məhsulu qənaətlə işlətməyə çalışırdılar. Bir uçuş istənilən nəticəni verməyəndə təyyarəçinin dostları ona deyirdilər ki, əbəs yerə yanacaq sərf etdin. Bu sözlər təyyarəçi üçün böyük məzəmmət idi.

Müharibə ərəfəsində yanacaq məsələsi çox mühüm yer tuturdu. Hitler Almaniyası dünyanın hər yerindən yanacaq alıb yığırdı. Son­ra bütün Qərbi Avropa ölkələrinin neft sərvətlərini, neftayırma zavod­larını və neft ehtiyatlarını ələ keçir­mişdi. Lakin bütün bunlar zəhmli faşist dövlətini məhv olmaqdan qurtara bilmədi. Müharibənin hələ ilk iki ilindən sonra Almaniyada yanacaq çatışmazlığı başlanmışdı. Biz geri çəkilən alman qoşunlarını təqib edərkən Ukrayna və Polşanın təyyarə meydanlarında çox vaxt tamamilə saz təyyarələr ələ keçi­rirdik, bunlar yanacaq olmaması nəticəsində qalmışdı.

Almanlar özlərinin süni benzini ilə lovğalanırdılar. Ümumiyyətlə, az olmaqdan əlavə, bu benzinin bir çox texniki nöqsanı var idi. Tərkibində benzol çox olduğuna görə, qışda və hətta yayda da təyyarə çox hündürə qalxanda süni benzin büllurlaşır. Bu da alman təyyarələrinin əməliyyatını məhdudlaşdırırdı.

SSRİ-nin neft sənayesi tarixdə misli görünməmiş ən yeni silahlar­la təchiz olunan sovet ordusunu dördillik müharibə ərzində cürbəcür əla yanacaq və yağlarla təmin etdi.

Hazırda Vətənimizdən uzaqda olan təyyarəçi, texnik, döyüşçü və komandirlərimiz öz hissələrinin döyüş bacarığını artırmaqda davam edirlər. Onlar sizə, günəşli Azərbaycanın zəhmətkeşlərinə Elba və Dunay sahillərindən salam göndərərək, səmimi təşəkkürlərini bildirirlər...

9 May 2020 20:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə