Ən son xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə verib. Dövlətimizin başçısının dilindən səslənən dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri, o cümlədən alim və ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Arif Məhidov bu barədə dedi:
–Müsahibəni dərin maraqla izlədim. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, Azərbaycan–Rusiya xalqları arasında dostluq tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmışdır. Azərbaycan xalqı Böyük Vətən müharibəsində böyük rus xalqı və başqa xalqlar ilə bərabər qeyri-adi şücaətlər və fədakarlıqlar göstərmişdir. Bu gün də dövlətlərimiz və xalqlarımız qarşılıqlı inam, dostluq və əməkdaşlıq şəraitində yaşayıb yaradırlar.
Dövlət başçımız pandemiya ilə mübarizə mövzusuna da geniş toxundu. Bildirdi ki, əhalinin hər milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Ölkəmizdə 160 mindən çox test keçirilib. Bu, xəstəliyin yayılma ocaqlarının, o cümlədən regional baxımdan aşkar olunmasına kömək edir.
Yeri gəlmişkən, bu il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtda modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər. Fəxrlə qeyd etmək lazımdır ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3 min kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Bundan başqa, ölkəmizin müxtəlif bölgələrində daha doqquz belə xəstəxananın tikintisi nəzərdə tutulur.
Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə